Şənbə , İyul 20 2019
Ana səhifə / Aktual / Türkiyə vətəndaşı Azərbaycanda əmək haqqını ala bilmir – şikayət

Türkiyə vətəndaşı Azərbaycanda əmək haqqını ala bilmir – şikayət

Mehmet Çalışır: ””Üstay” şirkəti mənə çatacaq əmək haqqını vermir”

Türkiyənin Hatay vilayətinin sakini Mehmet Çalışır hazırda işsizdir. O, Sumqayıtda fəaliyyət göstərən “Üstay” şirkətindən şikayətçidir. Deyir ki, şirkət əmək haqqını mənimsəyib.

“11 ildir Azərbaycanda yaşayıram, azərbaycanlı xanımla evliyəm və 3 qız övladım var. Hazırda kirayədə yaşayıram, işsizəm. Xatırladım ki, mən ”Üstay Yapı Taahhüt və Ticarət Anonim” şirkətinin Sumqayıtda fəaliyyət göstərən filialına Şevqet Yıldız adlı soydaş tərəfindən dəvət edilmişəm. “Üstay” şirkəti Technip FMC tərəfindən götürülən, “Azərikimya” İB-nin Etilen-polietilen zavodu üçün “EP-300″ layihəsi çərçivəsində görüləcək tikinti işlərinin tenderini qazanıb, boru xətti çəkmək və onları boyamaq işlərini həyata keçirir. Bu layihənin rəhbəri isə Musa Kırıcı olub. ”Üstay”a dəvət edəndə mənə minimum 1500-2000 manat arası maaş vəd etdi. Amma sonradan aydın oldu ki, məni aldadıblar. Belə ki, reallıqda ilk vaxtlar mənə 700, son iki ayda isə cəmi 800 manat maaş verilib”.

M.Çalışır redaksiyamıza ünvanladığı məktubda həyat yoldaşının ağır şəkər xəstəsi olduğunu, hər gün insulindən istifadə etdiyini diqqətə çatdırır: “Üstəlik, bir böyrəyi sıradan çıxır, verilən maaş onun müalicəsinə, evin xərclərini ödəməyə çatmır. Halbuki  Türkiyə qanunları ilə mən işçi kimi ”vizion” qrupunda olduğumdan 1600 avrodan aşağı maaş ala bilməzdim. Yəni “Üstay” şirkətinin Sumqayıtdakı layihə rəhbərliyi bunu bildikləri halda mənim haqqımı yeyiblər və hüquqlarımı tapdalayıblar”.

Bildirir ki, onun kimi türk işçi statusunda olanlara və yerli fəhlələrə də qat-qat çox maaş veriblər:

“Mənim kimi ”Üstay”da Azərbaycan vətəndaşı olan xanımlarla evli olan 6 türk vətəndaşı da var idi ki, onlara məndən fərqli olaraq yüksək maaş veriblər. Burada eyni işdə işləyən azərbaycanlı işçilər, qaynaqçılar, boyaçılar saatı 7 manata işlədikləri halda mənə onlardan da az əmək haqqı veriblər. Üstəlik, məni stabil saat hesablı maaşla işlətdikləri halda iş saatından əlavə işlədiyimiz saatlara görə əlavə pul yazılmayıb.

Halbuki əlavə iş saatlarına görə mənə stabil maaşdan – 800 manatdan əlavə 500 manat pul verilməli idi. Mən artıq 6 saat iş saatımdan sonra əlavə işləyirdim. Buna görə mənə 1 qəpik də pul yazmırdılar. İdarə rəhbərinin əlinin altında 6 nəfər saat hesabı əmək haqqı ilə işləyən işçilər olurdu. Üstəlik, mənim kimi işçilərin əksəriyyəti qanunsuz olaraq əmək müqaviləsiz işlədilib”.

Mehmet Çalışır qeyd edir ki, “Üstay” şirkəti onun şikayətinə ədalətlə yanaşmır: “Mənim maddi vəziyyətim get-gedə daha da acınacaqlı duruma düşür.  Çox çətin vəziyyətdə, ailəmi çox çətinliklə dolandırmağa çalışdığım, heç bir yerdən gəlirim olmadığı halda, öz haqqımı tələb etdiyimə görə məni şou yaratmaqda ittiham etmək çox böyük haqsızlıqdır. ”Üstay” şirkəti tərəfindən yeyilən  əmək haqqımın təmin olunması üçün mənə yardımçı olmağınızı xahiş edirəm”.

“Üstay” rəsmilərinin mövqeyini öyrənmək üçün şirkətin saytında Bakı nümayəndəliyinin  + 99 412 310 02 05 + 994 50 295 12 72 telefon nömrələrinə israrlı zənglərimiz cavabsız qaldı. Bununla belə, şirkət rəsmilərinin mövqeyini dinləməyə, qəzetdə dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilmişdir

Nəsimi rayon İcra Hakimiyyətində  Milli Mətbuatın 144  illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi …