Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Təəssüf ki, televiziyalarımız tarixi günlərimizin ictimailəşdirilməsində zəif iştirak edir”

“Təəssüf ki, televiziyalarımız tarixi günlərimizin ictimailəşdirilməsində zəif iştirak edir”

“Bu sahədə bizim ölkədən kənarda olan ziyalı təbəqəsinin cəhdləri mənə elə gəlir ki, daxildəkindən daha artıqdır. Ona görə də Azərbaycanda bununla bağlı beynəlxalq təbirlərin keçirilməsinə ehtiyac var”
Sentyabrın 15-də Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsinin 100 illiyini keçirəcəyik. Bununla bağlı ilk dəfə olaraq paytaxtımızda parad da keçiriləcək. Bəs bu gün tarixi günlərimizin cəmiyyətimizə çatdırılması üçün  kütləvi informasiya vasitələri belə günlərimizi kifayət qədər ictimailəşdirə bilibmi?
Tanınmış media eksperti, “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Moderator.az-a açıqlamasında tarixi günlərimizin cəmiyyətimizə çatdırılmasında televiziyalarımızın zəif iştirak etdiyini bildirdi:
“Deməzdim ki, yetərincə işıqlandıra bilirik, amma son bir neçə ildə bizim tariximizin şanlı səhifəsi olan 1918-1920-ci illərin ictimailəşdirilməsinin artması müşahidə olunur. Tarixi günlərimizə radiolarımızda, kütləvi informasiya vasitələrimizdə dəfələrlə rast gəlmək olur. Təəssüf ki, televiziyalarımız tarixi günlərimizin ictimailəşdirilməsində çox zəif iştirak edir, amma hansı ki, onların imkanları çox genişdir. Bu sahədə bizim ölkədən kənarda olan ziyalı təbəqəsinin cəhdləri mənə elə gəlir ki, daxildəkindən daha artıqdır. Ona görə də Azərbaycanda bununla bağlı beynəlxalq təbirlərin keçirilməsinə ehtiyac var. Məsələn, Türkiyədə bizim müstəqilliyimizin yüz illiyi ərəfəsində gözəl simfozium keçirildi, amma Bakıda belə bir tədbir keçirilmədi. Çox gözəl olardı ki, dünyanın aparıcı siyasətçilərini, tarixçilərini ölkəyə dəvət edərək, belə bir tədbir təşkil olunsun. Bu da əlbəttə ki, medianın marağının artmasına təsir göstərərdi.
Biz medianı belə günlərimizə kifayət qədər diqqət yetirib-yetirməməsi ilə bağlı günahlandıra bilərik, amma nəzərə almalıyıq ki, ilk növbədə media hadisə yaradan yox, hadisəni təsvir eləyən sosial institutdur. Ona görə də ölkədə elə böyük tədbirlər keçirilməlidir ki, media buna göz yuma bilməsin. Amma yeni hadisə olmadan tarixi günlərimizlə bağlı materiallar elə şəkildə yaradılır ki, media dövlətin və cəmiyyətin ondan tələb etdiyindən artıq iş görür.  Əgər internet və çap mediasının bu sahədə müəyyən əskiklikləri varsa, buna ilk növbədə bu sahəyə cavabdeh olan cəmiyyətin digər strukturları günahkardır”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …