Şənbə , Avqust 13 2022
Ana səhifə / Aktual / Ukraynanı bərpa edənlər Azərbaycanın dağıdılan bölgələrini niyə unudur? – Komitə sədri

Ukraynanı bərpa edənlər Azərbaycanın dağıdılan bölgələrini niyə unudur? – Komitə sədri

Beynəlxalq hüquqda və münasibətlərdə Azərbaycana olan ikili standartlar hər zaman özünü göstərib. 30 il ərzində Ermənistan və Azərbaycana olan münasibəti hər kəs gördü. Bu üç on illikdə Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğalda saxladı. Amma nə ATƏT-in Minsk Qrupu Ermənistanı işğalçı adlandırdı, nə BMT, nə də ki digər beynəlxalq təşkilatlar bu faktla bağlı konkret mövqe ortaya qoydu. İşğal faktına görə Ermənistana heç bir sanksiya tətbiq edilmədi. DİA.AZ xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədrinə görə, ölü bir quruma çevrilmiş Minsk Qrupu sadəcə olaraq 30 ilə yaxın status-kvonu qoruyub saxlamağa çalışıb: “Hətta özləri də açıqlama yayırdılar ki, status-kvo qəbuledilməzdir. Amma nəticədə məlum oldu ki, onlar bu durumun qalmasında maraqlı olub. Ona görə də, bu gün Azərbaycan öz gücünə azad etdiyi ərazilərdə bərpa-quruculuq prosesini reallaşdırır. Təəccüblüsü isə odur ki, Avropa İttifaqı II Qarabağ müharibəsindən sonra Ermənistana 2,5 milyard dollar həcmində maliyyə yardımı ayırıb. Ərazisi Ermənistan tərəfindən dağıdılan, viranəyə çevrilən Azərbaycan olduğu halda qarşı tərəfə belə bir yardım edilir. Sözsüz ki, bu, açıq şəkildə ikili standartların təzahürüdür”.

Millət vəkili hesab edir ki, bu gün Ukraynada müharibənin davam etməsi fonunda bir sıra dövlət və beynəlxalq təşkilatların onun dağıdılan şəhərlərinin bərpası istiqamətdə öhdəlik götürməsi normal haldır: “Amma 30 ilə yaxın 9 şəhəri viran edilmiş, Ermənistan tərəfindən bütün maddı-mənəvi, mədəni abidələri, dini, tarixi dəyərləri, ekoloji aurası pozulmuş Azərbaycana eyni yanaşma müşahidə edilmir. Çox təəssüf ki, bu cür yanaşmalar müasir dövrdə də özünü daha qabarıq şəkildə göstərir. Dünyada bu cür yanaşmaların olması beynəlxalq hüququn prinsip və normalarının pozulması deməkdir. Biz bunu Qarabağ müharibəsi, ondan əvvəlki və sonrakı dövrdə də müşahidə etmişik. Amma bütün bunların müqabilində Azərbaycan dövləti hər zaman beynəlxalq hüquqa sadiq olub. Ölkəmiz bundan sonra da beynəlxalq hüququn prinsiplərinə riayət edəcək”.
 

Həmçinin oxuyun

Orxan Mürsəlovun kuratoru olduğu rayonlarda DTX-nin həbs etdiyi məmurlar – SİYAHI

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Orxan Mürsəlov Gədəbəy rayonunun icra …