Şənbə , Yanvar 29 2022
Ana səhifə / Aktual / Ülviyyə Əlizadə ilə ortaqları arasında Avropanın ən iri yaxta tərsanəsi uğrunda qanlı çəkişmə

Ülviyyə Əlizadə ilə ortaqları arasında Avropanın ən iri yaxta tərsanəsi uğrunda qanlı çəkişmə

Türkiyənin Muğla vilayətinin Marmaris bölgəsində yerləşən və Avropanın ən iri gəmi tərsanəsi hesab edilən “DSV Yatçılık” şirkətinin ortaqları arasında qanlı çəkişmələr yaşanır. virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, bu şirkətin ortaqlarından biri azərbaycanlı biznesvumen Ülviyyə Əlizadədir (digər adı Hülya Əlizadə Kuçerukdur). O, ortaqlarını şirkəti tamamilə ələ keçirmək cəhdlərində ittiham edir. Tərəflər arasında çəkişmə bir neçə dəfə bıçaqlı, dəyənəkli davalarla müşaiyət olunub.

Azərbaycanlı biznesvumen Ülviyyə Əlizadə, yaxud Hülya Əlizadə Kuçeruk. O, 2005-ci ildə Marmarisdə Türkiyənin və Avropanın ən iri tərsanəsini qurub. Kimin kapitalı hesabına, məlum deyil… Ki

Yaxtaçılıq sektorunun aparıcı şirkətlərindən olan DSV 2005-ci ildə Marmarisdən 56 kilometr aralıdakı Bozburun Məhəlləsində Avropanın ən iri tərsanələrindən birini qurub. Hülya Əlizadə bu şirkətin qurucu ortağı və baş direktorudur. Şirkət xarici kapitalla qurulub və müxtəlif ölçülü lüks yaxtaların tikintisi ilə məşğul olur. 2014-cü ildə DSV ‘Dream Symphony’ adlı dünyanın ən böyük yelkənli yaxtasının tikintisi üçün sifariş alıb. Sifarişin həcmi 300 milyon avrodur.

Şirkət Nəqliyyat Nazirliyi qarşısında götürülmüş öhdəliklərinə uyğun olaraq tərsanə sahəsinin genişləndirilməsi üçün əlavə investisiyalar yatırmalı idi və inşaat işlərini tamamlamaq üçün 4 il əvvəl bölgənin aparıcı inşaat şirkətlərindən olan “Marmaris Yapı İnşaat Turizm Limited” şirkəti ilə investisiya ortaqlığı qurub. Və o vaxtdan bəri Hülya Əlizadənin problemləri başlayıb.

DSV tərsanəsi

H.Əlizadə iddia edir ki, ortaqlıq qurduğu şirkət inşaat işlərini vaxtında tamamlamadığı üçün aralarında anlaşılmazlıq yaranıb. O, ortağına təklif edib ki, səhmlərini qaytarsın və gəlir payını götürərək ortaqlıqdan çəkilsin. Lakin “Marmaris Yapı İnşaat Turizm Limited” şirkətinin sahibləri bununla razılaşmayıblar və yatırılan investisiyanın əvəzində şirkətin nəzarət səhm paketini əldə etmək istəyiblər. Bu məqsədlə məhkəmə iddiası qaldırıblar.

“Mən şirkətin mükafat aldığı mərasimə qatılmaq üçün İtaliyada olduğu vaxtda həmin şirkətin iddiası əsasında məhkəmə şirkətimizə 3 nəfərdən ibarət müvəqqəti idarəçi (qəyyum) təyin edib. Amma daha sonra qərar dəyişdirildi və mənim vəzifəmə davam etməyim qərara alındı”, – H.Əlizadə bildirir.

Dünyanın ən böyük yelkənli yaxtası, 141 metrlik “Dream Symphony”. Onu Ülviyyə Əlizadənin tərsanəsində inşa edirlər…

Daha sonra Hülya Əlizadə şirkətdəki səhmlərini başqa şəxsə satıb, amma həmin investorun nümayəndəsi “Marmaris Yapı İnşaat” nümayəndələri tərəfindən şirkətə buraxılmayıb. Lakin Hülya Əlizadənin ortağı Arzu Kayaoğulları (“Marmaris Yapı”nın səhmdarı) bildirir ki, ortaqlıq anlaşmasına əsasən şirkətlə bağlı bütün sənədləşmələr, səhm alqı-satqısı ancaq hər iki tərəfin imzası ilə mümkün ola bilərdi. Bu baxımdan Əlizadənin öz payını başqa şəxsə satması müqavilənin pozulmasıdır.

Yelkənli yaxtanın tikintisi 

Hülya Əlizadə isə deyir ki, “Marmaris Yapı İnşaat” şirkətinin onun şirkətinə təyin etdiyi nümayəndə tərəfindən təhqir olunub, fiziki hücuma məruz qalıb.

“4 ildir sərmayə öhdəliyini yerinə yetirmədiyimi iddia edirlər. Amma bu qadın nəyi ödəmədi deyə soruşanda cavab vermirlər. 2005-ci ildən bəri bütün fəaliyyətim şəffaf olduğu halda, ailəmlə burada yaşadığım halda çirkli pulların yuyulması iddiası ilə böhtana məruz qalmışam. Oktyabrın 1-dən bu yana şirkətə əllləri zopalı, silahlı, bıçaqlı insanlar gəlib-gedir, amma heç bir tədbir görülmür, araşdırma aparılmır”, – azərbaycanlı biznesvumen bildirir.

Ortaqlar arasında çəkişmə zamanı bu ilin iyul ayında “Marmaris Yapı İnşaat”ın adamları “DSV Yatçılık” şirkətinin ofisində ortaqlardan ukraynalı Valeri Stepanenko (Hülya Əlizadə səhmlərini ona satıb) otağına basqın ediblər, qapını sındırmağa çalışıblar. Tərəflər arasında yaranan qarşıdurmaya jandarma müdaxilə edib. 

Oktyabrın əvvəllərində isə “Marmaris Yapı İnşaat”ın nümayəndələri qeydiyyatsız yaxtanın olub-olmadığını yoxlamaq üçün tərsanəyə baş çəkəndə “DSV Yatçılık” şirkətinin mühafizəçiləri tərəfindən döyülüb, bıçaqlanıblar. Bu zaman 4 nəfərin yaralandığı bildirilir. Qarşıdurmaya yenə jandarma müdaxilə edib. Tərəflər arasında şirkətə nəzarət uğrunda çəkişmə davam edir, hər iki tərəf bir-birinə qarşı məhkəmə iddiaları qaldırıblar.

Həmçinin oxuyun

Prokurorluq məktəb direktorunun müəllimədən rüşvət tələb etməsi barədə səs yazısını araşdırır -(YENİLƏNİB)

Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın sosial şəbəkələrdə yayılan səs …