Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Söyüş söyən Katya – Samir Sarı

Söyüş söyən Katya – Samir Sarı

samOxuculardan dönə-dönə üzr istəyərək söhbətə bir lətifə ilə başlamaq istəyirəm. Çünki yaranmış durumu məhz bu lətifə dürüst izah edir. Bu mövzuda ciddi-ciddi analiz və publisistik yazıdansa, bu yaxşıdır.

Məzəli söhbətləri ilə ölkədə məşhur olan kaman ustası Habil Əliyevin adına çıxılmış lətifə belədir: Bir gün qonşusu pəjmürdə halda Habil müəllimə yaxınlaşır, deyir, sənətkar, biabır olmuşam. Habil müəllim soruşur ki, niyə, nə olub. Qonşu deyir, heç, dünən xanımla gündüz vaxtı evdə eşq-məşq söhbəti edərkən bir də baxdım ki, pəncərənin pərdəsi çəkilidir və üzbəüzdəki qonşu bizi görür, indi o, mənə bir söz desə, yerin dibinə girəcəm.

Usta kamançaçı ona təsəlli verir: “Qorxusu yoxdur, o adam sənə bir söz desə, deyərsən, arvadım yanındakı kişi mən deyildim”.

Xəzər Universitetinin rektoru, ağsaqqal ziyalı Hamlet İsaxanlının “gecə bardan çıxanda döyülən qız mənim qızım olmayıb, Katya olub” deyə açıqlama verməsi, adamın yadına o lətifəni salır.

Əlbəttə, yəqin ki, Habil Əliyevin “suç üstü” yaxalanmış qonşusu onu görən kişiyə “mən deyildim” izahatı verərək, özünü daha da biabırçı vəziyyətə salmayıb. Amma Hamlet müəllim belə bir açıqlama verib, verməli olub, özünü buna məcbur hiss edib.

Bu, psixoloji məqamdır. Deyəcəklər, başına gəlməyən bilməz. Düzdür. Allah heç kəsin başına gətirməsin. Zatən, Allah şəxsən heç kəsi bu cür rəzil durumlara salmır, insan öz-özünü belə günə qoyur.

Atanı başa düşmək olar, o övladının reputasiyasını xilas etmək istəyir. Bu motivlə hər şeyə hazırdır. Ancaq ortada bu qədər təkzibedilməz faktlar, ifadələr, etiraflar, videogörüntülər varsa, nəyi, necə, hansı əsasla təkzib etmək olar?

Ən yaxşısı susmaq, heç bir açıqlama verməmək idi.

Bu mövzu ilə ilgilənən “n” qədər  adam “Söyüşcül Katyanın döyülməsi nağılı”na inanmır, daha pisi, gülürlər. Belə çıxır ki, Zaur və Elin qardaşları Katyaya görə yaxalanıblar. Bəs Yekaterina özü hardadır? Hüquq-mühafizə orqanlarının əməliyyatçıları bu qədərmi qeyri-peşəkardırlar ki, Katyanı tapıb üzə çıxarmayıblar?

Təbii ki, bu, suda boğulanın saman çöpündən yapışması kimi bir şeydir və bir nümunəvi universitetin parlaq zəka sahibi olan rektoruna yaraşmır.

Onu da qeyd edək ki, biz belə hadisələri – hansısa bir olayın, faktın qızıl-qırmızı danılmasını, təkzib edilməsini çox görmüşük. Belə şeylər xaricdə də çox olur.

Məsələn, 5-6 il əvvəl Hondurasda bir nazirin oğlu qəfəsdə gördüyü ayıya tamah salmış, bişirtdirib yemişdi. Bu barədə Honduras qəzetləri gen-bol yazdı, amma nazir oğlu yediyi ayının sümüklərini meşədən toplatdırıb basdırandan sonra ortaya çıxb faktı təkzib etdi, dedi: “Eater lleva la maldicion de su padre”. (Yəni ayı yeyənin atasına lənət). Belə olanda Honduras mediası razılaşmadı, bu cür başlıqlar verdilər: “Coma el hijo del Ministro niega el mes” (Yəni “Ayı yeyən nazir oğlu təkzib edir”).

Məsələ bununla da bitmədi, nazir oğlu məhkəməyə müraciət edib qəzetləri cərimələtdirdi. Hər qəzet nazir oğluna 5 min lempira (HML) cərimə ödədi. Amma bir-iki ildən sonra onların yalanlarının üstü açıldı, naziri çıxarıb bayıra atdılar, oğlunu da tutub qəfəsə saldılar.

Amma uzağa getməyək, öz ölkəmizdə nəyisə boynuna alan, “bəli, belə bir şey olub” deyən görmüsünüzmü? Ola bilməz. Bizdə təsdiq söhbəti yoxdur. Bir-birinə güllə atan nazirlər tapançanı ciblərində gizlətdikdən sonra mətbuat konfransı keçirir, deyirlər: “Xeyr, haqqımızda deyilənlər yalandır, qardaş kimiyik, aramızda münaqişə olduğu barədə xəbərləri oxuyub, zəngləşir, birlikdə gülürük”.

Bu ölkədə rüşvətxorluğa görə 10 il yatan adam türmədən çıxır və rüşvətə görə tutulduğunu təkzib edir, at kimi üzə durur, bu faktı yazanları məhkəməyə verir. Ömürlük iş alan adam vardı, qəzetimizə təkzib məktubu göndərmişdi, yazırdı ki, sizin müxbir hansı haqla “ola bilər ki, o, nazir işlədiyi vaxt müəyyən səhlənkarlığa yol verib” yazıb, dərhal düzəliş verin.

Ona görə də hörmətli ziyalının qızının reputasiyasını xilas etmək üçün saman çöpünə əl atması başa düşüləndir.

Habil müəllimin qonşusu utancaq adammış, əslində o da ustad sənətkarla məsləhətləşmədən başına gələn işi təkzib edə bilərdi.

Həmçinin oxuyun

Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? – DOSYE

Hüquqşünaslarda belə bir deyim var: “Bəraət hökmü çıxartmamış hakim əslində hakim hesab olunmur”.Azərbaycanda bəraət hökmlərinin …

Bir cavab yazın