Cümə axşamı , May 26 2022
Ana səhifə / Aktual / Suqovuşanda verilən MESAJ: Qarabağda heç bir muxtariyyət ola bilməz!

Suqovuşanda verilən MESAJ: Qarabağda heç bir muxtariyyət ola bilməz!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz bayramı ilə əlaqədar Tərtər rayonunun Suqovuşan qəsəbəsinə səfər ediblər. Səfər çərçivəsində rayonun işğaldan azad edilən yerlərində mühüm obyektlərin açılışları olub. Ölkə başçısı səfər çərçivəsində bayram tonqalı alovlandırıb, Azərbaycan xalqına bayram təbriki ünvanlayıb. Prezidentin ailə üzvləri ilə birlikdə bayram və özəl günlərdə işğaldan azad edilən ərazilərə səfər etməsi artıq bir ənənə halını alıb. Bu səfərlər zamanı prezidentin verdiyi mesajlar xüsusilə diqqət çəkir.Prezident Suqovuşana səfəri çərçivəsində deyib: “Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada – tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq”.Siyasi şərhçi Turan Rzayev hesab edir ki, prezidentin bu mesajı faktiki olaraq Ermənistan və Azərbaycanın Qarabağa baxış bucağındakı kəskin fərqi büruzə verir: “Məsələ ondadır ki, Azərbaycan regionda sülhün təmin edilməsinə yönələn addımlar atsa da Ermənistan vaxtaşırı təxribatlar törədir. Başda Zəngəzur dəhlizinin açılması olmaqla, üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışır. Təsadüfi deyil ki, 44 günlük müharibədən lazımi dərs çıxarmayan Ermənistan bu gün işğaldan azad edilən Qarabağa da iddia edir. Azərbaycanın Şuşa şəhərində keçirilmiş konfransda BMT nümayəndəsinin iştirakı ilə bağlı Ermənistan XİN-nin etiraz bildirməsi də bunu sübuta yetirir”.Siyasi şərhçi xatırladıb ki, 27 illik işğal prosesi zamanı ermənilər tarixi torpaqlarımızı sözün əsl mənasında istismar edib, bu da azmış kimi, Cıdır düzündə kef məclisləri təşkil edərək yallı da gediblər:“Əslində bu illər ərzində Ermənistanın heç bir quruculuq və məskunlaşdırma işi aparmamasının pərdəarxasında işğalçılıq və torpaqların ona məxsus olmadığı düşüncəsinin hakim olması dayanır. Yəni rəsmi İrəvan işğal etdiyi torpaqların gec-tez öz sahibi tərəfindən işğaldan azad ediləcəyini bildiyi üçün bu illər ərzində Qarabağda daşı daş üstə qoymayıb. Bu, Ermənistanın “tarixi torpağım” dediyi Qarabağa yanaşmasıdır”.T. Rzayev diqqətə çatdırıb ki, prezident İ. Əliyev Qarabağa əksər səfərləri zamanı yeni açılışlar edir, burada aparılan quruculuq işləri ilə tanış olur: “Hesab edirəm prezidentin “Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq”,- deyərək həm Ermənistanın bu və ya başqa ərazi iddialarının əsassız olduğunu, həm də Ermənistandan fərqli olaraq Azərbaycanın Qarabağı yenidən bərpa edərək burada əbədi yaşayacağı mesajını verib”.Prezident çıxışı zamanı həm də onu qeyd edib ki, “Bütövlükdə həm Qarabağda, həm Şərqi Zəngəzurda quruculuq, abadlıq işləri planlı şəkildə aparılır”. Prezidentin bu ifadəsi əslində onun bir il öncəki ifadəsini təsdiqləyir. Yəni Azərbaycan Ermənistandan fərqli olaraq yad torpağında deyil, öz torpaqlarında quruculuq və abadlıq işləri apararaq böyük qayıdış siyasətini tezləşdirir.Prezident Suqovuşana səfəri çərçivəsində Qarabağ ətrafında başladılan münaqişənin tarixinə də toxunub. Ölkə başçısı qeyd edib ki, Suqovuşan qədim Azərbaycanın tarixi yeridir. Azərbaycan xalqı bu ərazilərdə əsrlər boyu yaşayıb. Ancaq 1923-cü ildə doğma Qarabağ diyarımızda qanunsuz və heç bir əsası olmadan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb.Onu da qeyd edək ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması üçün etnik və mədəni əsas olmayıb. Adətən bu tip addımlar tarixən bir ərazidə yaşayan etnik ünsür və onun mədəniyyətini qorumaq üçün atılır. Lakin ermənilər Qarabağa gəlmədir. Prezidentin bu məsələni dilə gətirməsinin əsas səbəbi onun “Qarabağda heç bir muxtariyyətdən söhbət belə gedə bilməz”,- ifadələrini təsdiqləyir.

Həmçinin oxuyun

Səlim Müslümov ev dustaqlığına BURAXILDI

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib. Azinforum.az-ın …