Cümə axşamı , May 23 2019
Ana səhifə / Aktual / Türkiyədə Heydər Əliyevin 95-ci ildönümü geniş qeyd olunur – Video + Fotolar

Türkiyədə Heydər Əliyevin 95-ci ildönümü geniş qeyd olunur – Video + Fotolar

Türkiyədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü geniş qeyd olunub. Bu çərçivədə qardaş ölkənin Mersin vilayətində Xətai rayonu və yerli hakimiyyət orqanlarının birgə təşkilatçığı ilə silsilə tədbirlər keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində Mersin Valisi Əli İhsan Su ilə də görüş keçirildi. Yerli hakimiyyət orqanlarının rəhbərlərinə tədbirlər üçün xüsusi olaraq hazırlanan hədiyyələr təqdim edilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Tarsus Bələdiyyəsinin sədri Şevket Can və Mersin bələdiyyəsinin sədri Burhanəddin Kocamazla da görüşlər keçiriblər.

Görüşlərdə Xətai rayonu ilə Mersin və Tarsus arasındakı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.

Bundan başqa, Xətai nümayəndə heyəti Tarsus şəhərində Ulu Öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə ilə Heydər Əliyev parkında keçirilən anım tədbirində iştirak edib.

2007-ci ildə Xətai rayonu ilə qardaşlaşmış şəhər elan edilən Mersinin Tarsus şəhərindəki Heydər Əliyev Parkı yerli sakinlər, eləcə də şəhərin qonaqlarının ən sevimli istirahət mərkəzlərindən biridir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümləri ilə bağlı tədbirlərin bu parkda keçirilməsi isə son illərin xoş ənənəsinə çevrilib.

Tədbirdə Mersin və Tarsusun hakimiyyət orqanlarının rəhbərləri, Azərbaycan nümayəndə heyətinin üzvləri, yerli ictimaiyyətin nümayəndələri, ziyalılar iştirak ediblər. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyev və iki ölkənin şəhidlərinin xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan və Türkiyənin dövlət himnləri səslənib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı ömür yolu və zəngin siyasi fəaliyyətini əks etdirən film böyük maraqla izlənib.

Daha sonra çıxış edən Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin gücləndirilməsi, dövlət quruculuğu, eləcə də qardaş Türkiyə ilə münasibətlərinin inkişafındakı misilsiz xidmətlərindən danışıb.

Tarsus Bələdiyyəsinin sədri Şevket Can, Milli Məclisin üzvü Hüseynbala Mirələmov, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim və digər natiqlər qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyev adını tarixin qızıl səhifəsinə yazdıran dahi şəxsiyyətlərdən biridir. Mersin Bələdiyyəsinin sədri Burhanəddin Kocamaz, Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Yerli məktəblilər Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən rəqslər ifa ediblər.Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin parkda ucaldılmış heykəli önünə tər çiçəklər düzüblər. Daha sonra qonaqlar dahi şəxsiyyətin adını daşıyan parkı gəzərək, 2.5 hektar ərazini əhatə edən parkın ətrafında aparılan abadlıq işləri ilə tanış olublar.

Səfər çərçivəsində Xətai rayonundakı “Zəkalar liseyi” ilə qardaşlaşmış məktəb olan Tarsusdakı Kampus Okullarında da tədbir keçirilib.

Məktəbdəki Hedər Əliyev salonunda təşkil edilən toplantıda çıxış edən Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov, Millət vəkili Hüseynbala Mirələmov, Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Bürhanəttin Kocamaz,  məktəbin direktoru Ender Portakal və digər natiqlər Heydər Əliyevin Azərbaycan xalqının tarixindəki müstəsna yeri, dahi şəxsiyyətin zəngin irsinin gənc nəsillərə çatdırılmasının əhəmiyyəti haqqında danışıblar.

Tədbir məktəblilərin ifasında Azərbaycan mahnılarının səslənməsi ilə yekunlaşıb.

Qeyd edək ki, Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı Mersin və Tarsusda keçirilən tədbirlər yerli televiziya tərəfindən canlı olaraq yayımlanıb. Qəzetlər mövzu ilə bağlı materiallara geniş yer ayırıblar.





















Həmçinin oxuyun

Şagirdlər Ramazana fleşmob həsr etdi- “Biz Allahı sevirik!”-FOTOLAR

Məktəblilər Ramazan ayının şərəfinə qeyri-adi fleş-mob təşkil edib.  Moderator.az “Çeşenistan bu gün” nəşrinə istinadla xəbər verir …