Cümə axşamı , May 26 2022
Ana səhifə / Aktual / Tarqovuda gəzən “canlı heykəl”: “Deyirlər ki, görəsən üzünü necə yuyur?”-FOTOLAR

Tarqovuda gəzən “canlı heykəl”: “Deyirlər ki, görəsən üzünü necə yuyur?”-FOTOLAR

Son zamanlar onu Nizami küçəsində tez-tez görürük. İnsanları canlı heykəl kimi təəccübləndirən Pərviz Fəxrəddin Moderator.az-ın suallarını cavablandırıb. -Pərviz, canlı heykəl kimi insanları təəccübləndirmək hardan ağlınıza gəldi? -Keçən ilin yay ayında qardaşımla film çəkilişi üçün Türkiyəyə getmişdik. Orada Pantomim teatrının keçmiş aktyoru, Rafiz Mehdizadəylə görüşdüm. Rafiz orada Pat Atölye adında özəl teatrda aktyor və rejissor kimi çalışır, həmçinin küçə sənəti ilə də məşğuldur. Canlı heykəli orada Rafizdən öyrənmişəm. Adını çəkdiyim teatr rəhbəri Esin Aslan mənə canlı heykəl olmaq üçün şərait yaratdı və canlı heykəl kimi ilk dəfə elə İstanbulda Kadıköydə küçəyə çıxdım. Azərbaycanda daha öncə küçə sənəti “canlı heykəl” olmadığına görə düşündüm ki, bunu ölkəmizdə də edim.

-Bu sənət Azərbaycanda yenidir, küçədə sizə mane olanlar olur? -Bu layihə Dövlət Turizm Agentliyinin tabeliyində olan Bakı Turizm İnformasiya mərkəzinin layihəsidir. İdeya mənim olsa da bu təşəbbüsü həyata keçirmək üçün Bakı şəhər İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi və Bakı Baş Mədəniyyət İdarəsi layihəmə dəstək oldu. Ona görə də küçəyə çıxmağıma heç kim mane olmur. “Küçə sənəti” ifadəsinin əvvəlində “küçə” sözü olduğuna görə qeyri-ciddi yanaşanlar da var, dəstək olanlar da. Bu əlbəttə ki, normal haldır. Çünki, bir teatr tamaşasını və ya filmi tamaşaçı zalında oturan hər kəs bəyənmək məcburiyyətində deyil. Yaxşı və ya pis, tənqid həmişə qaçılmazdır. Ancaq, bütün bunlara baxmayaraq sənət həmişə və hər yerdə sənətdir. İstər küçədə, istərsə də qapalı məkanda. -Siz küçədə tək olursunuz yoxsa kimsə sizə kimsə köməklik edir?  -Tək deyiləm. Koordinatorum var.

-İnsanlar sizi ilk görəndə nə düşünürlər? -Heykəl olduğumu (gülür). Bir çox insana daha çox qrimim maraqlıdır. Bunun qrim olduğunu bilməyib maska, karton və s. deyənlər də var. Heykəl olduğum vaxt ətrafımda toplaşan insanların dioloqlarını eşidirəm. Deyirlər ki, görəsən üzünü necə yuyur? Görəsən necə yatır? Bu geyimi necə geyinib? Saçı uzundur, deyəsən qızdır. Amma, saqqalı da var axı. Maraqlıdır! Yaşlıdır ya cavandır? Onda olan səbrdən istəyirəm. Gözünü qırpmadan necə qalır? Bu kimi cümlələr deyirlər. -Məqsədiniz nədir? Qazanc yoxsa kütləyə sənəti sevdirmək? -Məqsəd əlbəttə ki, pul qazanmaq deyil. Yəni pul qazanmaq üçün bu işi görmürəm. Bir iş gördüyüm üçün pul qazanıram. Həm də öz işindən və sənətindən pul qazana bilmək yaxşı hissdir. Bir məqamı da xüsusi qeyd etmək istəyirəm ki, “Heykəl adam”la şəkil çəkdirmək və ya onu izləmək üçün insanlarda pul vermək məcburiyyəti yaranır. Bu heç də belə deyil. Mən pulla işləyən aparat deyiləm ki, insanlar pul verəndə hərəkət edim. Qısa müddət ərzində “heykəl adam və ya çemodanlı adam” kimi bir çox insanın marağına səbəb olmuşam. Ölkəmizdə daha öncə olmayan bir sənəti nümayiş etmək və küçə sənətini küçəyə daşıya bilmək mənə, sənəti sevməyə, həm də daha çox sevdirməyə stimul verir. Artıq, insanlardan bu cümləni tez-tez eşidirəm: “Bizim də canlı heykəlimiz” var.

Həmçinin oxuyun

Səlim Müslümov ev dustaqlığına BURAXILDI

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib. Azinforum.az-ın …