Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Taleh Şahsuvarlı Azərbaycan kəşfiyyatının rəhbərlərinə səsləndi – “Böhtan atıramsa, məni həbs edin, ya da…”

Taleh Şahsuvarlı Azərbaycan kəşfiyyatının rəhbərlərinə səsləndi – “Böhtan atıramsa, məni həbs edin, ya da…”

Baş redaktordan DTX rəisi Əli Nağıyevə və XKX-nın rəhbəri Orxan Sultanova yeni müraciət

Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev cənablarına!

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov cənablarına!

Son iki gündə artıq ikinci dəfədir ki, jurnalist araşdırması ilə əldə etdiyim olduqca ciddi faktlarla bağlı dövlət qurumlarına müraciət edir, dəyərli vaxtınızı alıram. Ancaq buna məcburam ona görə ki, söhbət bir Azərbaycan vətəndaşı olaraq bütün varlığımla sevdiyim, Müdafiə Nazirliyinin hazırda ehtiyyatda olan zabiti kimi uğrunda canımdan keçməyə and içdiyim vətənimin müqəddəratından gedir.

Ümid edirəm ki, dünən kütləvi informasiya vasitələrində yayılmış, Azərbaycan Respublikasının Baş prokuroruna, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsinə, Ədliyyə nazirinə ünvanladığım müraciətlə tanışsınız. Bu müraciət cəmiyyətdə böyük rezonans doğurub və orada səsləndirdiyim faktlar böyük ictimai diqqət cəlb edib. Bir daha qeyd etmək istəyirəm ki, həmin müraciətdə mən əvvəllər ölkəmizdə vəkillik fəaliyyəti ilə məşğul olmuş, lakin yol verdiyi nöqsanlara görə AR Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmiş Aslan İsmayılovun və onun oğlu Ziyəddin İsmayılovun xaricdəki erməni diasporunun fəal nümayəndəsi Kristina Puşua ilə əlaqələrindən danışmış, səlahiyyətli şəxslərin həmin əlaqələrin müvafiq dövlət qurumları tərəfindən araşdırılması üçün göstəriş verilməsini xahiş etmişdim.

Bu gün Aslan İsmayılov öz Feysbuk səhifəsində çox uzun, qərəzli, erməni diaspor təşkilatları ilə işbirliyini ört-basdır etmək üçün ictimai diqqəti yayındırmağa xidmət edən məkrli bir status paylaşıb və orada yazıb:

“Tirajlanan yazılarda adı hallanan Kristina Puşaunun ermənilərlə əməkdaşlığı həqiqəti əks etdirmir və ancaq şər-böhtan xarakteri daşıyır.”

Çox hörmətli Əli müəllim!
Çox hörmətli Orxan müəllim!

Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, Kristina Puşua adlı ABŞ vətəndaşı həmin ölkənin Los-Anceles şəhərində yerləşən Cənubi Kaliforniya Universitetində (CKU) bakalavr təhsili alıb və 2012-ci ildə sözügedən ali məktəbdən məzun olub. CKU-da təhsil aldığı müddətdə Kristina Puşua universitetdə fəaliyyət göstərən Erməni Tələbələr Assosasiyasının (ETA) lideri olub, ABŞ-dakı və bütün dünyadakı erməni diasporunun əsas beyin mərkəzi olan “Erməni Araşdırmaları İnstitutu” ilə yaxından əməkdaşlıq edib. CKU ETA-nın Facebook səhifəsi mövcuddur. Həmin səhifədə qurumun Azərbaycan və Türkiyə əleyhinə təşkil etdiyi aksiyalar, o cümlədən Kristina Puşuanın həmin qurumun üzvü kimi müxtəlif tədbirlərdə iştirakını təsdiq edən çox sayda foto var. Kristina Puşuanın CKU ETA sədri olması barədə onun bioqrafik məlumatlarında əks olunan qeydin və yuxarıda bəhs etdiyim Facebook səhifəsinin linkləri budur:

https://ccsddinternblog.wordpress.com/…/2015-2016-intern-…/…
https://www.facebook.com/…/a.242169099167…/242169892500681/…

Aslan İsmayılov və oğlu Ziyəddin İsmayılovun Kristina Puşuanın hazırda rəhbərlik etdiyi Gənc Liderlər Təşəbbüsü layihəsi ilə bağlı özləri tərəfindən paylaşılmış statuslar, fotoşəkil və məqalə linkləri mövcuddur. Bütün bu məlumatlarda özləri təsdiq edirlər ki, Ziyəddin İsmayılov Kristina Puşuanın layihəsində koordinator vəzifəsi tutur və onun işi azərbaycanlıları həmin proqrama cəlb etməkdir. Soydaşlarımızın vaxtilə erməni tələbə təşkilatına rəhbərlik etmiş, erməni diasporu ilə dərin əlaqələri açıq-aşkar olan, çox güman, Ermənistan xüsusi xidmət orqanları ilə də uzlaşdırılmış fəaliyyət göstərən Kristina Puşuanın təsir dairəsinə yönləndirilməsi dövlət təhlükəsizliyinə təhdid yaradan fəaliyyətdir. Odur ki, bu müraciətlə məni qəbul etməyinizi, əgər bütün söylədiklərimin yanlış olduğuna kiçicik bir şübhə olarsa, elə oradaca həbs etməyinizi, faktlar öz təsdiqini taparsa isə, müvafiq qaydada rəsmi araşdırmaya başlanılmasına göstəriş verməyinizi xahiş edirəm.

Mənim əsl adı “Allahverdi” olan Aslan İsmayılovla və onun oğlu ilə hər hansı şəxsi problemim yoxdur. Ancaq onların hər birimizin keşiyində durmağa mükəlləf olduğumuz Azərbaycan Respublikasında erməni diaspor təşkilatları ilə birbaşa bağlılığı olan şəxslərlə işbirliyinə qətiyyən göz yummaq fikrində deyiləm ona görə ki, həmin əməkdaşlıq ölkəmizdə ictimai rəyi Azərbaycan hakimiyyətinin əleyhinə çevirmək üçün platforma təsiri bağışlayır.

Bir daha bu müraciəti oxumağa vaxt ayırdığınız üçün sizlərə səmimiyyətlə təşəkkür edir və məsələnin ciddiliyini, aktuallığını, təxirəsalınmaz tədbirlər görülməsinə olan böyük ehtiyacı nəzərə alaraq operativ reaksiya göstərəcəyinizə ümid edirəm.

Hörmətlə,
Taleh Şahsuvarlı,
AzNews.az xəbər portalının Baş redaktoru

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …