Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Aktual / “Şübhə doğuran adamları banka girərkən yoxlamaq lazımdır” – sabiq rəis

“Şübhə doğuran adamları banka girərkən yoxlamaq lazımdır” – sabiq rəis

Mahmud Hacıyev: “Mühafizəçi peşəkardırsa, banka gələn və özünü şübhəli aparan şəxsi çoxsaylı müştərilər arasından seçə bilir”

“Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub. Hadisə bankın Nizami küçəsi 53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb. Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşları basqınçını tərkisilah ediblər. Onun girov götürdüyü xanım kassir azad edilib.

Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, banka basqın edən şəxsin əməli quldurluq kimi qiymətləndirilməlidir: “Fiziki zor tətbiq olunursa, fiziki zorun tətbiq olunmağına real zəmin varsa, bu əməl quldurluqdur. Onun kiməsə xəsarət yetirib-yetirməməsi də əməlin mahiyyətini dəyişmir. Kassirə xəsarət yetirib pulu götürsəydi də, özündən asılı olmayan səbəbdən pulu götürə bilməsəydi də, əməli quldurluqdur. Əlində odlu silah, soyuq silah olması da heç nəyi dəyişmir. Cəza təyini zamanı da məhkəmə basqın zamanı pul əldə olunub-olunmaması, kiməsə xəsarət yetirib-yetirməməsini deyil, sırf həmin əməli törədənin şəxsiyyətini, ailə vəziyyətini, əvvəllər məhkum edilib-edilməməsi nəzərə alınır. Cinayət Məcəlləsindəki maddələrin hamısında cəzanın aşağı və yuxarı həddi müəyyən olunub. Yəni hakim əmələ qiymət verərkən ən aşağı, ən yuxarı və ya bu iki hədd çərçivəsində cəza təyin edə bilər”.

M.Hacıyev deyir ki, baş verən olay Azərbaycanda bankların normal mühafizə olunduğunu ortaya qoyub: “Azərbaycan kriminogen durumun yüksək səviyyədə olduğu ölkələr sırasına daxil deyil. Bu şəxs cibində bıçaq banka girib. Onun hədə-qorxusuna adekvat reaksiya verilib və tərkisilah olunub. Bizlər də banklara girib müxtəlif xidmətlərdən istifadə edərik. Olur ki, 30-40 dəqiqə ərzində banka 15-20 adam gəlir və müəyyən xidmətdən istifadə edərək oradan gedir. Bankın qapısının ağzında dayanıb hər kəsi bir-bir yoxlamaq da düzgün deyil. O baxımdan ki, bu yoxlamalar banka gələnlərin sayında özünü göstərəcək, bankın təhlükəli bir yer olması fikri yarada bilər. Adamlar 5 dəqiqəlik iş üçün banka gəlib oranı tez də tərk etmək istəyirlər. Qapıda yoxlama növbəsi olacaqsa, hər dəfə adamları yoxlayacaqlarsa, bu müştərilərin sayına mütləq təsir edəcək. Əlbəttə ki, banklarda mühafizə olmalıdır. Amma mühafizəçilər hər gələni deyil, şübhə doğuran şəxsləri nəzarətə götürüb lazım gəlsə, yoxlamalıdırlar. Banka gələn hər müştərini yoxlamaq doğru deyil. Mühafizəçi peşəkardırsa, banka gələn və özünü şübhəli aparan şəxsi çoxsaylı müştərilər arasından seçə bilir. Mühafizə xidmətində çalışan peşəkarlar var ki, banka müəyyən cinayət törətməyə gələn şəxsə baxanda 80-90 faiz onun hansısa təhlükəli niyyətlə gəldiyini sezə bilirlər. Ümumilikdə isə Azərbaycanda bankların və filiallarının qorunması normaldır”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin olayla bağlı yaydığı məlumata görə, Yasamal rayonu ərazisindəki banklardan birinə quldurluq yolu ilə basqın edərək, vətəndaşların həyatı üçün təhlükə törədən silahlı şəxsin də cinayət başında yaxalanıb.

Belə ki, Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qorunan banklardan birinin Yasamal filialından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. İdarənin əməkdaşları dərhal operativ reaksiya göstərərək hadisə yerinə çıxıb və quldurluq yolu ilə banka basqın edərək xəzinədarı bıçaqla hədələyib pul tələb edən şəxs tərksilah edilərək tutulub. Saxlanılan şəxsdən hadisə vaxtı istifadə etdiyi bıçaq da götürülüb və o, ərazi üzrə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə təhvil verilib. Bölmədə araşdırma aparılan zaman həmin şəxsin paytaxt sakini Nazim Məmmədov olduğu müəyyən edilib. Saxlanılan şəxs ətrafında araşdırmalar və zəruri istintaq tədbirləri davam etdirilir. “Hazırda Baş Mühafizə İdarəsinin qüvvə və vasitələri ilə dövlət, eləcə də özəl mülkiyyətə məxsus 15024 obyekt, o cümlədən 5446 mənzil qorunur. Mərkəzləşdirilmiş mühafizə məntəqələrinin fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən zəruri tədbirlər nəticəsində bu sistemlə qorunan obyekt və mənzillərin sayı 11851 vahid təşkil edib. Qeyd olunan obyektlər üzrə mühafizənin etibarlığı 100 faiz təmin olunub. Odur ki, vətəndaşlar, sahibkarlar və ölkədə fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələri bilməlidirlər ki, mühafizə polisinin xidmətlərindən istifadə edən zaman, qurumun tabeliyində olan geniş maddi-texniki imkanların köməkliyi və şəxsi heyətin sıralarında olan yüksək nizam-intizamın nəticəsində, onların əmlakları cinayətkar qəsdlərdən etibarlı mühafizə edilir” – DİN-dən bildirilib.

Həmçinin oxuyun

30 ildə Qarabağı talayan xarici şirkətlər – ADLAR

Azərbaycan torpaqları işğal altında olduğu 30 ilə yaxın müddətdə bir neçə beynəlxalq şirkət Qarabağda qanunsuz …