Şənbə , Aprel 20 2024
Ana səhifə / “Toyda elə iyrənc şeylər görmüşəm ki…” – Səyyad Əlizadə

“Toyda elə iyrənc şeylər görmüşəm ki…” – Səyyad Əlizadə

Mahnısı 33 ölkə ifaçısı tərəfindən oxunan müğənnimiz Səyyad Əlizadənin son vaxtlar səhhəti haqqında yayılan məlumatlar pərəstişkarlarını kədərləndirirdi. Hətta, müğənninin ölüm xəbərini yayanlar var idi.

Qafqazinfo” olaraq biz də sənətçidən hal-əhval tutmaq üçün elə onunla üz-üzə söhbət etmək qərarına gəldik. Odur ki, “Bəyaz gecələr” Yaradıcılıq Mərkəzinə yollandıq.

Hər zaman efirdən görməyə öyrəşdiyimiz gülərüz siması ilə bizi qarşılayan S. Əlizadə söhbətə başlamazdan əvvəl mərkəzlə tanış etdi.

Məlikməmməd nağılındakı 7 qapı olmasa da, biz də bir neçə qapıdan keçməli olduq.

Sənətçinin dediyinə görə, bu onun əsas həyat ritualıdır. Birinci qapının üstündə “Quran” və üçrəngli bayraq asılıb. Müğənni söyləyir ki, özünün şəxsi təşəbbüsü ilə belə bir addım atıb.

Daha sonra iki qapını keçərək mərkəzə daxil olmaq istədik. İfaçı əliylə qapının üstündəki milli alətləri göstərdi:

“Bura gələn zaman milli musiqi alətimizin altından keçilir, rəmiz mənaları var. Ən qədim alət olan saz divardan asılıb, onların yeri yüksəkdir”.

Otağa daxil olarkən divarda korifey sənətkarların fotoları gözümüzə sataşdı, ancaq fotoların altında həmin sənətkarların kimliyi barədə məlumat verilməmişdi. Əlizadə bu addımın atmaq səsəbini də açıqladı:

“Yuxarıda korifey sənətkarların, içəri otaqda isə şairlərin fotoları asılıb. Şəkillərin altında adları qeyd etməmişəm. 7-dən 77-yə hər kəs onları tanımalıdır. Onların adını yazmaq vacib deyil”.

Müğənni daha sonra 14 ildir ki, fəaliyyət göstərən “Bəyaz gecələr” Yaradıcılıq Mərkəzi barədə bizi məlumatlandırdı:

“Bütün məşqlərimizi, görüşlərimizi burada reallaşdırıq. Bura elə bil ki, ikinci evimdir. 2002-ci ilə mərkəzi yaratdım. Xalqı, milləti çox sevirəm. Bura yadıcılıq mərkəzi olduğunu görə özüməuyğun şərait yaratmışam. Düzdü, tam istədiyim kimi yarada bilməmişəm”

Mərkəzin divarında Azərbaycanın 15-16 əsrə aid xəritəsi gözümüzə sataşdı. Müğənni xəritənin tarixçəsi barədə danışdı:

“Azərbaycanın 15-16-cı ildə sahib olduğu ərazilərdir. İstanbul şəhərində qastrolda idik, Topqapı muzeyində həmin xəritənin kiçik versiyası var idi. Onlardan xahiş etdim ki, xəritənin şəklini çəkib mənə versinlər. Bakıya qayıdandan sonra rəssama müraciət etdim, həmin xəritəni böyük ölçüdə çəkməsini istədim. Xəritə 2002-ci ildən etibarən divarda asılıb”.

Sənətçi bizi öz otağına dəvət edərək müsahibəyə davam etməyi təklif etdi.

“Hüquq-mühafizə orqanlarının açmadığı cinayətləri onlar açır”

– Bir neçə həftədir ki, səhhətinizlə bağlı şayiələr yayılmağa başlayıb. Vəziyyyətinizin ağır olduğunu deyənlər də var.

– Bəzi saytlar məsələni çox şişirtdi. Çaş-baş qalmışam, insanlar bilmədiyi, öyrənmədiyi məlumatı necə yaza bilər? Haqqımda əvvəl də çox şayiələr yayılmışdı. Ölüm xəbərim belə yazılmışdı. Yəqin ki, onlarda vicdan yoxdur. Bu işə zarafat kimi baxırlar. Mənim yaxınlarım, sevənlərim var. Onlara pis təsir edə bilər. Güclü soyuqdəymədən bir həftə xəstəxanada yatdım. El arasında “sətəlcəm” deyirlər. Özümüzə fikir vermirik, elə hərəkət edirik ki, elə bil 20 yaşımız var. Yaş da öz sözünü deyir, cavan deyilik.

Gərək özümüzə diqqət edək. Mən isə özümə baxmadım, soyuqladım. İndi isə minşükür, hər şey yaxşıdır. Ancaq bəzi saytlar xəbərlər yayırlar, kənardan iyrənc görünür. Yalan məlumat yaymaq bir cinayətdir. Bütün sahələrdə olduğu kimi sizin sahədə də qeyri-peşəkarlar var. Onlara jurnalist belə demək istəmirəm. Jurnalistika çox çətin bir peşədir. Filmdə görümşəm, hüquq-mühafizə orqanlarının açmadığı cinayətləri onlar açır. Heyf ki, təsadüfi insanlar bu sahəyə də gəlib. Bütün sahələrdə belə olub.

“Gözükölgəli işim yoxdur ki, məni şantaj etsinlər”

– Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Azərbaycanda “reket” jurnalist fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirir. Artıq bir neçə nəfər saxlanılıb. Siz necə? Şantaj və təhdidlə rastlaşmısız?

– Onlara Allah hidayət versin, düz yola getsinlər. Mədəniyyət işçisiyəm, müğənniyəm və iş adamı deyiləm. Gözükölgəli işim yoxdur ki, məni şantaj etsinlər. Düzdü, müəyyən jurnalistlər olub ki, adımdan istifadə edərək məqalə dərc ediblər. Halbuki, yazıda dərc edilən sözləri mən deməmişəm. Bu da düzgün deyil. Məni heç kəs şantaj etməyib. İnsanlar var ki, məşhurlaşır, pul qazanır və düşünür ki, xalqın ona borcu var.

Sən kimsən axı? Məndə isə fərqlidir. Xalqın mənə hörməti var. Hər kəsə də hörmət edirəm. Məndən kiçik olan şəxslərlə özümü həmyaşıd kimi aparıram. Heç kəsə yuxarıdan aşağı baxmıram, öyünmürəm. Düşünürəm ki, Allah bizə xalqın sevgisini verib, çaşmaq olmaz. Gərək millətə qarşı diqqətli olasan.

– Sevdirmək demişkən, sənətçilərin əksəriyyəti özlərini zorla sevdirməyin tərəfdarıdırlar. Hər gün efirlərə çıxırlar, insanlara özlərini qəbul etdirmək niyyətinə düşürlər…

– Sevmirlər, əksinə onlara qarşı ikrah hissi oyanır. Hər şeyin ifratı fəsad törədir. Efirə çox çıxmaqla insanları bezdirirlər. Hər şey qaydasında olmalıdır.

“Məni intriqaya çəkmək istəyirlər”

– Səyyad bəy, indi xanım və kişi müğənnilər arasında elə bil ki, rəqabət daha çoxalıb. Sizin buna münasibətiniz necədir?

– Musiqi rəbaqət anlayışını başa düşmürəm. İdmançılar arasında rəqabət ola bilər. Mənim subyektiv fikrimdir. Hər müğənninin öz səsi var. Mənim səsim heç kəsdə yoxdur. Məni çox intriqaya çəkmək istəyirlər. Bir cavan oğlan var, adı Nazimdir. Musiqi Cabbar Musayevə məxsus “Keçə bilmədim” adlı mahnı oxumuşam. Təxmini deyim ki, həmin mahnını 93-cü ildə ifa etmişəm.2012-ci ildə Fərid İman adlı aranjimançıya verdim, mahnını yenidən işlədik, oxudum, klip çəkdirdim. Mənə dedilər ki, sənin minusunu bir nəfər oxuyur. İnternetə girdim, ifaya qulaq asdım. Soruşdum ki, kimdir bu? Dedilər ki, Hacı Nazimdir.

Fəridə zəng vurub dedim ki, mənim minusumu ona niyə vermisən? O da cavab verdi ki, oğurlayıb. Dedim ki, necə oğurlayıb? Oxumaq istəyirsə, gedib başqa aranjiman etdirsin. Axı mən musiqiyə xeyli xərc çəkmişəm? Onun tərbiyəsi olsa idi mənə zəng vurardı, icazə alardı. Bu yaxınlarda efirlərin birində mənim iştirakım olmadan müzakirə aparırlar. Aparıcı deyir ki, Səyyad Əlizadə heqemonluq edir.Guya mən qadağan etmişəm. Mən mahnını qadağan etmirəm, deyirəm ki, mənim etdirdiyim arajimanda oxumasın.

Qabiliyyəti çatıb icazə almayıb. Mən ona icazə verməmişəm. Belə insanlar bizim sənətdə var. İnsanın vicdanı olmalıdır. Vicdan təssüf ki, çoxunda yoxdur. Mən heç kəsin əziyyətini yerdə qoymaram. Mən Nazim bəyə demişəm ki, mənim aranjimanımı oxuma, xalq başqa cür çatdırırlar. Siz dediyiniz rəqabət məsələsinə qayıdım, heç kəslə rəqabətə girmirəm. Rəqabətə sərf olunan vaxta heyfim var.

İlham Namiq Kamalın yaradıcılıq gecəsi idi. Deyir ki, mən həmişə işləmişəm. Doğru fikirdir, mən hər zaman başımı aşağı salıb çalışmışam.Kişinin kişiylə apardığı rəqabəti qəbul etmirəm. Yaxşı mahnılar yarat, qoy, musiqilərini sevsinlər. Adım heç vaxt qalmaqallarda hallanmayıb. Kiməsə sözüm varsa, üzbəüz gələndə deyirəm.

– Deyəsən, vicdansız insanlarla çox rastlaşmısız.

– Kaş hamıda vicdan olaydı. O zaman pisliklərin sayı azalardı. İnsan pis hərəkət edən zaman özünü qarşı tərəfin yerinə qoymalıdır. Qəbul edirsənsə, həmin addımı at. Dində isə vicdana inam deyirlər. Heç kimin əziyyətini oğurlamaq olmaz, haramdır.

“Toyda elə iyrənc şeylər görmüşəm ki…”

– Bir az da toy biznesindən danışaq. Məlumdur ki, artıq bu sahədə də monopoliya var. Müəyyən təşkilatçılar olur və toy olan zaman öz ətrafında olan müğənniləri məclisə dəvət edir. Siz belə şeylərlər rastlaşmısız?

– Mən pul barədə heç vaxt düşünməmişəm. Kimsə sənətimi bəyənirsə, toya dəvət edir. Hər şey Allahın qismətidir. Düzdü, toyda elə iyrənc şeylər görmüşəm ki… İnsan pula görə bu cür dona girə bilər? Mənə belə şeylər çatmır. Allah hər kəsin ruzisini yazıb. Təşkilatçılar həmin ruzinin qarşısını kəsə bilməz. Allah hər kəsə iki inək, mənə isə bir inək versin.

“Dedilər ki, Səyyad təzə gitara alıb, onu toya aparaq”

– Müsahibənizin birində toya ilk dəfə müğənni kimi yox, gitara ifaçısı kimi getdiyinizi söyləmişdiz. Sonra nə oldu?

– Deməli, gitara öyrənmişdim, yeni ifa edirdim. 1976-cı il idi, hələ orta məktəbdə oxuyurdum. Dedilər ki, Səyyad təzə gitara alıb, onu toya aparaq. Qadın toyu idi. Rəhmətlik Məmmədbağır Bağırzadə yeni mahnı çıxarmışdı, məndə eşitdiyim mahnını tezcə öyrənirdim. Qadınlar toy müğənnisindən “İstəmir məni” mahnısını oxumağını istədilər. Müğənni bilmədi, söylədim ki, mən bilirəm. O da dedi ki, dur, oxu! Oxudum, qadınlar söylədi ki, müğənni oxumasın, toyda sən mahnı ifa et.

Müğənni tarix müəllimim idi, sevindi ki, şagirdi müğənnilik etməyə başladı. Allahverən müəllimə Allah rəhmət eləsin. Toylara getməyə can atmamışam. Daha sonra instituta girdim, təhsilimi aldım. “Oxu tar”ın laureatı oldum. Süleyman Ələsgərov məni konservatoriyaya dəvət etdi. Bu kitabları öz imzası ilə mənə verdi, dedi ki, mütləq musiqi üzrə təhsil almalısan. Hələ də yadımdadır, 1981-ci ilin dekabr ayı idi.

“Bəyaz gecələr”i 33 ölkə müğənnisi oxuyub”

– Otaqda kassetlərin, disklərin olduğunu görürəm. Özünüzü o vaxtlar kasset satışına görə lider hesab edirsiz?

– “Bəyaz gecələr” kasseti ilk dəfə “Gözlə gələcəyəm” adıyla İstanbulda çıxıb. Daha sonra “Bəyaz gecələr” kimi sevilməyə başladı. Baxın, bu kasseti mənə Suriyadan gətiriblər. Suriyalı ifaçı həmin mahnını ifa edib. Satışı milyonlarla olub. Daha sonra Mətanət İsgəndərli və Mənzurə Musayeva ilə duet kassetlərimiz çox satılmağa başladı. Amma demirəm ki, mən birinci olmuşam. 1993-cü ildə “Bəyaz gecələr” yazılıb, 94-də satışa çıxıb. Mahnı bu günə kimi aktualdır. Gördüyünüz bu diskdə 33 mahnı var. 33 ölkənin nümayəndəsi mahnını ifa edib. Mən həmin ifaçıların hamsını bir arada toplamışam.

– 94-cü ildə kasset İstanbulda işıq üzü gördü. Siz hələ o vaxtlar Türkiyə ilə əməkdaşlıq etməyə başlamısız. İndi isə bizim müğənnilər qonşu ölkəyə getmək üçün can atırlar. Ancaq cəhdləri boşa çıxır.

– Müğənnilər niyə Türkiyə şou-biznesinə can atırlar? Azərbaycan musiqisi çox gözəldir. Dünyada üç xalqın zəngin musiqisi var- hind, ərəb və Azərbaycan. Çalış ki, burda işlər görəsən, zirvədə olasan. Zeynəb Xanlarova Türkiyəyə qatılıb, orada işlər görüb? Bakıda fəaliyyət göstərib, amma Türkiyədə çox yaxşı tanınır. Hər kəsin bir düşüncəsi var.

“Bu, bizim gizli görüşlərimizə işarədir”

– “Bəyaz gecələr” mahnısını xanımınıza həsr etmisiz. Elə deyilmi?

– Çalışıram ki, müraciət etdiyim mövzu yeni olsun. O zaman mahnılar sevilir. Çeynənmiş mövzulardan uzağam. Bizim Qarabağda süd gecələr olur. 300 metr uzaqdan kiminsə gəldiyini görürsən. Mən onu aylı gecə yox, bəyaz gecə adlandırmışam. Yəni, ağ gecə… Çox maraqlı səslənir. İnsanlar üçün də yeni mövzu oldu, həyatdan götürülüb. Uşaqlar həmin mahnıya qulaq asanda düşünürlər ki, nə vaxtsa sevəcəm, sevgilimlə görüşəcəm. Gənclər isə mahnıyla yaşayır, yaşlı nəsil isə keçmişi yada salır.

Hətta, həmin mahnını ermənilər belə ifa edib. Rusiyada uşaqlar mənə zəng vururlar, deyirlər ki, sənin mahnını burda oxuyurlar. O gün isə bir nəfər Pekindən video çəkib, mənə göstərir ki, bax, Çində “Bəyaz gecələr” mahnısını oxuyurlar. 2000 min qonağın qarşısında özbək müğənni “Bəyaz gecələr”i oxudu. Deyir ki, bəlkə, 2 mindən 150 mini durub oynamağa başladı. Hamısı başqa xalqların nümayəndələri idi. Mahnının taleyi çox uğurlu oldu. Ancaq mahnının sözləri İlham Mirzəliyev, musiqisi Cabbar Musayevə məxsusdur. Xanımımla toyum 87-ci ildə olub, sevib ailə həyatı qurmuşam. İdea müəllifi özümə məxsusdur. Mahnı bizim gizli görüşlərimizə işarədir.

“Dostlarımın saxta olduğunu gördüm”

– Dost tərəfindən bəxtiniz gətirib?

– Tanışlar, yoldaşlar çox var, ancaq dostlar azdır. İnsanın 2-3 dostu olur. Xəstələnəndə dostlarımdan soyuqluq gördüm. Diqqət göstərmədilər. “Ürəkləri daş, dəmir, taxta dostlarım. Əzəldən saxta imişsiz, saxta dostlarım”. Belə bir beyt ağlıma gəlib, ardını da yazacam. Yazandan sonra sizə təqdim edəcək. Onların saxta olduğunu gördüm. Maraqlandılar, ancaq gec oldu.

“Tağı Əhmədov əsl Azərbaycan kişisidir”

– Tağı Əhmədovla hələ də dostluq edirsiz?

– Mən Tağı Əhmədovla dostluğumuz 85-cü ildə başlayıb. O vaxtlar mən Metro-Tikinti İdarəsində növbə rəisi, o isə Metropolitendə metro rəisi idi. Bizim briqalarımız işləyirdi. Dostluğumuz belə başladı. O əsl Azərbaycan kişisidir. O kiçik şeydən təsirlənə bilər. Onun şeirlərinə ilk dəfə mən mahnılar oxumuşam. Onunla gördüyünüz kimi şəkillərimiz olur. Ona sənətə gələn təsadüfi jurnalistlər gəlirdi, sual verirdi. Suala baxın “Bir dəqiqədə metrodan neçə nəfər keçir?”. O da cavab verib ki, “mən nə bilim, burada dayan, özün say”. Qeyri-peşəkarlar onu əsəbiləşdirib, aqressiv cavablar verib. O mərd insandır. Ölənə kimi dost kimi qalacağıq.

– Divarda əl ilə çəkilmiş fotolar görürəm…

– Mənim oğlum Atabəy yazıb, Allah bütün övladlara can sağlığı versin. 12 yaşı var, onun yazılarını saxlayıram. Birinci sinifdə yazmışdı, indi isə 6-cı sinifdə oxuyur. Məndə elə şeylər var ki, 70-ci illərdən qalıb. Dostlarım tərəfindən mənə hədiyyə olunan hədiyyələri saxlayıram. Cansız əşyalara belə canlı baxıram.

– Sizin məşhur gitaranız indi mərkəzdədir? Görmək istərdik…

– Bəli, səs yazılan yerdədir.

Müğənni ilə birgə digər otağa keçdik. Otaq xüsusi dizaynla bəzədilmişdi. Səyyad Əlizadə gitaranın tarixçəsi barədə məlumat verdi:

“O vaxtlar orta məktəbdə oxuyurdum, 72-73-cü illərdə Azərbaycana musiqi aləti kimi gitara tanınmağa başlamışdı. Evdə gitara istədiyimi söylədim, anam fikrə getdi. Bir gün evə gəldim ki, atımız yoxdur. Hər zaman ata minmişəm, çapmışam. Söylədim ki, ana, atımız hanı? “Neynirsən atı?” – cavabını verdi. Söylədi ki, məktəbi bitirib universitetə gedəcəksən, ata kim baxacaq? Bir gün evə getdim, gördüm ki, evdə gitara var. Sən demə, atı satıb mənə Sankt-Peterburqdan gitara gətizdirib. Anada olan böyük ürəyə baxın”.

Elvin Elxan

Fotolar: Nuran Məmmədov

“Toyda elə iyrənc şeylər görmüşəm ki...” -  Səyyad Əlizadə

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …

Bir cavab yazın