Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Aktual / “Surxay Atakişiyev AzTV-dən və Rövşən Məmmədovdan qisas almağa çalışır” – İTTİHAM

“Surxay Atakişiyev AzTV-dən və Rövşən Məmmədovdan qisas almağa çalışır” – İTTİHAM

Azərbaycan Dövlət Televiziyasının feysbukdakı səhifəsində “AzTV-yə qarşı qara PR üçün xüsusi qruplar yaradılıb – Rüşvətə görə işdən çıxarılanları kim himayə edir?” başlıqlı yazı dərc olunub. Yazıda telekanalın sabiq əməkdaşı Surxay Atakişiyev reketçilikdə ittiham olunur.

Həmin yazını təqdim edirik: “

Son zamanlar yeni yaranmış və yaradılma məqsədi də birbaşa AzTV ilə bağlı qarayaxma kampaniyası aparmaq olan (saytda AzTV haqqında gündəlik yazılar bu fikri tam təsdiq edir) bakuexo.az saytında AzTV-nin sədri başda olmaqla kollektivin ayrı-ayrı rəhbər işçilərinə qarşı heç bir əsası olmayan, əsassız, qərəzli və qeyri-peşəkar yazılar yer alır.

Həmin yazılara keçməzdən öncə saytın rəhbəri Surxay Atakişiyevin əslində kim olduğuna və hansı səbəblərdən AzTV-dən işdən azad edildiyinə qısaca aydınlıq gətirək.

Bu şəxsi yaxından tanıyan hər kəs S.Atakişiyevin jurnalistikada “xidmətlər”ini gözəl bilir. Tanımayanlar üçün isə deyək ki, o, uzun illər AzTV-də “rüşvət jurnalistikası”nı böyük həvəslə reallaşdıran, getdiyi ən xırda tədbirlərdən, hətta kənd təsərrüfatı yarmarkalarından belə əlidolu qayıdan “təcrübəli jurnalist”lərdən olub. Bir sözlə, həm özü dolanıb, həm də dolandırıb.

Lakin yeni sədr Rövşən Məmmədov fəaliyyətinin ilk günlərində S. Atakişiyevi bir neçə dəfə çağıraraq AzTV-də rüşvət dövrünün artıq bitdiyini deyib, rüşvət alacağı halda işdən azad olunacağına dair xəbərdarlıq edib.Öncə onun maaşı 250 manatdan 800 manata qaldırılıb və S. Atakişiyev baş redaktorun müavini vəzifəsinə təyin olunub. Bildirilib ki, yaxın gələcəkdə maaşında yenə də artım olacaq, təki rüşvət almağından əl çəksin. Lakin necə deyərlər, qozbeli qəbir düzəldər.

Köhnə ənənəsindən əl çəkə bilməyən Surxay 3 ay keçməmiş AzTV-yə gələn şikayət əsasında ifşa olunub. Məsələ budur ki, özü çəkilişlərə getməsə də efirə gedən materiallara diqqətlə baxan “peşəkar jurnalist” daha sonra sahibkarlarla görüşüb pul tələb edirmiş. Bu barədə konkret fotofakt və rəylər də var. Məlumat AzTV rəhbərliyinə çatan kimi sədr Surxay Atakişiyevi çağıraraq onunla işləyə bilməyəcəyini bildirib. Öncə and-aman edərək rüşvət almadığını iddia edən Surxay daha sonra təqdim olunan fotofaktlar qarşısında aciz qalaraq günahını etiraf edib və öz ərizəsi ilə işdən azad olunub. Bütün baş verənlərdən sonra Surxay dəfələrlə yenidən AzTV-yə işə düzəlməyə çalışıb. Lakin ona bildirilib ki, rüşvət alan və rüşvətə görə işdən azad olunan şəxsin yenidən bu TV-yə qayıtması mümkün deyil.

Belə olan halda keçmiş əməkdaş AzTV-dən və konkret olaraq sədr Rövşən Məmmədovdan qisas almağa çalışır. Maraqlısı da odur ki, bu gün jurnalistikada rüşvəti əsas amal və məqsəd hesab edən Surxay Atakişiyev kimilərinə qucaq açan, ona sayt açaraq AzTV-yə qarşı qara piar aparmasına şərait yaradan ləyaqətsiz adamlar da var. Hətta əldə etdiyimiz məlumata görə bu məqsədlə kənarda xüsusi qrup da yaradılıb. Həmin məlum fərdlər və reket qrupu ilə mübarizə aparmaq, onların səviyyəsinə düşmək bizə yaraşmaz.

Bizim bir amalımız var – AzTV-nin texniki və yaradıcı inkişafına nail olmaq, illərdir formalaşmış və kök atmış problemləri həll edib, sözün əsl mənasında müasir kanal yaratmaqdır. Yürüdülən bütün bu və digər formalı səviyyəsiz qarayaxma kampaniyasına rəğmən biz qarşımıza qoyduğumuz məqsədə doğru inamla irəliləyirik.

Əlində AzTV ilə bağlı rüşvət, yaxud yeyinti faktı olanlardan isə xahişimiz odur ki, ucuz şou yaratmaqdansa, aidiyyəti orqanlara müraciət etsinlər. Yoxdursa və məqsəd yalnız qarayaxma kampaniyası aparmaqdırsa, inanın ki, bu, kənardan gülünc görünür”.

Səslənən fikirlərlə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Azinforum.az

Həmçinin oxuyun

Azərbaycanda karantin rejimi yenə yumşaldılır

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə …