Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Türkiyə-İŞİD müttəfiqliyi

Türkiyə-İŞİD müttəfiqliyi

Bu günlərdə Türkiyə mətbuatı Suriya ilə sərhədi keçməyə hazırlaşan 40-dan çox potensial terrorçunun saxlanıldığı xəbərini yaydı. “İslam Dövləti”nə (İŞİD) qoşulmaq üçün yollananlar tam bir beynəlmiləl idi, aralarında bir azərbaycanlı da vardı. Sonuncusu artıq Bakıya ekstradisiya olunub.

Suriya və İraqa döyüşmək üçün gedənlərin tranzit ölkə kimi Türkiyədən yararlandıqları çoxdan “Polişinel sirri”dir. Avropadan “cihad”a qoşulmaq üçün gedən 12 mindən çox terrorçu da, Azərbaycan və Şimali Qafqazdan yola düşənlər də məhz bu marşrutu seçirlər. Onları sərhəddə hazır adamlar gözləyir və sərhədçilərin görməzliyi fonunda müharibə zonasına keçirir.

Yaxud İraq hökuməti dəfələrlə bəyan edib ki, İŞİD üçün silah və ərzaq daşıyan bir neçə təyyarəyə atəş açmağa məcbur olublar. Və sual doğur: həmin təyyarələr hansı dövlətin hava fəzasından keçib gəlirlər? Cavab aydındır: Türkiyənin.

İŞİD-in ixtiyarında 2 milyarddan çox dolların cəmləndiyi söylənilir. Bu məbləğin bir hissəsi Mosulun işğalı zamanı bankdan ələ keçirilib, başqa bir hissəsi neft alverindən gəlir. Ancaq xərclər də böyükdür. Hər ay əməliyyat xərclərinin 20 milyon dolları ötdüyü fərz olunur, üstəlik, terror qruplaşması öz terrorçularına yüksək məvacib verir. Ümumi məbləğin hansısa hissəsi xaricdən göndərilir.

Və yenə də sual doğur: ianələr terrorçuların paytaxt elan etdikləri Rakka şəhərinə necə gəlib çatır?

Əlbəttə, burada çeşidli fərziyyələr var. Məsələn, ərəb mətbuatının yazdığına görə, nisbətən aşağı məbləği (2000 dollara qədər) Avropanın istənilən şəhərindən nəqd halda Suriyaya göndərmək çətin deyil, ancaq yuxarı məbləğlər üçün Türkiyə banklarına və onların Avropadakı filiallarına müraciət etmək lazımdır.

Başqa bir məsələ: terrorçular nəzarətlərində olan ərazilərdəki əhalini ərzaq və dərmanlarla necə təmin edə bilirlər? Burada da cavab aydındır: hər gün Türkiyə sərhədçilərinin gözləri qarşısında yük maşınlarının böyük karvanları sərhədi keçərək terrorçulara yardıma tələsirlər.

Bir sözlə, paradoksal situasiya yaranır: NATO koalisiyasının islamçılarla müharibə apardığı bir vaxtda NATO üzvü olan Türkiyənin hakimiyyəti əlindən gələni edir ki, terrorçular canlı qüvvəsiz, ərzaqsız, maliyyəsiz, dərmansız qalmasın.

Türkiyə hökumətinin XXI əsr barbarlarının törətdikləri genosidə ortaqlığı və dəstəyinin mənəvi dəyərləndirilməsini hələ kənara qoyaq – siyasət çoxdan öz etik komponentini ötən əsrin dolanbaclarında salıb itirib. Sırf praqmatik izahlar axtarmağa çalışaq: İraq və Suriyadakı vəhşilərin qanlı vakxanaliyasına dəstək olmaqda Ərdoğan iqtidarı hansı faydanı və niyyəti güdür? Və yanılmır ki?

Axı dünya heç vaxt olmadığı qədər şoulaşdırılan və reklam olunan orta əsr vəhşətləri ilə üz-üzədir. İstənilən normal insan isə qəsdən “şüşədən buraxılmış cinlər”in yenidən ram edilməsinə çalışmalıdır.

Ancaq yox, Türkiyə hakimiyyəti hətta kürdlərin Stalinqradla analogiya apararaq Kobaniqrad adlandırdığı sərhəd şəhərinin çökməsinə belə pis baxmırdı, əksinə. Türkiyə hakimiyyətinin Suriya və İraqdakı qırğınları qızışdırmaqda oynadığı roldan isə indiyədək çoxları danışıb – Bəşər Əsəddən və Türkiyə müxalifətindən başlamış Qərb siyasətçilərinə qədər.

Mövcud mənzərə ilk baxışda məntiqdən məhrum kimi görünür, ancaq diqqətlə nəzər saldıqda izah tapmaq mümkündür. Məsələn, ərəblərin “Asharq Al Awsay” qəzeti özünün 10 mart tarixli “Ərdoğanın təhlükəli oyunu” adlı yazısında bir neçə ehtimalı önə çəkir. Onların üzərində dayanaq.

Qəzetin yazdığına görə, Türkiyə prezidenti əmindir ki, Barak Obama İŞİD-ə qarşı mübarizəyə qeyri-ciddi yanaşır. Necə deyərlər, Qərb öz yaratdığını məhv etmək niyyətində deyil (“əl-Qaidə” və “Taliban” kimi İŞİD-in də ABŞ-ın iştirakı ilə yaranması gündən-günə daha az adamda şübhə yaratmaqdadır).

Beləliklə, Ərdoğanın fikrincə, hazırkı strategiya İranın İraqda, Suriyada və Livanda möhkəmlənməsi ilə nəticələnir, habelə Obamanın siyasəti Türkiyə ilə Suriyanın sərhədində kürd dövlətinin yaranmasına aparıb çıxarır. İranın təsirinə və kürdlərə qarşı isə Ərdoğana İŞİD gərəklidir.

Ərdoğanın fərziyyəsinə görə, Obama Suriyada Bəşər Əsədin hakimiyyətdə qalmasına razılaşa bilər. ABŞ dövlət katibi Kerrinin Əsəd klanı ilə köhnə dostluğu da bu fərziyyəni möhkəmlədir.

İkinci versiyaya görə, Türkiyə prezidenti ABŞ-a həm də ona görə şübhə ilə yanaşır ki, onun fikrincə, Vaşinqton Ankarada hakimiyyət dəyişikliyi hazırlayır, Ərdoğanın yerində isə Fətullah Güləni görür.Sonuncunun Türkiyəyə ekstradisiyasına icazə vermir, üstəlik Gülən Obama administrasiyası ilə daima təmasdadır.

Ərdoğanın bu şübhəsi sadəcə fobiya da ola bilər, ancaq Türkiyənin daxili siyasətində son zamanlar Gülən tərəfdarları ilə mübarizənin ciddiyyət təşkil etməsi də danılmaz faktdır.

Beləliklə, Ankara ilə Rakka arasındakı taktiki alyans qısamüddətli perspektivdə əhəmiyyət daşıya biləcək kimi görünür. Ərdoğan bu müttəfiqliyə müvəqqəti bir alyans kimi baxır – builki seçkilərdə qalib gələcək, İrandakı seçkilərdə indiki Rəfsəncani klanı uduzacaq, ABŞ-da isə Obamanı respublikaçılar əvəzləyəcək və ABŞ-ın növbəti prezidenti Vaşinqtonun indiki dolaşıq xarici siyasətini davam etdirməyəcək.

Bir sözlə, Ərdoğan prinsiplərdən məhrum strategiya seçib. Vaxtilə İŞİD-i yaradanlar da onu nəzarətdə saxlayacaqlarına tam əmin idilər, ancaq reallıq fərqli oldu. Yaxud İŞİD yaxın illərdə məğlub olarsa (bu isə daha realistik variantdır), Türkiyə məğlub tərəfdə qalacaq. O, NATO-dakı müttəfiqlərini itirəcək və bölgədə təcrid vəziyyətinə düşəcək.

Bəşər Əsədi böyük şər sayan Ərdoğanın “İslam Dövləti”ni şər saymamağı bağışlanmaz səhvlərlə nəticələnəcək…

Məmməd Süleymanov

Həmçinin oxuyun

Azərbaycanda aliment ödəməyən müəllim dərs zamanı həbs edildi – VİDEO

Azərbaycan rəsm müəllimi dərs zamanı polis tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. Unikal.org xəbər verir ki, bu …

Bir cavab yazın