Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Tanınmış vəkillər arasında gərginlik – “Uduzmağı bacarmaq lazımdır”

Tanınmış vəkillər arasında gərginlik – “Uduzmağı bacarmaq lazımdır”

Vəkil Elçin Sadıqov Milli İstiqlal Partiyasının qurucusu Etibar Məmmədov tərəfindən şikayət olunduğunu iddia edib.

“Qafqazinfo” xəbər verir ki, o, bununla bağlı Vəkillər Kollegiyasından zəng gəldiyini bildirib: “Etibar Məmmədov şirkətinin adından məni şikayət etdirib. Şirkətin nümayəndəsi və vəkili Fuad Ağayevdir”.

E.Sadıqov Etibar Məmmədovun şikayəti Fuad Ağayevə yazdırdığını deyib.

Məsələ ilə bağlı F.Ağayevin mövqeyini öyrəndik. Vəkil “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Elçin Sadıqov özü yazıb ki, şikayət edən şirkətdir: “Bu da aydın məsələdir ki, Elçin Sadıqov şirkətin işgüzar nüfuzuna xələl gətirə biləcək məlumatlar yaydığına görə şikayət olunub. Bu məsələnin siyasiləşdirilməsi çox ucuz şöhrət naminə edilir. Bu, tamamilə vəkil etikasına uyğun olmayan bir hərəkətdir. Baxsınlar şikayətə orada kimin imzası var. İşlərinin xeyli hissəsini feysbuk vasitəsilə həll etmək istəyən adamın hərəkətlərini şərh etmək istəmirəm. Uduzmağı bacarmaq lazımdır.

Bu, adi mülki işdir. Elçin Sadıqov 6 bacı-qardaşa qarşı əks gedən 1 qadını müdafiə edir. O bir bacı da Azərbaycanda yaşamır. 6 bacı-qardaş ortaq məxrəcə gəlir, amma o bir nəfər deyir mənə qarşı xüsusi münasibət olmalıdır. Üstəlik mən şirkətin hüquqşünası deyiləm. Sadəcə iş üzrə vəkil kimi çıxış edirəm. Elçin Sadıqovun bu hərəkətləri konkret olaraq məhkəmələrə qarşı təzyiqdir”.

Qeyd edək ki, bir müddət öncə Elçin Sadıqov Etibar Məmmədova görə vətəndaşın evsiz qaldığını iddia etmişdi. Belə ki, o, vəkil kimi çıxdığı iş üzrə bir qadının Etibar Məmmədova məxsus olduğu deyilən “Orxan-TİT” MTK tərəfindən aldadıldığını və pay sahibi olduğu halda ona mənzil verilmədiyini bildirərək şirkəti tənqid etmişdi.

Xatırladaq ki, Fuad Ağayev 31, Elçin Sadıqov 15 il vəkillik təcrübəsinə malikdir. Onlar daha çox ictimai-siyasi məhkəmə işlərində çıxış edən vəkillər kimi tanınırlar.  

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …