Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / Tənzilə Rüstəmxanlı: “Ölkəmizdə yaşayan etniklər Azərbaycanı özlərinə vətən bilirlər”

Tənzilə Rüstəmxanlı: “Ölkəmizdə yaşayan etniklər Azərbaycanı özlərinə vətən bilirlər”

“Dövlətimizə hörmət edirlərsə…”

Azərbaycanda etnik mənsubiyyət hər zaman müzakirə mövzusudur. Etniklərə qarşı münasibətin necə olması, onların dövlətimizə münasibətləri, bəzi etniklərin separatçılığa meylli olmaları və bunun qarşısının necə alınması yönündə müxtəlif fikirlər səslənməkdədir.

Sovetlər dönəmində milli mənsubiyyət nə qədər basqı altında olsa da, sıradan çıxarılmağa cəhdlər edilsə də, əsas niyyət həyata keçirilmədi. Azərbaycan da daxil, SSRİ-nin tərkibində olan xalqlar öz mənsubiyyətlərini qabardaraq müstəqillik qazandılar. Müstəqillik əldə etdikdən sonra ölkəmizdə peyda olan liberal kəsimlər millətçilik ideyalarının ayaq açıb yeriməsinə qarşı çıxdılar və hətta bu ideyaların bu şəkildə qabardılmasının əleyhinə açıq çıxışlar da etdilər. İstənilən halda etniklərə geniş şərait yaradılmasının doğru olmadığı yönündə fikirlər daha çox səslənir. Belə olduqda onların daxillərində separatçılıq hallarının getdikcə böyüdüyü qeyd olunur.

Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirdi ki, etnik kökənlərin araşdırılması çox zaman ölkə daxilində qarşıdurmalara gətirib çıxarır: “Hər bir kəs hansı millətə mənsubdursa, o millətin nümayəndəsi kimi yaşamaq hüquqi var. Eyni zamanda hansı ölkədə yaşamasından asılı olmayaraq, həmin ölkənin qayda-qanunlarına, konstitusiyasına uyğun yaşamaq haqqı var. Ölkəmizdə yaşayan etniklər Azərbaycanı özlərinə vətən bilirlər. Əgər onlar bizim konstitusiyamıza hörmətlə yanaşırlarsa, dövlətimizə hörmət edirlərsə, burada nə problem ola bilər? Etniklərin separatizm səviyyəsinə çatmalarına izn vermək olmaz. Çünki bunu bir dəfə yaşamışıq və hansı problemlərdən keçdiyimiz hər kəsə bəllidir. Son anda bölünmədən qurtulduq. Vaxtilə ermənilər Qarabağda belə proseslərə start verdilər ki, sonda torpaq bölünməsi ilə nəticələndi. Xarici ölkələrdə yaşayan çoxsaylı azərbaycanlılar var. Onlar öz müqəddəratımızı təyin etmək hüququmuz var deyə proseslərə başlasalar, necə qəbul olunacağını indidən təxmin etmək çətin deyil. Belə hallara heç bir dövlət izn verməz. Bu haqqı heç kimə tanımırlar. Türkiyədə kürdlər millətçiliyi qabardaraq qardaş ölkəni bölmək istəyirlər. Millətçilik yaşadığın ölkəni bölməyə gətirib çıxaracaq, etnik separatizmə sonuclanacaq məsələ olmamalıdır. Azərbaycanda əhalinin 90%-dən çoxu türkdür. Amma bunu deyəndə bəzən qıcıqlananlar ortaya çıxır. Kimsə yəhudi, ingilis, fransız və başqa bir xalqdan olduğunu qürurla deyəndə heç kim qıcıq olmur. Amma ”mən türkəm” deyəndə hər kəs rahatsız olur. Bəzən çox yüksək səviyyələrdə buna reaksiyalar verilir. Bu hallar nə dərəcədə düzgündür? Mən bir Azərbaycan vətəndaşı olaraq, dövlətimin bu məsələlərdəki taleyindən narahatlıq hissi keçirirəm. Çünki adətən etnik ayrıcılıq çox zaman separatizmə gətirib çıxarır. Hər bir vətəndaş belə məsələlərdən qaçmalıdır. Onların bizdən heç bir hüquqları aşağı deyil. Hazırda yüksək yerlərdə  etniklər də  var.

Yəni türklərlə onlara heç bir fərq qoyulmur. Konkret olaraq Azərbaycanda etnik mənsubluğu olanların “dövlət bizə yuxarıdan aşağı baxır” demələrinə heç bir haqları yoxdur. Çünki onlar bəlkə də başqa bir dövlətdə bu qədər rahat ola bilməzdilər. Bu baxımdan düşünmürəm ki, bu bizdə çox ciddi problemdir. Amma problemlərə yol aça biləcək addımlar atılmamalıdır. Uzun müddətdir burada yaşayan, Azərbaycanın ictimai-siyasi həyatında təmsil olunan birisi kimi bəzən görürəm ki, ən ağır günlərdə Qarabağ və digər milli məsələlərlə bağlı ölkədə və ya kənarda yaşayan, amma türk olmayan çoxu ermənilərlə işbirliyində olurlar, dövlətimiz əleyhinə təbliğat aparırlar. Belə hallar da olmamalıdır. Buranın torpağında yaşayıb, suyunu içib, çörəyini yemisən, gərək ən azından bunlara xəyanət etməyəsən. Hansı ölkədə yaşamağından asılı olmayaraq oranın hüquqlarına hörmət etməlisən. Amerikaya diqqət edin, görün bayrağı necə uca tuturlar. Halbuki millət deyillər, yığma komandadırlar. Bizdə də belə ənənələrin olması çox vacibdir”.

Həmçinin oxuyun

“Qarabağın statusu məsələsi bəyanatda qeyd olunmayıb” – XİN rəhbəri

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibə verib. Müsahibədə nazir …