Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Toğrul İsmayıl: “Qərbin Türkiyəyə seçki sürprizi edəcəyini düşünmürəm”

Toğrul İsmayıl: “Qərbin Türkiyəyə seçki sürprizi edəcəyini düşünmürəm”

Türkiyədə iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri baş tutacaq. Artıq prezident Rəcəb Tayyib Ərdoğan seçki öncəsi daxili və xarici auditoriyaya siyasi mesajlarını verməyə başlayıb.

Ərdoğanın fikirlərindən belə aydın olur ki, o, seçki ərəfəsində Qərbdən təxribat gözləyir. Belə ki, Ərdoğan özəl televiziya kanalının canlı yayımında növbədənkənar seçkilər qərarından bəhs edərkən Qərbin təhlükə mənbəyi olduğunu dilə gətirib və təhdidin ilk növbədə strateji tərəfdaşlardan gəldiyini vurğulayıb. Dövlət başçısı sözünə davam edərək bildirib: “Şimali Suriyadakı raketlər kimə qarşıdır? ABŞ terror təşkilatlarına bu silahları verir, Suriyanın şimalına 5 min TIR silah göndərib. Biz pulumuzla ABŞ-dan silah ala bilmirik, amma koalisiya qüvvələri, ABŞ bu silahları terror təşkilatlarına havayı verirlər” – deyib.

Türkiyənin baş naziri Binali Yıldırım isə ABŞ Dövlət Departamenti sözçüsünün Türkiyədə keçiriləcək seçkilərlə bağlı dediklərinə sərt reaksiya verib. O, Ankarada jurnalistlər qarşısında verdiyi açıqlamada ABŞ Dövlət Departamentinin sözçüsü Heder Nortun Türkiyədə keçiriləcək seçkilərlə bağlı dediklərinə cavab olaraq, deyib: “Amerikalılar yaxşı olar ki, öz işləri ilə məşğul olsunlar”.

Türkiyənin baş naziri həmçinin qeyd edib ki, Amerikada prezident seçkilərinin keçirilməsindən il yarımın keçməsinə baxmayaraq, seçkilərdə saxtakarlıqla bağlı qalmaqal hələ də davam edir.

Məlumat üçün qeyd edək ki, Heder Nort Türkiyədə fövqəladə vəziyyətin davam etməsinə işarə edərək, deyib ki, belə bir şəraitdə azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi çətindir və buna görə Amerikada nigaranlıq var”.

Görünən budur ki, Türkiyə iqtidarının əsas təzyiq gözlədiyi dövlət ABŞ-dır. Bunu yuxarıdakı açıq ifadələrdən də görmək olur. Türkiyənin daxilində isə sabit vəziyyət hökm sürür. Müxalifət partiyaları seçkilərə hazır olduqlarını bildiriblər. Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı isə deyib ki, seçkilərdə partiyanın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğandır. Ərdoğan isə çıxışlarının birində söyləyib: “Millətimiz ”davam” desə, davam edərik, “tamam” desə hörmət edərik”.

Mövcud vəziyyəti “Yeni Müsavat”a açıqlamasında dəyərləndirən Türkiyədə yaşayan politoloq Toğrul İsmayıl bildirdi ki, burada əsas məsələ Suriya ilə bağlıdır: “Həm ABŞ-ın, həm də Avropa Birliyinin təzyiqləri getdikcə artır. Əlbəttə ki, işin başında əsasən Suriya məsələsi dayanır. Suriya faktoru çox ciddi şəkildə buna təsir göstərir. Ancaq məsələ burasındadır ki, seçkilər bir siyasi partiyanın iradəsini və buna getmək istəyini göstərir. Dövlət Bağçalı bunu təsadüfən ortaya atmadı. O, bu məsələlərdə təcrübəlidir. Əslində bundan öncə iki dəfə də erkən seçkilərlə bağlı təklifini irəli sürmüşdü. Doğrudur, o, seçkilərdə çox da uğurlu olmadı. Ancaq bu dəfə ittifaq altında gedirlər. Bu baxımdan bütün planlar və hesablamalar ondan ötrüdür ki, ittifaq seçkidən uğurla çıxsın. Bağçalının namizəd açıqlamasına gəlincə isə bu, əvvəldən olan məsələdir. Yəni ittifaq əvvəlcədən var idi. Referendumdan sonra ittifaq yaranmağa başladı. Buna görə də düşünmürəm ki, Bağçalı tərəfindən də təqdim edilən erkən seçki təsadüfdür. Bu, öncədən planlanmış və düşünülmüş bir işdir. Əlbəttə ki, bu qədər tez yəni iki aydan sonra seçkinin keçirilməsi sürpriz kimi görsənsə də ümumilikdə heç də sürpriz deyildi. Yəni hər kəs, iqtidar, müxalifət, Türkiyə ictimaiyyəti də erkən seçkinin olacağını ehtimal edirdi”.

Politoloq Qərbin seçki ərəfəsində Türkiyəyə edə biləcəyi “sürpriz”lər barəsində də danışdı: “Qərbin Türkiyə içərisində hər hansı bir sürpriz edəcəyini düşünmürəm. Burada əsas məsələ iqtisadi vəziyyətlə əlaqədar ola bilər. Yəni Türkiyə üzərinə təzyiqlər edərək, iqtisadi vəziyyəti ağırlaşdırmaq kimi məsələlərin ortaya çıxması mümkündür. Çünki Türkiyədə ən həssas məsələ iqtisadiyyatdır. Belə deyirlər ki, Türkiyənin ”yumşaq qarnı” iqtisadiyyatdır. Türkiyə iqtisadiyyatı hər zaman canlı pula ehtiyac duyur. Bunu da Qərb başa düşür və istifadə edə bilər. Fövqəladə vəziyyətin uzadılmasını məsələsini ABŞ Dövlət Departamentinin sözçüsü hallandırıb. Ancaq zənn etmirəm ki, bunu əsas gətirib, təzyiqlər etsinlər. Çünki bütün bunlar Türkiyənin daxili işidir. Bir məsələ də var ki, bundan öncə də Türkiyə fövqəladə vəziyyətdə referendum keçirib. Ancaq təbii ki, Türkiyənin daxili məsələsi olsa da bunu bəhanə edib Türkiyədə  seçkilərin demokratik olub-olmaması məsələsini gündəmə gətirə bilərlər”.

Politoloq Türkiyənin hərbi əməliyyatları barəsində də fikirlərini bildirdi: “Afrin əməliyyatının son olacağını düşünmürəm. Çünki proses yarımçıq qalıb. Ancaq nələr olacağını öncədən söyləmək də bir mütəxəssis üçün olduqca çətindir. Çünki iqtidar və seçkiyə gedən siyasilər bir çox şeyləri hesablayırlar. Yəni yeni olacaq əməliyyat bu seçkiyə necə təsir edər? Bunun müsbət və ya mənfi təsirləri ilə bağlı geniş məlumatlar bizdə olmasa da, onlarda var. Ona görə də bəzi şeyləri söyləmək bir siyasi şərhçilər üçün olduqca çətindir. Bütün bunlara rəğmən deyə bilərəm ki, Afrin əməliyyatı son deyil. Türkiyə ətrafında terror dövlətinin qurulmasına etiraz edirsə, bu əməliyyatı da tamamilə genişləndirməlidir”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …