Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Toylara dollarla gedən müğənnilər vergiləri hansı valyuta ilə ödəyəcəklər?

Toylara dollarla gedən müğənnilər vergiləri hansı valyuta ilə ödəyəcəklər?

Müğənni Manaf Ağayevin toylara dollarla getməsi barədə açıqlaması bir müddətdir ki, mətbuatın gündəmini zəbt edib.
 
Mətbuata bahalaşma barədə açıqlama verən müğənni bildirib ki, toyların sayı azaldığı üçün artıq qonorarı dollarla tələb edir: “Vəziyyət çox pisdir, toyların sayı azalıb. Heç olmasa əvvəllər toyda 5-3 manat xərcləyirdilər, şabaş olurdu, indi o da yığışdırılıb. Qiyməti qaldırmamışam, əksinə, endirim edirəm. Bir də görürsən, toy yiyəsinin imkanı çatmır, o məbləği verməyə, amma ürəyi istəyir ki, toyunda məni oxutsun. Gedib, istədiyi məbləğə oxuyuram. Mən əvvəldən qiymət oxumurdum, indi heç demirəm. Manat dəyərdən düşüb, alınan qəpik-quruşa nə etmək olar? Buna görə də qonorarı dollarla alıram”.
Deputat Çingiz Qənizadə Milli Məclisin 2017-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələrində çıxış edərkən müğənninin “dollar” açıqlamasından da bəhs edib: “Sovet dövründə alver və möhtəkirlik qadağan olunsa da, həm Kremlin yanında, həm də Bakıda, “Kubinka”da alver gedirdi. Ancaq sonra valyutadəyişmə fəaliyyətinə “yaşıl işıq” yandırıldı və vəziyyət dəyişdi. Valyutadəyişmə məntəqələrinin tez-tələsik ləğv edilməsi ilə bağlı verdiyimiz qərar “qara bazar”ın yaranmasına səbəb oldu. İş o yerə çatıb ki, hətta müğənnilərdən biri deyib ki, “biz toya dollarla gedirik”. Milli valyutamız manatdırsa, niyə dollarla gedirlər? İstənilən halda biz manatın dəyərinin özünə qayıtmasına çalışmalıyıq”.
Bəs toylara dollarla getmək istəyən müğənnilər vergiləri hansı valyuta ilə ödəyəcək?
Musavat.com məsələ ilə bağlı Vergilər Nazirliyinə sorğu göndərib. Saytımızın sorğusuna cavab olaraq, nazirliyin analitik informasiya şöbəsindən bildirilib ki, müğənnilər göstərdikləri xidmətə görə ödənişi yalnız manatla qəbul etməli, vergiləri də yalnız manatla hesablayıb, dövlət büdcəsinə ödəməlidirlər: “Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Vergi Məcəlləsinin 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində vergilər Azərbaycan Respublikasının pul vahidi – manatla hesablanır və ödənilir. Vergi Məcəlləsinin 50-ci maddəsinə əsasən, vergi orqanları valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq, alınıb-satılması və ya dəyişdirilməsinə nəzarəti həyata keçirirlər. Müğənnilər göstərdikləri xidmətə görə ödənişi yalnız manatla qəbul etməli, vergiləri də yalnız manatla hesablayıb, dövlət büdcəsinə ödəməlidirlər. Qanunvericiliyin bu tələbinə əməl olunmasına vergi orqanları tərəfindən nəzarət olunur və qanun pozuntularına yol verən şəxslərə qarşı ciddi tədbirlər görülür”.

Həmçinin oxuyun

Bu gün Türkiyədə Polad Həşimov parkı açılacaq

Bu gün Türkiyənin Bursa vilayətində Polad Həşimov parkının açılışı olacaq. Şəhid generalın xatirəsi Türkiyədə əbədiləşdirilib. …

Bir cavab yazın