Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Aktual / “Tehran-43” əməliyyatı: Azərbaycanlı kəşfiyyatçının şücaəti, daha bir erməni yalanının süqutu (FOTO)

“Tehran-43” əməliyyatı: Azərbaycanlı kəşfiyyatçının şücaəti, daha bir erməni yalanının süqutu (FOTO)

Siyasi şərhçi Arzu Nağıyev

İkinci Dünya müharibəsində Azərbaycan övladlarının göstərdiyi əzmkarlıq və böyük qəhrəmanlıqlar faşizm üzərində qələbəni yaxınlaşdıran amillərdən biri idi. Tarixin bu səhifəsini də mənfur qonşularımız olan ermənilər öz havadarları vasitəsilə öz xeyirlərinə yazmağa çalışıblar və müəyyən qədər buna nail olublar. Əsas məqsəd Azərbaycanın və azərbaycanlıların rolunu kiçiltmək, mütəmadi olaraq heçə endirmək olub.

Ancaq tarixi silmək olmur, müəyyən qədər dəyişdirmək olur. Bu araşdırma vasitəsilə Azərbaycanın və onun mərd oğullarının tarix üçün verdiyi əvəzsiz xidmətləri hər bir azərbaycanlının nəzərinə çatdırmağa çalışmaq lazımdır. Belə əvəzsiz xidmətlərdən biri də “Tehran 43” əməliyyatının iştirakçısı, həmyerlimiz, uzun müddət kəşfiyyat orqanlarında çalışmış Məmmədhüseyn Əsədova aididr.

Demək olar ki, keçirilən əməliyyatların hamısı onun birbaşa istirakı və ya rəhbərliyi ilə mümkün olurdu.

Bəs, Məmmədhüseyn Əsədov kim idi?

Əsədov Məmmədhüseyn Xudadat oğlu 1899-cu ildə Həştərxanda anadan olub. 19 yaşında olarkən Qızıl Ordunun Xüsusi təyinatlı hərbi hissəsində qulluq etməyə başlayır. Böyük Vətən müharibəsi başlayanda əməliyyat şəraitini yaxşı bildiyi, bir neçə dildə sərbəst danışdığı üçün və geniş kəşfiyyat imkanları olduğuna görə Əsədovu Baş kəşfiyyat idarəsi tərəfindən İrana işləməyə göndəririlər. Əsas iş istiqaməti isə ingilis və alman kəşfiyyatına qarşı əməliyyatların təşkilindən ibarət olub.

Beləliklə, 1943-cü ildə İran antihitler koalisiyası rəhbərlərinin danışıqları üçün ən məqbul yer kimi seçilir. Bu, Stalinin təklifi idi. Konfransa hazırlıq tam məxfi şəraitdə aparılırdı. Bu barədə xəbəri olanlardan biri də Məmmədhüseyn Əsədov idi. Müttəfiqlər hətta İran tərəfini təhlükəsizlik baxımından xəbərdar etmirdilər. Konfransın başlamasına 6 gün qalmış, yəni 22 noyabr 1943-cü ildə İran tərəfinə məlumat verildi.

Noyabrın 24-də Baş komandanlığın üzvü, Baş qərargah rəisi SSRİ marşalı Aleksandr Vasilyevski gecə Astaraya gəlir və onu Məmmədhüseyn Əsədov qarşılayır. Həmin gün gecə saat 4-ə qədər Astarada Məmmədhüseynin evində qalan marşal Vasilyevski 2 saatdan sonra Əsədovla bir yerdə İrana gedir. Marşalın gəlməsində əsas məqsəd liderlərin görüşü vaxtı qoşun hissələrini təlimatlandırmaq və bir daha Stalinin göstərişi ilə təhlükəsizlik məsələlərini yoxlamaq idi. Noyabrın 26-da Stalin Tehrana gəlir və təyyarəsi Kale-morqe hərbi aerodromuna enir.

Noyabrın 28-də konfrans baş tutur. Həmin vaxt Almaniya kəşfiyyatının dövlət başçılarına qarşı edəcəkləri sui-qəsd və terror aktı haqqında eyni zamanda Məmmədhüseyn Əsədova məlumat verilir və o da öz növbəsində, təcili olaraq bu məlumatı rəhbərliyə məruzə edir. Vaxtında verilmiş məlumat nəticəsində planlaşdırılmış sui-qəsdin qarşısı çox peşəkarcasına alınır.

İlk dəfə bu sui-qəsdlə bağlı geniş ictimaiyyətə mətbuat konfransı vaxtı 17 dekabr 1943-cü ildə ABŞ Prezidenti F.Ruzvelt məlumat verir.

Bu sui-qəsdin qarşısının alınmasında müstəsna rolu olmuş Məmmədhüseyn Əsədov iki mükafatla – “Lenin” ordeni və “Qırmızı ulduz” ordeni ilə təltif edilir.

Müharibədən sonra bu mövzuya bir neçə dəfə qayıdılır və sovet kəşfiyyatının rəhbərlərinin Stalinin 70 illiyinə bir sürpriz etmək fikirləri olur. Sürprizlərdən biri də o vaxt, yəni 1943-cü ildə 19 yaşı olan kəşfiyyatçı Qevork Vartanyanın guya bu sui-qəsdin qarşısının alınmasında müstəsna rolu olması idi. Tarixi araşdırmalar göstərir ki, bu mövzu demək olar ki, 1968-ci ilə qədər qapalı olub. Sonradan isə bu mövzuya qayıdılıb və Vartanyan söhbəti gündəmə gəlib.

Vartanyan kim idi? Bu barədə öz araşdırmalarında 1930-1940-cı illərdə SSRİ-nin hərbi və xarici siyasəti üzrə ekspert, tarixçi və jurnalist Vladimir Voronov yazır: “Vartanyanın atası Siyasi idarənin, sonradan da Daxili işlər Xalq komissarlığının ən aşağı səviyyəli agenti olub. Bir müddət İranda fəaliyyət göstərib və sonradan Rostova qayıdıb. Oğlu Qevork isə İranda qalıb. Vartanyan və onun ətrafındakı bir neçə gənc erməni uşağı kimi isə döymək, soymaq, izləmək kimi xırda işlərlə məşğul olurdu və təbii ki, kəşfiyyat orqanları onlardan istifadə edirdi. Adlarını “uçan kavaleriya” qoyub, əsasən ingilislərə qarşı xırda izləmə və təxribat xarakterli işlər görürdülər. Belə kiçik mahiyyətli tapşırıqları yerinə yetirən qrupun üzvünün ciddi casus şəbəkəsindən ümumiyyətlə xəbəri ola bilməzdi”.

Yəni Vartanyan hətta kəşfiyyatçı olsa belə, on illərdən sonra nəyə isə nail olub və “Tehran 43” məsələsinə heç bir aidiyyəti olmayıb. 1984-cü ildə ona Sovet İttifaqı Qəhrəmanı adı ola bilsin ki, başqa tapşırıqların yerinə yetirilməsinə görə verilib.

Yaxın tariximiz olan 1999-cu ildə Xüsusi xidmət orqanları rəhbərlərinin Moskvada keçirilən görüşündə Vartanyan bütün mükafatlarına görə azərbaycanlılara minnətdar olduğunu özü də etiraf edib.

Beləliklə, “Tehran 43” əməliyyatının keçirilməsində və dövlət başçılarına qarşı sui-qəsdin qarşısının alınmasında Azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədovun müstəsna xidmətləri olub.

Bir sözlə, xalqı, eli-obası üçün, dövlətçilik naminə işlər görmüş, şərəf və ləyaqətlə yaşamış bir qəhrəmanımızı da fəxrlə yad edə bilərik…

Fəxrlə deyə bilərik ki, xalqımızın 600 mindən çox oğlan və qızları cəbhəyə getmiş, minlərlə həmvətənimiz qələbə naminə canlarından keçmişdir. Azərbaycan əməliyyat və kəşfiyyat imkanlarını da faşizmə qarşı müharibəyə səfərbər etdi. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər faşist ordu hissələrinə qarşı qəhrəmancasına müqavimət göstərdi, eyni zamanda, partizan hərəkatı Qərbi və Şərqi Avropada dillər əzbərinə çevrildi…

Həmçinin oxuyun

“Xəzər TV”nin əməkdaşları Kürdəmirdə restoranda problemlə üzləşdi – VİDEO

“Xəzər TV”nin əməkdaşlarına hücüm olub.Mia.az xəbər verir ki, hadisə Kürdəmir rayonunda çəkliş zamanı baş verib.Xəzər Xəbərin …

Bir cavab yazın