Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Təbriz Musayev: ““Xocalı ilə bağlı dünyanın qəbul edə biləcəyi səviyyədə iddia ortaya qoymalıyıq” “

Təbriz Musayev: ““Xocalı ilə bağlı dünyanın qəbul edə biləcəyi səviyyədə iddia ortaya qoymalıyıq” “

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin 30-cu ildönümü yaxınlaşır. XX əsrin ən amansız soyqırımlarından olan Xocalı faciəsi zamanı 613 nəfər erməni silahlı quldur dəstələri tərəfindən öldürülüb. Soyqırım nəticəsində 25 uşaq hər iki valideynini itirib. 8 ailə tamamilə məhv edilib. Ümumilikdə, 1275 nəfər əsir götürülüb.

1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis ilk dəfə “26 fevral – Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb. Ümumilikdə, bütün bunlardan və bir sıra ölkələrin soyqırımı tanımasından çıxış edərək Azərbaycan Ermənistanın Xocalıda törətdiyi vəhşiliklərə görə təzminat istəyə bilərmi?

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, prinsipcə, bu haçansa mümkündür: “Nə qədər çətinliklərlə üzləşsək də, bu yöndə səylərimizi artırmalıyıq. Çünki başqa çarə yoxdur. Nəzərə almaq lazımdır ki, dünyada soyqırım cinayətlərini tənzimləyən beynəlxalq sənədlər mövcuddur. Bir sıra dövlətlər bundan istifadə edib. Bunlardan biri də BMT-nin 1948-ci ildə qəbul edilmiş “Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında” konvensiyasıdır. Lakin bu konvensiya daxilində Beynəlxalq Ədalət Məhkəməsinin avtomatik yurisdiksiyası yaranmır. Ona görə də işin birbaşa olaraq həmin məhkəməyə getməsi mümkün olmur. Çünki Ermənistan dövləti gərək həmin yurisdiksiyanı qəbul etsin. Azərbaycan bura müraciət etsə, Beynəlxalq Ədalət Məhkəməsi şikayətə baxıb deyəcək ki, onların bu iddiaya baxmaq səlahiyyəti yoxdur. Bunu onunla əlaqələndirəcəklər ki, Azərbaycanın iddiasına baxmaq üçün Ermənistanın sözügedən yurisdiksiyanı tanıması lazımdır. Ermənistan da məhkəməyə göndərəcəyi rəyində bu səlahiyyəti qəbul etməyəcək. Ancaq bütün bunlar o demək deyil ki, biz əlimizi yanımıza qoyub gözləməliyik. Digər mexanizmləri işə salmalıyıq. Sistemli və dünyanın qəbul edə biləcəyi səviyyədə iddia ortaya qoymalıyıq. Əlimizdə olan bütün mövcud sübutları, şahid ifadələrini təqdim etməliyik. Bir sözlə, daim bu məsələni gündəmdə saxlamağa çalışmalıyıq. Çox çətin bir proses olsa da buna getməliyik. O zaman ciddi nəticə əldə etmək ehtimalı yüksəkdir. Bir şeyi də nəzərə almalıyıq ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayıb. Deməyim oldur ki, iki ölkə müharibə vəziyyətində olanda təzminat tələbləri ilə çıxış edib nəticə əldə etmək çətin olur”.

Bir sözlə, İAT sədri hesab edir ki, sözügedən məsələni daim gündəmdə saxlamalıyıq. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …