Ana səhifə / Aktual / SURAXANIDA 21 NƏFƏRİN SƏNƏDLİ TORPAĞINI KİMLƏR ZƏBT EDİB …  – RƏCƏB HÜSEYNOVUN HAVADARLARI KİMLƏRDİ? (VİDEO)

SURAXANIDA 21 NƏFƏRİN SƏNƏDLİ TORPAĞINI KİMLƏR ZƏBT EDİB …  – RƏCƏB HÜSEYNOVUN HAVADARLARI KİMLƏRDİ? (VİDEO)

Bakı şəhər sakinləri Cəfərov Aləmşah Məmmədəli oğlu və digər 20 nəfər Azinforum.az İnformasiya Portalına şikayət ərizəsilə müracət ediblər. Şikayətçilər qanuni əsaslarla onlara verilən torpaqların bir qrup imkanlı və vəzifəli şəxslər tərəfindən zəbt edildiyini iddia edir. Məsələnin ictimailəşməsini istəyən şikayətçilər ölkə başçısı İlham Əliyevdən məsələni şəxsi nəzarətə götürməyini xahiş edirlər. Azinforum.az olaraq, biz vətəndaşların şikayətini və əlavə olunan videomüraciəti təqdim edirik. Şikayətdə adları çəkilən hər bir şəxsin mövqeyinə yer verməyə hazır olduğumuzu bildiririk.

“Mən və digər şəxslər 2002-2004-cü illərdə fərdi yaşayış evlərinin tikilməsi üçün Suraxanı rayonu Zığ Bələdiyyəsinə yaşayışımızı yaxşılaşdırmaq məqsədilə müraciət etmişdik. Müraciətimiz əsasında bizlərə Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən müəyyən ölçülərdə torpaq sahəsi ayrılaraq sərəncamlar verilmişdir.

 

sur0

Bir xeyli müddətdən sonra, yəni 2012-ci il tarixində, biz torpaq ayrılmış vətəndaşlar həmin torpaq sahələrini özəlləşdirmək üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etdik, müraciətimizə cavab olaraq bildirdilər ki, torpaq sahələrini kadastr etmək üçün Bakı şəhər İcra Hakimiyyətindən müvafiq rəy alınmalıdır. Bundan sonra Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdikdə isə torpaq sahələrinin özəlləşdirilməsi üçün lazım olan müvafiq rəylərin verilməsinin dayandırıldığını söylədilər. Bu səbəbdən də biz vətəndaşlar rəsmi qaydada Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etdik, müraciətimizə rəsmi qaydada imtina məktubu ilə cavab verdilər.

sur1

Həmin imtina məktubundan qanuni əsaslarla Bakı şəhər 2 saylı İnzibati-İqtisadi məhkəməsinə iddia ərizəsi ilə müraciət etdik. İddia ərizələrimiz 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin müvafiq 2-1(82)-1591/2012, 2-1(82)-3086/2013, 2-1(82)-3087/2013, 2-1(82)-3089/2013, 2-1(82)-3095/2013 saylı qərarları ilə təmin edilərək, torpaq sahələrinin palnı və ölçüsünün (kadastr planı) verilməsi, habelə həmin sərəncamlar əsasında tərtib edilmiş torpaqların alqı-satqısına dair aktların qeydə alınması vəzifəsini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilmişdir. Məhkəmənin sözügedən bu qərarlarından sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssislər gələrək ölçülər aparmış və torpaq sahələrimizə müvafiq kadastr planları verilmişdir. Bu kadastr planları ilə biz vətəndaşlar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək torpaq sahələrimizə uyğun müvafiq Çıxarışlar aldıq.

sur2
Torpaq sahələrimizin Çıxarışlarını alandan sonra, yaşayışımızı yaxşılaşdırmaq üçün torpaq üzərində fərdi yaşayış evlərinin tikintisini başlayan ərəfədə, yəni 2012-ci il tarixində “Araz İnşaat LTD” MMC-nin rəhbərliyi tərəfindən biz vətəndaşlara bu torpaqların onların olduğunu bildirdilər, bu zaman biz torpaqların bizim olduğunu və bununla bağlı müvafiq Çıxarışlarımızın olmasını deyərək, əgər torpaq sənindirsə torpağın onların olması ilə bağlı sənədlərini göstərilməsini tələb etdik. Bu zaman Rəcəb Hüseynov adlı şəxs mənim heç bir sənədim yoxdur, sənədim özüməm və cibimin puludur, torpaqlarınızı pul verərək Məhkəmə qaydasında sizin əlinizdən alacam deyə cavab vermişdir. Biz isə buna əhəmiyyət vermədik, çünki ağlımıza belə gəlməzdi ki, bu qədər haqsızlıqlar və vicdansızlıqlar ola bilər.
Bundan sonra , Rəcəb Hüseynov bizə Suraxanı rayon Məhkəməsi tərəfindən torpaq sahələrimizin üzərinə həbs qoyulduğunu və tikinti aparmağımıza icazə verilmədiyini bildirdi. Araşdıraraq torpaq sahələrimizin üzərinə həbsin torpaq sahələrimizə qonşu olan ərazinin sahibi “Araz İnşaat LTD” MMC-nin müraciəti əsasında Suraxanı rayon Məhkəməsi tərəfindən qoyulduğunu öyrəndik.

sur3
Həmin Suraxanı rayon Məhkəməsi tərəfindən qoyulmuş həbs bizim və “Araz İnşaat LTD” MMC-nin torpaq sahələrinin üzərinə qoyulduğu məlum olmuşdur, amma buna baxmayaraq, bizə tikinti aparmağa icazə verilmir,  “Araz İnşaat LTD” MMC -yə isə həbs ola-ola torpaq sahəsində beton zavodu tikməyə icazə verilmişdir.
Araşdırma zamanı məlum olmuşdur ki, “Araz İnşaat LTD” MMC-nin gizli rəhbərliyində olan Rəcəb Hüseynovun arxa-dayağı, dolayı yolla desək himayədarı Suraxanı rayon Yeni Azərbaycan Partiyasının sədri Vüqar Seyidov, Vüqar Seyidovun qayınatası Osman Abutalıbov və onun qardaşı Bakı şəhər İcra Hakimiyyətinin başçısı, mer Hacıbala Abutalıbovdur. Bu vəzifəli şəxslərə olan arxayınlıq “Araz İnşaat LTD” MMC-nin gizli rəhbəri Rəcəb Hüseynova bu hərəkətləri, yəni özbaşınalıqları etməsinə şərait yaradır.

 

sur4
Təəssüflər olsun ki, bu mübahisələrlə bağlı məhkəmələrdə də, obyektiv qərar çıxarılmayıb. Məhkəmə hakimlərindən olan Zaur Tağıyev 2013-cü ildə torpaqların bizə verilməsi üçün əsas olan qərarı qəbul etmiş olsa da, 2015-ci ildə isə həmin qərarını xatırlatmağımıza baxmayaraq, unudaraq Çıxarışlarımızın əsassız olması ilə bağlı qərar qəbul etmişdir.
Eyni zamanda, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 126 saylı 20 may 2005-ci il tarixli sərəncamında “Araz İnşaat LTD” MMC-yə ayrılmış torpaq sahəsinin 4.2 ha olması göstərilsə də, bundan 5 il sonra yəni 30.12.2010-cu il tarixində 517 nömrəli sərəncamında İcra Hakimiyyəti dolayısı yolla səhv etdiyi hesab edərək guya dəqiqləşmə aparmış və “Araz İnşaat LTD” MMC-nin torpaq sahəsinin birdən-birə 7.3154 ha olması nəticəsinə gəlmişdir. Bu bir gülünc haldır ki, necə ola bilər ki, İcra Hakimiyyəti 3 hektar ərazisini səhv ölçsün və bunun səhv olması şübhəsinə də 5 ildən sonra qənaətinə gəlsin.

 

sur5
Bundan başqa, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 517 saylı, 30.12.2010-cu il tarixli sərəncamının verilməsindən 2 il sonra Bakı şəhər Vergi Departamenti “Araz İnşaat LTD” MMC-ni icarə haqqının ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə vermiş, sözügedən məhkəmə işində yəni, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iq(82)-341/2012 saylı 07.02.2012-ci il tarixli qətnaməsinin 2-ci səhifəsinin 5-ci bazasında iş materiallarına əlavə edilən sənədlər arasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.05.2005-ci il tarixli, 126 saylı sərəncamı təqdim edilmiş və “Araz İnşaat LTD” MMC-nin ərazisinin 4.2 hektar olması göstərilmişdir. Belə olan halda, “Araz İnşaat LTD” MMC Bakı şəhər İcra Hakimiyyəti Başçısının vermiş olduğu 30.12.2010-cu il tarixli, 517 saylı sərəncamının yalan olması və ərazisinin 7.3154 ha deyil 4.2 ha olması həqiqətini bir daha təsdiq etmişdir.
Bu vəzifəli şəxslərin özbaşınalığı biz haqqları olan vətəndaşların haqqlarının tapdalanmasına yol açan şəxslərin cəzalanması vacibdir. Prezidentimiz və Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyətin toxunulmazlığına qarantiya verir, lakin bir qrup vəzifəli şəxs və ya konstitusiyamızı heçə sayan bəzi hakimlər bunların heç birini saymır, əməl etmirlər.
Hesab edirik ki, Ulu öndər Heydər Əlirza oğlu Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının Suraxanı rayonunun sədri Vüqar Seyidovun da bu istiqamətdə yol verdiyi nöqsanlar ciddi araşdırılmalıdır. Bununla bağlı kifayət qədər faktla malikik.

sur7

 

“Araz İnşaat LTD” MMC və onun himayədarları torpaq sahələrimizdən imtina etməsək, bizi və uşaqlarımızı şərləməsi ilə hədələyir, bu isə bizi çox qorxudur, uşaqlarımız məktəblərə qorxu içərisində gedirlər.
Bütün bunları nəzərə alaraq, biz vətəndaşlar ümidvarıq ki, cənab Prezidentimiz bu özbaşınalıqlardan xəbərdar olan kimi bizə yardımçı olacaq, bu səbəbdən də ərizəmizi mətbuatda işıqlandırmağınızı Sizdən xahiş edirik”.

 

M.MİRZƏYEV,

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın