Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Aktual / “Şuşanı azad etməyin yollarını açıqlayıb düşməni duyuq salmaq istəmirəm…” – Kəşfiyyat polkovniki

“Şuşanı azad etməyin yollarını açıqlayıb düşməni duyuq salmaq istəmirəm…” – Kəşfiyyat polkovniki

“Öncə onu deyim ki, bu saat ön cəbhədə – Şuşa-Laçın, Kəlbəcər və s. istiqamətində savaşan Azərbaycan əsgəri ilə çiyin-çiyinə vuruşmaq həvəsilə içim göynəyir. Şüşadan, Malıbəylidən, Quşçulardan  olan bütün dost-tanış zəng edir, yazır ki, nə oldu, komandir, təşkil elə, birgə gedək torpaqlarımızın, Şuşanın azadlığı uğrunda döyüşək. Amma təəssüf ki, belə bir səlahiyyətim yoxdur, yoxsa bir anda Bakıda oturmaram…”  
Bu fikirləri Moderator.az-a açıqlamasında tanınmış Qarabağ qazisi, 1991-1992-ci illərdə Şuşanın müdafiəsi döyüşlərində iştirak etmiş istefada olan kəşfiyyat polkovniki  Azay Kərimov Şuşa uğrunda aparılan hərbi əməliyyatların xüsusiyyətləri haqda danışarkən söyləyib.
“Özüm də istərdim ki, o torpaqlara yaxşı bələd olan, neçə on illik döyüş və hərb təcrübəsi olan biri kimi orada döyüşən hərbçilərimizə, az da olsa, köməyim dəysin. Mən və mənim kimi Şuşadan, Laçından olan keçmiş tanınmış Qarabağ qaziləri, “Laçın dəhlizi” deyilən ərazini də, Şuşa və ətrafındakı yüksəklikləri də əllərinin  içi kimi tanıyırlar. Ən azı, kəşfiyyat, bələdçilik və s. işlərdə ordumuza dəstək verə bilərik. Bu məqsədlə dəfələrlə səfərbərlik məntəqəsində olub məni də döyüşə aparmaları üçün nəinki xahiş etmişəm, yalvarmışam da… Ancaq deyiblər ki, hələ ehtiyac yoxdur, olanda xəbər edəcəyik. Təbii ki, bizlər də vahid komandanlığın əmrinə tabe olaraq gözləmək zorundayıq…  
Yenə də qəzetiniz vasitəsilə  ehtiyatda olan bir kəşfiyyat polkovniki kimi Ali Baş Komandana, Müdafiə Nazirliyinə müraciət edirəm ki, bizləri dəvət edib bilik, təcrübə, bacarıq və enerjimizi torpaqlarımız azadlığı yolunda sərf etməyimizə şərait yaratsınlar”- deyə 55 yaşlı keçmiş döyüşçü komandir yenidən ön cəbhədə gənc əsgərlərimizlə çiyin-çiyinə vuruşmaq arzularını ifadə edib.
“Şuşa uğrunda əməliyyatlara gəldikdə, bu qədim və gözəl Azərbaycan şəhəri dəniz səviyyəsindən 1500-1700 metrədək yüksəklikdə yerləşməklə, üç tərəfdən sıldırım qayalıqlarla əhatə olunmaqla çox strateji bir məkandadır. Ancaq bu, o demək deyil ki, həmin şəhəri erməni terrorçu birləşmələrindən  təmizləməyin yolu yoxdur. Təbii ki, öncə Şuşanı mühasirəyə almaq gərəkdir. Sadəcə, bunun üsullarını, Şuşanı azad etməyin yollarını burada açıqlayıb düşməni duyuq salmaq istəmirəm… 
Ancaq onu bilirəm ki, ermənilər 1991-1992-ci illərdə Şuşanın işğalını asanlaşdırmaq üçün Kərkicahan qəsəbəsi yaxınlığındakı yüksəkliklərə  tank, avtomobil yolları açaraq oralara artilleriya qurğuları da yerləşdirdilər.  Məqsəd o idi ki, Şuşadan da, Topxanadan da yüksəkliyə qalxaraq Şuşanı ovuclarının içi kimi görərək ona nəzarət etsinlər. Eyni məqsədlə  Muxtarkənddən  yaxınlıqdakı yüksəkliklərə də yol çəkdilər…
Bu saat ordumuz üçün yaxınlığında 1975 metrlik yüksəklik olan Qırmızı Bazar qəsəbəsini də azad etmək vacibdir. Çünki oradan da Şuşa əl içi kimi görünür. Eyni zamanda həmin  yüksəklikdən Laçın dəhlizini də nəzarətdə saxlamaq mümkündür. Füzulidən Qırmızı Bazara, oradan da Şuşaya birbaşa yol var…” – keçmiş kəşfiyyat polkovniki belə deyib.

Həmçinin oxuyun

Ermənistan ordusunun acınacaqlı vəziyyəti – VİDEO

İkinci Qarabağ müharibəsi bitsə də, Ermənistanda ordu ilə bağlı problemlər səngimir. Ermənistan rəhbərliyi məğlub ordunun …