Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Aktual / Tofiq Qasımov 80 yaşa çatdı – Ailəsi onun siyasətə qarışmasını istəmir

Tofiq Qasımov 80 yaşa çatdı – Ailəsi onun siyasətə qarışmasını istəmir

.Bu gün Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin önəmli fiqurlarından biri, uzun illərdir xaricdə – İsveçrədə yaşayan sabiq xarici işlər naziri Tofiq Qasımovun doğum tarixidir. Modern.az-ın məlumatına görə, Tofiq Qasımovun 80 yaşı tamam olub.

İsveçrədə mühacirətdə yaşayan tanınmış jurnalist Elbəyi Həsənlinin əməkdaşımıza bildirdiyinə görə, Tofiq Qasımovun ailəsi uzun müddətdir onun siyasətə qarışmasını istəmir və qocaman alimin özünün də bu yaşdan sonra belə bir niyyəti yoxdur.

Onun sözlərinə görə, 13 ildən çoxdur İsveçrədə yaşasa da, bir dəfə də Tofiq Qasımovla görüşə bilməyib. E. Həsənli bununla belə, keçmiş xarici işlər naziri haqqında müəyyən məlumatlar da verib.

Jurnalist bildirib ki, T. Qasımovun ailəsi onun üstündə yarpaq kim əsir.

“Ailəsi istəmir ki, Tofiq müəllim siyasətə qarışsın. Çünki o, siyasətə qarışdığı vaxtlar ailəsi hədsiz əzab-əziyyət çəkib. O xof indi də ailəni təqib edir”-deyə E. Həsənli bildirib.

Onun fikrincə, Müsavat Partiyasının rəhbərliyi T. Qasımovu çoxdan unudub:

“Ola bilər ki, bu amil də onun susqunluğuna təsir göstərib. Bildiyim qədər, arada-sırada İsgəndər Həmidov onunla telefon əlaqısi saxlayır. O, 1938-ci ildə anadan olub. Yaşı 80-nə çatıb. İsveçrədə 65 yaşında kişilər təqaüdə çıxır. Ola bilər ki, indi alim kimi nəyi isə hələ də araşdırır”.

T.Qasımov 1988-ci ildən başlayan Azərbaycan Xalq Hərəkatının sıralarına qoşulub, ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizənin önündə gedənlərdən, Azərbaycan Xalq Cəbhəsinin qurulmasında iştirak edənlərdən biri olub.

Modern.az-ın məlumatına görə, Tofiq Məsim oğlu Qasımov 10 aprel 1938-ci ildə Ağdaş rayonunun Ləki kəndində anadan olub. 1945-1955-ci illərdə Ağstafa dəmir yol məktəbində oxuyub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb. Universiteti 1960-cı ildə Stalin təqaüdçüsü kimi bitirib və EA Fizika institutuna işə göndərilib. Leninqrad şəhərində SSRİ EA-nın Fizika-Texnika İnstitutunda aspirant olub və 1969-cu ildə Leninqrad Yarımkeçiricilər İnstitutunun elmi şurasında namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi adı alıb. 1970-ci ildən Azərbaycan EA-nın Fizika İnstitutunun elmi işçisi olub. 100-ə qədər elmi əsərin müəllifidir.

1987-ci ildən siyasətə qoşulub. Bakı Alimlər Klubunun yaradılmasının təşəbbüskarlarından və onun proqram və nizamnaməsinin müəlliflərindən biridir.

1988-ci ilin mart-may aylarında Elmlər Akademiyasının bir neçə əməkdaşı ilə birlikdə Azərbaycan Xalq Cəbhəsinin Proqramının hazırlanmasında iştirak edib. 1989-1990-cı illərdən Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olub.

Azərbaycan SSRİ xalq deputatı seçilmiş, Azərbaycan Ali Sovetinin 1990-cı ilin yanvarın 22-də çağırılmış fövqəladə sessiyasının işində iştirak etmişdir. Həmin sessiyada Sovet Ordusu və Daxili Qoşunlarının Bakıda törətdikləri cinayətləri tədqiq etmək üçün yaradılmış Azərbaycan Ali Sovetinin İstintaq Komissiyasına üzv seçilib.

Azərbaycandan olan SSRİ Xalq Deputatları ilə iş aparmaq üçün AXC-nin İdarə Heyəti tərəfindən Moskvaya ezam edilib. Orada olduğu müddətdə 100-dən çox xarici televiziya, radio və mətbuat nümayəndələrinə Yanvar hadisələri, qaçqınlar, rus qaçqınları və s. hadisələrin mahiyyətini açıqlayıb.

May 1992-ci ildə Azərbaycan Respublikasının xarici İşlər naziri təyin olunub, 1993-cü ilin aprelinə qədər bu vəzifədə işləyib. 1993-cü ildə Əbülfəz Elçibəyin prezident vəzifəsindən uzaqlaşdırılmasına etiraz əlaməti olaraq vəzifəsindən gedib.
Azərbaycan Respublikasının Xarici siyasətinin inkişafında öz dövrünə görə müəyyən rolu olub. Bir çox dövlətlərdə keçirilən beynəlxalq konfranslarda, beynəlxalq təşkilatların toplantılarında Azərbaycanı təmsil edib. İngilis, türk və rus dillərini bilir.

Heydər Əliyevin prezidentliyi zamanı siyasi fəaliyyətini Müsavat Partiyasında davam etdirib. 1995-ci ildə mart qiyamında şübhəli bilinərək həbsdə yatıb. Sonradan azadlığa çıxan eks-nazir ölkəni tərk edərək, bir müddət Türkiyə universitetlərində dərs deyib. Oradan Norveçə köçən T.Qasımov daha sonra İsveçə mühacirət edib.

2 qızı var. Hazırda həyat yoldaşı və qızları ilə İsveçrənin Lütsern şəhərində yaşayır.

Həmçinin oxuyun

«Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT