Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi hansı səviyyəyə qədər yüksəlməlidir? + VİDEO

Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi hansı səviyyəyə qədər yüksəlməlidir? + VİDEO

Son günlər Ermənistanın ən yüksək vəzifəli şəxslərindən tutmuş ayrı-ayrı siyasi şərhçilərinə qədər az qala bütün elitası getdikcə sıxlaşan və güclənən Türkiyə-Azərbaycan müttəfiqliyindən qorxuya düşdüklərini biruzə verməyə başlayıblar. Hətta Ermənistan prezidenti Armen Sarkisyan bu müttəfiqlikdən qorxusunu izah edərkən, 1905-ci il qondarma erməni soyqırımını xatırladıb.

Ermənilərin bu təşvişi başa düşüləndir. 30 ilə yaxındır tam cəzasızlıq mühiti, beynəlxalq hüququn iflic olması və himayəçisi Rusiyanın isti qucağı işğalçını o qədər arxayın salıb ki, günü-gündən, ildən-ilə nəinki danışıqlarda hansısa güzəştlərə gedilməsi, torpaqların qaytarılması haqqında düşünüblər, hətta harınlamış bəyanatlar verməkdən, meydan oxumaqdan çəkinməyiblər. Və bütün bu proses sonda ümumiyyətlə danışıqların dayandırılması, tam dondurulması ilə nəticələnib.

Bu da azmış kimi, ermənilərin hərbi ritorikası daha da kəskinləşib. Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyanın “Gəlin, danışıqlar mövzusunu müzakirə etmək əvəzinə realist olaq və müharibəyə hazırlaşaq” bəyanatı isə birmənalı şəkildə erməni tərəfinin Minsk Qrupu başda olmaqla, heç kimlə hesablaşmadığını, təkcə Azərbaycana deyil, bütün beynəlxalq qurumlara və qanunlara meydan oxuduğunu göstərdi.

Belədə Azərbaycanın uzun illərdir əksər realist siyasi şərhçilərin və mütəxəssislərin dediyi kimi, müharibədən, torpaqları hərbi yolla azad etməkdən başqa çıxış yolu qalmır. Lakin ortada Rusiya amilinin olması bu işi həyata keçirməyə əlbəttə ki, böyük əngəl törədir. Deməli, Azərbaycanın Rusiyanın təsirini neytrallaşdırmağa, ən azından minimuma endirilməsinə nail olmağa ehtiyacı var. Bununsa hazırkı reallıqlar çərçivəsində yeganə yolunun Azərbaycan-Türkiyə strateji müttəfiqliyi olduğu şübhə doğurmur.

Xüsusilə qardaş ölkəylə hərbi müttəfiqliyin genişlənməsi olduqca vacibdir. Bu istiqamətdə atılan addımlar və göstərilən qətiyyət Naxçıvan Muxtar Respublikasının ərazisində keçirilən birgə hərbi təlimlər kimi mühüm hadisə ilə öz yeni təsdiqini tapdı. İyul-avqust aylarındakı irimiqyaslı Azərbaycan-Türkiyə hərbi təlimləri kimi ikitərəfli strateji əməkdaşlığın son Naxçıvan təcrübəsi də Bakı və Ankaranın Cənubi Qafqaz bölgəsində vahid mövqedən çıxış etməsini nümayiş etdirdi.

Gözlənildiyi kimi, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Ermənistanı lərzəyə salaraq bu təcavüzkarın bölgədə manevr etmək imkanlarının xeyli məhdudlaşmasına səbəb olub. Dağlıq Qarabağ probleminə dair danışıqlar prosesinin dərin böhran keçirdiyi zaman bu müttəfiqliyin olduqca qabarıq şəkildə özünü büruzə verməsi münaqişənin təkcə hərbi deyil, həm də mümkün sülh yolu ilə tənzimlənməsinə güclü təsir göstərəcəyi şübhə doğurmur.

Son hadisələr həmçinin bir daha göstərdi ki, Türkiyə Azərbaycanın yeganə strateji müttəfiqidir. Bu baxımdan, Türkiyə ilə birgə hərbi təlimlər bir neçə səbəbdən Azərbaycan üçün vacibdir. Azərbaycan ordusu Türkiyə ordusu ilə birgə təlimlər vasitəsilə NATO standartlarına yiyələnir.

Digər tərəfdən, Rusiya hərbi baxımdan Ermənistanı müdafiə edirsə, Türkiyə də Azərbaycanı müdafiə etdiyini məhz təlimlər vasitəsilə sübuta yetirir. Rusiya-Ermənistan birgə hərbi təlimlərinə cavab olan Türkiyə-Azərbaycan birgə hərbi təlimləri gələcəkdə Rusiya-Ermənistan hərbi ittifaqına qarşı Türkiyə-Azərbaycan hərbi ittifaqının yaranmasını da şərtləndirə bilər. Rusiya isə Türkiyənin hərbi gücünü artıq Yaxın Şərqdə “dadıb”. 

Bir amili də qeyd etməliyik ki, Türkiyə ordusu terrorçu PKK ilə mübarizədə böyük təcrübəyə malikdir və terrorçularla döyüşlərin əsas hissəsi dağlarda baş verir. Dağlıq Qarabağ və işğal altındakı Azərbaycan rayonları da dağlıq bölgələrdə yerləşir. Bu baxımdan Türkiyə ordusunun dağ döyüş təcrübəsini öyrənmək Azərbaycan ordusu üçün mühüm əhəmiyyət kəsb edir.

Bununla yanaşı, Rusiya-Ermənistan hərbi ittifaqının statusu Türkiyə-Azərbaycan hərbi ittifaqının statusundan yüksəkdir. Çünki Rusiyanın Ermənistanda hərbi bazaları var və İrəvanla hərbi müttəfiqlik haqqında sazişi mövcuddur. Deməli, hansı formadasa Azərbaycanla Türkiyənin hərbi ittifaqını Rusiya-Ermənistan hərbi ittifaqının səviyyəsinə qaldırmağa ehtiyac var.

Elə Rusiya və Ermənistanın ən çox qorxub çəkindiyi də budur. Rusiyanın Müdafiə nazirinin, onun müavininin Bakıya tez-tələsik səfəri, Ermənistan prezidentinin son açıqlamaları və s. məhz bu qorxunun təzahürü sayıla bilər. Lakin Azərbaycan tərəfi bu məsələdə qətiyyət göstərməkdədir. Ölkə başçısının Yunanıstanın yeni səfiri ilə görüş zamanı ortaya qoyduğu mövqe də bunu təsdiqləyir. Azərbaycanın Rusiyanın patronajlığı ilə keçirilən Qafqaz-2020” hərbi təlimlərində iştirakdan imtinasını da buna əlavə etmək olar. Və belə görünür ki, Azərbaycana hərbi yoldan başqa çıxış yolu qoymayan Ermənistan və onun havadarı yaxın müddətdə qarşısında artıq sözün əsl mənasında Türkiyə-Azərbaycan hərbi müttəfiqliyini görəcək.

AzPolitika.info

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …