Ana səhifə / Aktual / Terrorizmə qarşı beynəlxalq Bakı konfransının qətnaməsi: “Biz şərə birlikdə qalib gələcəyik!”

Terrorizmə qarşı beynəlxalq Bakı konfransının qətnaməsi: “Biz şərə birlikdə qalib gələcəyik!”

Məlum olduğu kimi oktyabrın 8-də Bakıda Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşəbbüsü ilə “Beynəlxalq terrorizm və müasir şəraitdə ona qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilib.
Beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, respublikanın tanımış hüquqşünasları, eləcə də Rusiya, Türkiyə, İngiltərə, Bolqarıstan, Serbiya, İtaliya, Moldova, Ukrayna, Belarus və digər ölkələrdən nüfuzlu hüquqşünaslar iştirak ediblər.
Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, hüquq elmləri doktoru, professor İlham Rəhimov bildirib ki, beynəlxalq konfransın iştirakçıları bir sıra mühüm məsələlər üzrə  ümumi razılığa gəliblər.
Aşağıda həmin beynəlxalq konfransın qəbul etdiyi QƏTNAMƏ-ni təqdim edirik:
1. Terrorizm müasir dövrün ən təhlükəli təzahürlərindən biridir. Terror aktlarının sayı artır və artmaqda davam edəcək.
2. Dünyada heç bir dövlət, heç bir siyasi qüvvə, heç bir güc strukturu terrorun öhdəsindən təkbaşına gələ bilməz. Dünya xalqlarının və dövlətlərinin səylərinin birləşdirilməsinə ehtiyac var.
3. Terrorizmin xarici təzahür formaları dəyişsə də, amma mahiyyəti eyni olaraq qalır: zorakılıq və hüdudsuz qəddarlıqla vətəndaşları, cəmiyyəti, dövlətləri qorxutmaq.
4. Müasir dövrdə terrorizmlə mübarizə çox siyasiləşib: bir sıra dövlətlər terrorçularla mübarizə aparsalar da digərləri əksinə, onlara kömək edir.
5. Bu sosial bəlaya qarşı mübarizədə bütün dövlətlərin və dünya ictimaiyyətinin səylərini birləşdirmək lazımdır. Bu baxımdan:
а) BMT-nin himayəsi altında terrorizmin dövlətlərin böyük əksəriyyəti üçün məqbul  olan, onu milli-azadlıq mübarizəsinin inqilabi formasından fərqləndirən normativ tərifini işləyib hazırlamaq;
b) BMT Baş Assamblesiyasının terrorizmlə mübarizə mövzusunda iclasını keçirmək;
c) bütün ölkələrə terrorçuların cəzasını maksimum sərtləşdirməyi tövsiyə etmək, siyasi motivlərlə törədilən cinayətlərə görə məsuliyyətdən yanınma imkanını istisna etmək;
d) terrorizmin maliyyələşdirilməsi imkanlarının aradan qaldırılmasına maksimum diqqət yönəltmək;
e) terrorizmlə mübarizə üzrə dövlətlərarası əməkdaşlıq prosedurunu maksimum dərəcədə sadələşdirmək (belə əməkdaşlıqdan yayınanların hamısını terrorçularla əlbir hesab etmək) məqsədəuyğun sayılsın.
Qəti əminliyimizi ifadə edirik ki, terrorizmin öhdəsindən gəlmək, həmvətənlərimizin rahatlıq və təhlükəsizliyini təmin etmək xalqların gücü daxilindədir.
Biz şərə birlikdə qalib gələcəyik!

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …