Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / “Sumqayıtda 6 azərbaycanlı gənc PDM-in altında qalaraq həlak olmuşdu…” – Rus prokuror

“Sumqayıtda 6 azərbaycanlı gənc PDM-in altında qalaraq həlak olmuşdu…” – Rus prokuror

“Müstəntiq Mahir Cavadovla qarşımıza əllərində dəmir parçaları olan təxminən 1000 nəfərlik izdiham çıxdığından yolumuzu dəyişdirməli olduq…”

Milyonlarla Azərbaycan vətəndaşı üçün  bu günədək olmazın əzab, faciə və itkilərlə müşayiət olunan, dünya gücləri üçün isə guya böyük bir bulmacaya çevrilmiş keçmiş Dağlıq Qarabağ ətrafındakı olaylar 32-33 il əvvəl – hələ beynəlmiləlçi baxışların hakim olduğu sovet dövründən başlayıb. Azərbaycan türklərinin Ermənistandan deportasiyası, Əsgəranda iki gənc azərbaycanlının erməni ekstremistləri tərəfindən öldürülməsi, Sumqayıt hadisələri və s …
Və bu günədək sonradan qanlı qarşıdurma və hərbi əməliyyatlara çevrilmiş həmin hadisələrin əsas baiskarları  SSRİ-nin sonuncu rəhbəri M.Qorbaçov  və sonradan Rusiya prezidenti B.Yeltsin başda olmaqla Kreml iqtidarı, sovet və rus ordusunun, eləcə də kəşfiyyatının rəhbərliyi hesab olunur…
Yəqin ki, oxucularımız üçün milliyyətcə rus olan Azərbaycan Respublikası vətəndaşının,  Azərbaycan Baş Prokurorluğun keçmiş əməkdaşı, 1988-ci ilin fevralında Sumqayıt şəhər prokurorunun müavini işləmiş və  iki Azərbaycan gəncinin qətli ilə nəticələnmiş Əsgəran hadisələrindən sonra bir həftə Xankəndidə ilkin istintaq hərəkətlərində iştirak etmiş   istefada olan prokuror Anatoli Vasilyeviç Koçerıginin Qarabağ məsələsinə və ayrıca Sumqayıt “qırğını”a münasibətini öyrənmək maraqlı olar… 

Əməkdaşımız Moderator.az-ın rus versiyası üçün  müstəqillik dövründə də – 2002-ci ilədək Azərbaycan Respublikası Baş Prokurorluğunda mühüm vəzifələrdə çalışmış keçmiş rus prokurordan müsahibə götürüb. 
Müsahibənin maraqlı məqamlarının tərcüməsini nəzərinizə çatdırırıq.

Əvvəli burada:https://www.moderator.az/news/338140.html )-Anatoli Vasilyeviç, 1988-ci ilin fevralında “Sumqayıt talanları” adlandırılan olaylar zamanı hansı faktların şahidi oldunuz? İstintaq prosesləri zamanı görüşdüyünüz adi ermənilərin bu hadisələrə münasibəti necə idi?.. 
-… Sumqayıtı uşaqlığımdan xatırlayıram. Şəhərə ilk dəfə ötən əsrin 50-ci illərinin sonunda valideynlərimlə getmişdim. Onların dostları orada yaşayırdılar. Yaxşı yadımdadır, 1963-cü ilin yayı idi. Mən pioner düşərgəsində idim və bizi Sumqayıta ekskursiyaya apardılar. Sumqayıt çimərliyində üzdük. Hələ indi də dəniz suyunun qusmaq hissiyyatı yaradan iyrənc dadını xatırlayıram. Böyük kimya, metallurgiya və s. sənayesi… Bütün bunlar dənizi, havanı, şəhərin torpaqlarını zəhərləyirdi … O zaman  ekologiyaya az diqqət yetirilirdi… 
…Sumqayıt – gənclik, əmək şəhəri idi. Çox abad, təmiz, gözəl binalar və küçələr var idi. Azərbaycan SSR-in ən böyük müəssisəsi də burada yerləşirdi – 12 min nəfərin çalışdığı Sumqayıt Boru Tökmə Zavodu. Onun məhsulları yalnız SSRİ-nin bir çox şəhərlərinə deyil, həm də dünyanın onlarla ölkəsinə göndərilirdi… 
O illərdə bizə beynəlmiləlçilik – bərabərlik, dostluq, qardaşlıq ruhunda yaşamaq öyrədilirdi. “Özün həlak ol, amma dostuna kömək et” kimi insani prinsiplərlə yaşayırdıq. Dost olurduq, və bu əqidə əsasında ailələr yaradılırdı…
Fürsətdən istifadə edərək verdiyi ideya üçün dəyərli sənətkarımız Bəhram Bağırzadəyə, eləcə də “Gəncliyimin şəhəri” kitabının yazılmasında və nəşrində göstərdiyi dəstəyə görə Elçin Muradova təşəkkür edirəm. Bu kitab yer üzünün ən beynəlxalq şəhərinə-  sevimli Bakımıza, onun sakinlərinin  bir çox nəsillərinə, onların sarsılmaz dostluğuna həsr olunmuş bir himndir. Hər kəsə bu kitabı oxumağı tövsiyə edirəm, xüsusən də gənc nəslə … 
… Sovet dövründə Sumqayıt da çoxmillətli şəhər idi. Ermənilər ümumi əhalinin 18% -ni təşkil edirdi. Çoxu Qarabağdan idi … 
Yadımdadır, 29 fevral 1988-ci ildə səhər şəhərə çətinliklə yetişdim. Maşınla yalnız mərkəzi Bakı-Quba magistral yolunun döngəsinə qədər gələ bildim. Prokurorluğa (9-cu mikrorayonda yerləşən) piyada gəlib çıxdım. Çox sakitlik idi. Ara-sıra bir neçə adam görünürdü. Bəzi binalarda qırılmış pəncərələr və yanğın izləri görünürdü. Şəhər prokuroru rəhmətlik İsmət Qayıbovla qısa söhbətdən sonra müstəntiq Mahir Cavadovla birgə şəhər partiya komitəsinə yollandıq. Lakin hərəkət marşrutunu bir az dəyişdirməli olduq. Çünki şəhər stansiyası tərəfdən əllərində dəmir parçaları, çubuqlar və s.  olan təxminən 1000 nəfərlik bir izdiham gəlirdi… 
Şəhərin indiki rəhbərliyinin binası tamamilə Hərbi Dəniz məktəbinin zabitləri və kursantları tərəfindən mühasirəyə alınmışdı. Hərbçilərin hamısının əlində süngüləri olan Kalaşnikov avtomatları var idi, ancaq sandıqçalarında patron yox idi… Binanın bütün mərtəbələrində, dəhliz və kabinetlərdə erməni qadınlar, uşaqlar yerləşdirilmişdi… 
Qarabağda olduğu kimi, Sumqayıtda da ilkin istintaq hərəkətləri aparmaq lazım idi: zərərçəkənləri, şahidləri dindirmək, hadisələrin baş verdiyi yerləri yoxlamaq və s. Artıq SSRİ Daxili İşlər Nazirliyinin qoşunları da şəhərə  gəlmişdilər. Komendant saatı tətbiq edilmiş, general-leytenant Krayev komendant təyin edilmişdi… 
Günortadan sonra SSRİ baş prokurorunun müavinləri – Soroka O., Katusev A. və onları müşayiət edən digər vəzifəli şəxslər mənim kabinetimə gəldilər. İsmət Qayıbov partiyanın şəhər komitəsində keçirilən iclasda iştirak etdiyindən  onları mən qəbul etməli idim. Sorokanın vəziyyət barədə məlumat vermək təklifinə  mən əllərimi yellədim. O, özünün yalnız bir gün əvvəl Xankəndindən qayıtdığını izah etdi… 
Elə həmin gün hüquq-mühafizə, partiya və sovet orqanlarının iştirakı ilə iclas keçirildi. Mənə iğtişaşlar zamanı həlak olanların dəqiq sayını təyin etmək tapşırıldı. Sonradan bu məlumatlar bütün yuxarı orqanlara ötürülürdü. Qeyd dəftərimdə zərərçəkənlər, yaşadıqları yerlər, eləcə də dəfn yerləri haqqında məlumatları yazırdım. Ümumilikdə 26 erməni  və 6 azərbaycanlı həlak olmuşdu. Həmin azərbaycanlı gənclər  piyadaların döyüş maşınını(PDM) dayandırmağa və yandırmağa çalışarkən onun altında  qalmışdılar… 
Bundan sonra Sumqayıt şəhər Prokurorluğu əməkdaşlarının rolu yalnız SSRİ Prokurorluğunun baş müstəntiqi V. Qalkinin başçılıq etdiyi istintaq qrupuna təşkilati yardım göstərməkdən ibarət oldu. Nadir hallarda İsmət Qayıbov  və mən təqsirləndirilən şəxslərin tutulması və ya axtarışların aparılması barədə sanksiya verirdik…
 (Davamı var)

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …