Ana səhifə / Aktual / Tahir Kərimli: “Nəsiminin məzarını ziyarət etmək üçün Suriyaya getmişdim…”

Tahir Kərimli: “Nəsiminin məzarını ziyarət etmək üçün Suriyaya getmişdim…”

Moderator.az xəbər verir ki, Tahir Kərimli İmadəddin Nəsimi haqqında fikirlərini modern.az saytı ilə bölüşüb. Deputat gənc yaşlarından Nəsiminin vurğunu olduğunu bildirərək, bu barədə əlavə bir neçə kəlmə danışmaq istədiyini də söyləyib:  “Nəsiminin vurğunu olduğumdan nə zamansa Hələbə gedib onu məzarı başında ziyarət etməyi qarşıma məqsəd olaraq qoymuşdum. Təxminən 2000-ci illərdə 2 dəfə Suriyada olmuşam.  Məqsədim Nəsiminin qəbrini ziyarət etmək və onu yada salmaq idi. Dediyim kimi, yeniyetmə yaşlarımdan Nəsimi idealım olub. İstərdim ki,  sizin yazınızda getməyən əlavələri edim. Düzü, heç vaxt Nəsimi  nəslindən kimlərinsə Hələbdə yaşadığını bilməmişəm. Qəbri ziyarət etməyimə başqa insanlar vasitəçilik edib. Sizə təqdim olunan şəkillərdən də görünür ki, Nəsiminin qəbrinin üstü örtülüdür. Qəbrin arxa tərəfində bağça var. Səhv etmirəmsə, orada “Seyidlər qəbiristanlığı” salınıb. Qəbirlərin arasında xüsusi yaşıl parça bağlanmışdı. Hiss olunur ki, orada dəfn olunan seyidlərdir. Nəsiminin də əsl adı Seyid Əlidir. Mən orada olanda təxminən 30-40 qəbir daşı vardı. Şəkildə gördüklərimiz də vardı. Kənarlarda isə 2-3 mərtəbəli daş evlər tikilmişdi. Çox maraqlıdır ki, oradan  baxanda Nəsiminin edam olunduğu Hələb qalası görünürdü. Xüsusi marağa görə Hələb qalasını da ziyarət etmişdik. Nəsiminin məqbərəsi çox zaman bağlı olduğundan pəncərədən baxmaqla ziyarət edirdilər. Ora keçmək üçün arxa tərəfdən qapı vardı”.
Tahir Kərimli Suriya müharibəsindən öncə Nəsiminin qəbrini ziyarət edərkən çox təsirləndiyini də etiraf edib:
“Düzünü deyim ki, o zaman da qəbri yaxşı görkəmdə deyildi. Hətta o vaxt “can ay Nəsimi! Kaş ki dövlətimiz sənə sahib çıxa” demişdim. Hələ o zamanlarda da  onun qəbrinin  Azərbaycana gətirilməsi arzum olub. Nəsiminin qəbrinin Azərbaycana gətirilməsi Azərbaycanın əhəmiyyətini daha da artırardı. Sonra Suriyada müharibə başladı və bunu təklif kimi səsləndirə bilmədim. İndi məlum oldu ki onun şəcərəsi var və onlar buna razı olmaz”. 
Deputatın sözlərinə görə, qəbri ziyarət edən turistlərə Nəsiminin həyat və yaradıcılığı çox yaxşı izah olunur:
“Hələb qalasının qalınlığı çox möhtəşəmdir. Mənə dedilər ki, qala Bizans dövründən qalıb. Qalanın aşağı hissələrinin qalınlığı 4 metrdir. 4 metr qala divarları arasında xüsusi hücrə həbsxanaları var. Nəsiminin saxlandığı yeri mənə göstərdilər. Dediklərinə görə,  4 metrlik qalanın içərisində onun əl-ayağına zəncir vurulub. Sonra edam olunan yerdə Nəsiminin dərisi soyulub. O yerləri görəndə insan göz yaşlarını saxlaya bilmir. Həmin yer qalanın içindən iki-üç metr hündürdədir. Mənə xoş gələn o oldu ki, qalaya nəzarət edən insanlar bütün detalları olduğu kimi danışırdılar. Prosesləri daha ətraflı izah edirdilər. Orada olanda çox duyğusal vəziyyətə şahidlik etmişdim”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …