Bazar , Sentyabr 22 2019
Ana səhifə / Aktual / Tikinti şirkətlərinin yol qəsdi: küçələr niyə çökür?

Tikinti şirkətlərinin yol qəsdi: küçələr niyə çökür?

Ekspert: “Qazılan yerə eyni torpağı deyil, kənardan qum gətirib tökmək lazımdır”

Bakıda son zamanlar tikinti sahəsində xeyli aktivlik müşahidə edilir. Xüsusilə də pilot layihələr əsasında istismarı bitmiş, 2-3 mərtəbəli qəzalı tikililər sökülərək, yerlərində hündürmərtəbəli yaşayış binaları  ucaldılır. Layihəyə uyğun olaraq əvvəlki binanın sakinləri tikinti şirkəti tərəfindən kirayə mənzillərə çıxarılır. Yeni bina hazır olduqdan sonra isə həmin şəxslərə oradan mənzil verilir. Verilən mənzillərin kvadratı insanların əvvəlki evlərinin ümumi sahəsindən 10 faiz artıq olduğu üçün bu layihələrə çox az adam qarşı çıxır.

Lakin son zamanlar insanları narahat edən başqa bir məsələ var. Belə ki, binalar hazır olduqdan sonra şirkətlər yeri qazaraq, kanalizasiya xətlərini çəkirlər. Xətlər çəkildikdən sonra qazılan yer doldurulur, üzərinə asfalt örtüyü vurulur. Bir müddət sonra isə həmin asfalt çökməyə başlayır. Bakıda hazırda bir neçə yerdə oxşar hadisə baş verib.

Bəs bunun qarşısını almaq üçün nə etmək lazımdır?

Əzim Məsimov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan Bakı Baş Tikinti İdarəsinin rəisi vəzifəsində çalışmış Əzim Məsimov bildirib ki, ilk növbədə qazılan yerdən çıxan torpaq sonradan eyni yerə doldurulmalı deyil: “Kiyevdə bu cür halın şahidi oldum. Orada kanalizasiya borularını qoymaq üçün yeri qazmışdılar. Onun altını düzəldib, çıxardıqları torpağı isə ərazidən daşımışdılar. Öyrəndim ki, həmin yerə başqa yerdən gətirilən qum tökəcəklər. Doğrudan da qazılan torpağı yenidən borunun üzərinə tökmək olmaz. Çünki nə qədər istəsən, həmin torpaqda lazımi sıxlığı almaq olmur. Ona görə də həmin yerə su töküldükcə, çökmə baş verir. Bu səbəbdən də belə qazılan yerə qum tökülür. O zaman da bizdə indiki kimi işləyirdilər. Bakı Baş Tikinti İdarəsinə təyin olunduqdan sonra Bakıda bu cür halların qarşısını almaq qərarına gəldim. SSRİ hökumətinin İttifaq Balıq Nəzarət İdarəsinin rəisini bura dəvət etdim. Burada Balıq Nəzarəti İdarəsindən bir gəmi götürüb, dənizdən bir ada seçdik. Deyim ki, Xəzər dənizində çoxlu qum adaları mövcuddur. O adaların birindən qum götürmək qərarına gəldik. Bunun üçün də port tikilməli idi ki, gəmilər ora yan ala bilsin. Qərarımla port da tikildi. Gəmi də tapdıqdan sonra oradan Zığa qum daşındı. Sonra da portu bizim Baş Yol Tikinti Trestinə verdim. Hazırda isə həmin portun kimin tərəfindən özəlləşdirilməsi barədə məlumatlı deyiləm”.

Ekspert bildirib ki, əslində şirkətlərin bilmədən atdıqları bu cür addımlar böyük məsrəflərə səbəb olur: “Çünki çökdükcə gərək yenidən qum töküb, asfalt basasan. Bu isə əlavə pul itkisidir. Eyni zamanda belə hallar davamlı olaraq yaşanır. Bu gün sanki hər kəs istəyir ki, tez bir zamanda pul qazansın. Ona görə də işi görən zaman araşdırma etmirlər. İşin texnologiyasına yiyələnməyib, detalların fərqinə varmırlar. Nəticədə də bu cür hallar baş verir”.

Həmçinin oxuyun

“Uşaqpulu verilməlidir, Prezidentə yalan məlumat verməyin”

Milli Məclisin sabiq YAP-çı deputatı Gülər Əhmədova uşaqpulunun verilməsi ilə bağlı Azərbaycan hökumətinə çağırış edib.  …