Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / “Şuşanın dağları qara dumanlı” filmi təqdim olundu – Fotolar

“Şuşanın dağları qara dumanlı” filmi təqdim olundu – Fotolar

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Şuşanın dağları qara dumanlı” adlı sənədli film təqdim olunub. Müəllifi əməkdar jurnalist Mübariz Əsgərov olan filmin təqdimatında millət vəkilləri, ziyalılar, müxtəlif KİV-nin nümayəndələri iştirak edib.

Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, tədbiri giriş sözü ilə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin sədr müavini Elçin Əhmədova açıb. O, filmdə çoxlu sayda sənədli fakt və kadrlardan istifadə olunduğunu diqqətə çatdırıb:
“27 il bundan əvvəl Azərbaycanın həm siyasi, həm də mədəni və strateji əhəmiyyət kəsb edən Şuşa şəhəri erməni işğalçıları tərəfindən zəbt edildi. Bu işğal çoxlarımızın gözü önündə baş verdi.

Ümumiyyətlə, Şuşanın işğal olunmasının müxtəlif səbəbləri olub. Ermənistanın Azərbaycana dair torpaq iddiası başladığı vaxt ermənilərə böyük himayə var idi. Bu himayə həm sovet rəhbərliyi, həm də müxtəlif terror qruplar və dəstələr idi. Məhz bunların sayəsində torpaqlarımız işğal olundu. Digər səbəb isə həmin dövrdə Azərbaycan rəhbərliyində olanların Qarabağa biganə münasibəti idi.

“Şuşanın dağları qara dumanlı” filminin ərsəyə gəlməsində Dağlıq Qarabağın Azərbaycanlı İcmasının təşəbbüsü oldu. Film çox mühüm əhəmiyyət kəsb edir. Çünki burada kifayət qədər sənədli kadrlar var. Bununla da Şuşanın həmin dövrdəki şəraiti, vəziyyəti göz önünə gəlir”.

Filmin müəllifi Mübariz Əsgərov da çıxış edərək bildirib ki, filmdəki hadisələr Şuşanın işğalından bir əvvəl olan zamanı əhatə edir:
“Burada vertolyot qəzası, Şuşa rayonu icra hakimiyyətinin başçısı Mikayıl Gözəlovun öz kabinetində güllələnməsi, bu qətlin şahidlərinin danışması, qətli törədən şəxs, hansı ki, ömürlük həbs cəzası alıb, onunla müsahibə, Boris Yeltsinin Şuşaya gəlməsi və digər hadisələr yer alıb. Bütün bunların hamısı fakt və sübutlarla göstərilib.

Həmin dövrdə ölkə rəhbərinin Şuşanı unutması, siyasi özbaşınalıqlar Şuşanın işğalına gətirib çıxardıb. Beləliklə, filmin əsas məzmunu bundan ibarətdir. Bütün bu hadisələrə bir daha baxmaq bizləri ağrıdır. Əgər bizi ağrıdırsa, deməli, Şuşa hələ itirilməyib. Aprel döyüşləri onu göstərdi ki, Azərbaycan ordusu öz torpaqlarını geri qaytarmağa tam hazırdır.

Qeyd edim ki, filmin məsləhətçisi Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur”.

Daha sonra film tədbir iştirakçılarına təqdim olunub.

Təqdimatdan sonra millət vəkili Aqil Abbas çıxış edib. O, filmdən təsirlənərək, kövrəldiyini bildirib:
“Filmdə, demək olar ki, əsasən Şuşanın mərhum icra başçısı, öz otağında güllələnən Mikayıl Gözəlovdan söhbət gedir. Mən də Mikayılla bağlı əsər üzərində işləyirəm, çünki onu yaxından tanıyırdım.

Film çox gözəl filmdir, biz çox kövrəldik. Qarabağ azad olunacaq, çünki onu azad edəcək ali baş komandan, ordu da var”.

Millət vəkili Musa Quliyev filmi ərsəyə gətirən Mübariz Əsgərova öz təşəkkürünü bildirib:

“Filmə baxanda bilinir ki, Mübariz bəy onun üzərində çox zəhmət çəkib. Bu film bizə 2 suala cavab verməyi vadar edir. Onlardan biri odur ki, bu film bizdən soruşur – millət olaraq biz hansı şəraitdə torpaqlarımızı itirmişik. İkinci nə etməliyik, hansı şərait yaratmalıyıq ki, torpaqlarımızı işğalçılardan geri qaytara bilək? Fikrimcə, filmin nəzəri fəlsəfi mahiyyəti bundan ibarətdir”.

Digər iştirakçılar da çıxış edərək, film haqqında fikir və rəylərini bildirib.X

Həmçinin oxuyun

Ərdoğan işğala məruz qalanla işğalçını ayırd etməyin vacibliyini Ruhaninin diqqətinə çatdırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. “Anadolu” …