Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Təkgöz və dərkedilməz Molla Ömər – Siyasi portret

Təkgöz və dərkedilməz Molla Ömər – Siyasi portret

Sirverməz, müəmmalı, anlaşılmaz…

Söhbət əfqan “Taliban” hərəkatının lideri, keçən həftə ölümü haqda xəbər yayılmış Muhəmməd Ömərdən düşəndə bu təyinlər stereotiplərə tən olur. Hər necə olur-olsun, bu cür təyinlərlə ancaq barışmaq qalır: onlar özlüyündə Əfqanıstanın həyatında iyirmi ildən çox mərkəzi rol oynamış və nəticə kimi dünya xəbərlərində dərin iz buraxmış bu puştun islamçısını anlamaq bacarıqsızlığı haqda çox şey deyir.

Onun sirrinin əsası – tək-tük fotoşəkillərindədir. Qara əmmamə, gur saqqal, sovet qəlpəsinin çıxartdığı sağ göz… Onun obrazı niyəsə həmişə sürüşkən, sirr pərdəsinə bürünmüş olub. İndiki kütləvi kommunikasiyalar dövründə Molla Ömərin hakmiyyətdə gözəçarpmazlığı və qiyamçıların yanına dönüşdən sonra tam şəkildə qeybə çəkilməsi onun hərəkətinin yalnız özəllikərini vurğulayır. Bu ifrat mühafizəkar, demək olar, iradəsinin ziddinə dövlətə, qiyamçı müharibəyə dönməzdən bir qədər əvvəl isə dünya cihadının bazasına çevrilmiş puştun təriqəti haqda bizə indiyədək az şey məlumdur.

Talib təhlükəsi

Usamə bin Laden Molla Öməri öz planlarının tərkib hissəsi etməsəydi,  dünya, yəqin ki, onun haqqında heç vaxt eşitməyəcəkdi. Yalnız 11 sentyabr teraktından sonra artıq beş il idi ki, mövcud olan Əfqanıstan İslam Əmirliyinin sirli və dərkedilməz liderinə münasibəti dəyişdilər və onu arxaik əcaiblik hesab etmədilər. 2001-ci il sentyabrın 11-də Amerika fövqəldövlətinin ürəyinə bıçaq soxdular, geopolitika od tutub alovlandı, Qərb hökumətləri isə başa düşdü ki, fitil Molla Ömərin kölgəsində yandırılıb. Kibriti əlində özü tutmasa da, “Əl-Qaidə”yə sui-qəsd toxumaq imkanı vermişdi. Savaş başlandı.

Əfqanıstanın süqutu və obskurantizm (daş-qalaq edilmiş və evlərə qapadılmış qadınlar, qızlara məktəbin yasaqlanması, küçələrdə din polisləri) indiyədək Qərbi çox da rahatsız etmirdisə, bu məqamda Taliban təhlükəsini dərhal hiss etdi. Kabilə bombalar yağdı. Talib rejimi çökdü və Molla Ömərlə Usamə bin Laden Pakistana qaçdılar. Mübarizəni orada davam etdirməyə cəhd etdilər: birinci İslam millətçiliyi, ikinci isə dünya cihadı uğrunda. Hər biri özünə xas şəkildə. Ölkədən ilk dəfə kənara çıxmış, kənddə tərbiyə olunmuş puştun və səudiyyəli kübarın nadir tandemi beləcə dağıldı…

 

Sovet müdaxiləsi

 

Molla Ömər haradasa 1959-1962-ci illərdə (dəqiq tarix müəyyən edilməyib) cənubi Qəndəhar əyalətinin bir kəndində anadan olub. Ailəsi yoxsul idi. Ömər hələ lap uşaq ikən Quranın əsaslarını öyrədən və səyyari müəllim olan atası vəfat etdi. Anası mərhumun qardaşına ərə getdi. O da ətraf kəndlərdə dinin əsaslarını təlim edirdi. Buna görə də Muhəmməd Ömər bütün uşaqlığı boyu Əfqanıstan kəndinin din mədəniyyətini mənimsədi. Quran məktəbindəki təhsildən sonra molla olan Ömər öz nəslinin taleyni anladı. 1979-cu ildə SSRİ-nin müdaxiləsindən sonra beynəlxalq siyasətlə amansız toqquşma bu nəslin bəxtinə düşdü. O zaman mühafizəkar “Hərakate-İnqilabe-islam” partiyasının sıralarında müqavimətə qoşuldu. Cəbhədə üç dəfə yaralandı. Gözünü itirdi, lakin silahdaşlarının hörmətini qazandı. Qiyamçıların öhdəsindən gələ bilməyən Qızıl Ordunun 1989-cu ildə gedişindən və 1992-ci ildə sovet rejimi çökəndən sonra Molla Ömər təhsilə qayıtdı.

“Taliban”ın yaranması

Hər necə olur-olsun, tarix özünü yenidən büruzə verdi. Ölkənin mücahid dəstələri tərəfindən işğalı bir-biri ilə rəqabət aparan səhra komandirlərinin qanlı vətəndaş müharibəsi ilə müşayiət olundu.  Yollarda blokpostlar qoyuldu. Ölkə isə silahlı qruplaşma liderlərinin qarət və zorakılıqla məşğul olduğu malikanələrə bölündü. Hadisələrin dönüşündən məyus olmuş əhali içində getdikcə daha çox narazılıq yetişirdi. Qəndəharda qiyam qızışdı. Molla Ömər onun ilhamçısı deyildi, lakin müqavimətin keçmiş döyüşçüləri mübarizəyə başçılıq etmək xahişi ilə ona müraciət etdilər. O razılaşdı.

Beləliklə, 1994-cü ildə fəalları özlərini “taliblər” (“şagird” deməkdir) adlandırdığı hərəkat meydana gəldi. Üzvlərin əksəriyyəti sərhədyanı puştun zonasında Quran məktəblərinin tələbələri idi. Hələ doğuluş dövründə olan hərəkatı iki qüvvə maliyyələşdirmək istədi. Birincilər hökm sürməkdə olan xaosdan biznesləri böyük ziyan görmüş əfqan və pakistanlı yükdaşıyanlar idilər. İş adamları azad hərəkətin bərpa olunmasını arzulayırdılar. İkincilər isə Pakistanın xüsusi xidmət orqanları. Onlara Kabildə prezident Rəbbaninin və onun hərbi rəisi, “Pancər pələngi” ləqəbli Əhməd Şah Məsudun komandasını devirə biləcək yeni puştun hərəkatı lazım idi. Rejim quzey taciklərinin əlində idi. Bu da İslamabadın ürəyincə deyildi, çünki ona tam nəzarət edə bilmirdi.

 

Dünya və Quran

 

“Taliban” hərəkatı əvvəlcə Hindistanın şimal qonşuya istənilən təsirinin qabağını almağa çalışan Pakistanın irimiqyaslı strateji niyyətlərinin girovuna çevrildi. Hər şey yetərincə yaxşı başladı. Hərəkat məyus olmuş insanları “Dünya və Quran” şüarı ilə öz tərəfinə çəkib 1994-cü ildə üsyana qalxdı və Qəndəharı asanlıqla öz nəzarətinə götürdü. Molla Ömər əfsanəsi elə o zaman doğuldu. O, 1996-cı ildə bir neçə yüz mömini Məhəmməd peyğəmbərin əbasının qayğı ilə saxlandığı Qəndəhar məscidinin yanına topladı və əbaya büründü. O anda “əmir əl-möminin” rütbəsini qəbul etdi. Onun taleyi müstəsnalıq xarakteri qazandı. Bir neçə aydan sonra  – 1996-cı ilin sentyabrında Kabil çökdü və taliblər zəfərlə  paytaxta girdilər. Cəmi iki ildən sonra Əfqanıstanın böyük hissəsi nəzarətə götürüldü – komandir Məsudun müqavimət təşkil etməyə çalışdığı Pancər dərəsindən başqa.

 

 

Ömər – bin Laden tandemi

 

Paytaxtların əksəriyyətində güman edirdilər ki, arxaik taliblər hakimiyyət sınağından keçməklə ən sonda praqmatizm qazanacaqlar. Çünki məşhur Molla Ömərlə bin Ladenin tandemi məhz o zaman formalaşdı. Fitrətdən gələn qəribə ittifaq… Molla Ömər Cənubi Asiya üçün səciyyəvi olan və Səudiyyə vəhhabiliyinin böyük təsir buraxdığı dubəndi dini məktəbinin yetirməsi idi.

Bin Ladenin dünya inqilabı cihadı ona o qədər də yaxın deyildi, lakin bu işdə verilmiş söz müqəddəs idi. Molla Ömər “Əl-Qaidə”nin Sudandan çıxardılmış liderinə Əfqanıstanda sığınacaq verməyə razılaşdı (o, orada sovet qoşunlarına qarşı vuruşmuşdu). Puştun qonaqpərvərliyi və İslam həmrəyliyinin qanunları sarsılmaz idi. Ömər bin Ladenin beynəlxalq layihələrini bəyənməsə də, ona mane də olmurdu. “Əl-Qaidə”nin Afrikanın şimalındakı teraktlarından sonra problemli ərəbi ölkədən çıxartmaq tələblərini qəti şəkildə rədd etdi. Hətta sentyabrın 11-dən sonra da onu verməkdən imtina etdi. Pakistan və Səudiyyə Ərəbistanının  emissarları verdiyi sözə görə əl-qolu bağlanmış höcət Ömərə dişlərini qıcayırdılar. O, elə buna görə hakimiyyəti də itirdi.

 

Nəzarətdəki həyat

 

Pakistanda onun həyatı tutqun sürgün dövrünə daxil oldu. Bəlucistan əyalətinin Kvetta şəhərində gizləndi. Orada gizlənmiş taliblərin şurası 2005-ci ildə Qərb hökumətlərinin iqtidara gətirdiyi Həmid Kərzai rejiminə qarşı üsyan hazırlamağa başladı. Bundan başqa, İslamabadın açıq təkziblərinə baxmayaraq, Pakistan xüsusi xidmət orqanları Molla Öməri öz qanadı altına aldı. Həmin vaxt ona Kvettadan getməyi məsləhət gördülər və onu böyük liman şəhəri Karaçidə yerləşdirdilər. Orada Pakistan xüsusi xidmət orqanlarının daimi müşahidəsi altında yaşayırdı. Molla Ömər hədsiz dərəcədə çox şey bilirdi. Onun kəlləsində Pakistanın iyirmi il Əfqanıstanın daxili işlərinə müdaxiləsi sirləri yatırdı.

Əfqanıstan hökumətinin verdiyi məlumata görə, molla Ömər 2013-cü ildə Karaçi xəstəxanasında keçinib. Onun sirri isə bu gün də faş edilməmiş qalır.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın