Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou-biznes əhli gündəmi izləyirmi?

Şou-biznes əhli gündəmi izləyirmi?

Neçə gündür ki, dünyanın gündəmini Türkiyədə baş vermiş hərbi çevrilişə cəhd və sözügedən hadisədən doğan olaylar zəbt edib. Azərbaycanda isə Qafqaz Universitetinin öncə bağlanma xəbəri, daha sonra rəhbərlik dəyişikliyi, ANS telekanalının 1 aylıq bağlanması ən çox müzakirə olunan hadisələrdir. Bəzi sənət adamları da son zaman yaşananlara biganə qalmır, onlar  öz fikirlərini sosial şəbəkə vasitəsilə bildirirlər. Digər qrup sənətçilər isə öz fəaliyyətlərini və yay istirahətlərini davam etdirirlər. 
Bəs, gündəmin tez-tez dəyişdiyi bir vaxtda məşhurlar hansı xəbərləri oxuyurlar? Baş verən hadisələrdən xəbərdardırlarmı?
Musavat.com-un əməkdaşı onlar arasında sorğu keçirib və sou-biznes əhlindən gündəmi izləyib-izləmədiyini soruşub.
Əməkdar artist Lalə Məmmədova bildirib ki, son günlər Türkiyədə baş verən hadisələri izləyir: “Türkiyədə baş verənlər məni çox məyus etdi. ANS-in aqibəti də adi vətəndaş kimi məni narahat edir. ANS həmişə xalq ilə birlikdə olub. Hər kəs səhv edə bilər, daşdan, divardan deyilik. ANS-in xalqa qaytarılmasını istəyirəm. Çünki hər zaman yanımızda olublar, qapılarını xalqın üzünə açıblar ən qaynar nöqtələrdən məlumat veriblər, insanları informasiya ilə təmin ediblər. Bir vətəndaş kimi ANS-in bağlanması ürəyimi ağrıdır.
Bəzən şou-biznes xəbərlərini də oxuyuram. Xəbər başlığından artıq söhbətin nədən getdiyini bilirəm. Mən hansısa sənət yoldaşım ailə quranda, ana olanda, yaradıcılığında dönüş edəndə sevinirəm. Amma sənətdən xəbəri olmayan “ifaçı”nın hansısa xəbərlə, foto ilə gündəmə gəlməsi ürəyimi ağrıdır, bir tərəfdən isə ürəyimi bulandırır. Çünki onlar sənətimizi gözdən salırlar. Onlara yer ayıran mətbu orqanları qınayıram. Niyə onlara yer ayırıb insanların əsəbi ilə oynayırlar? Baxırsan ki, modeldir və ya kiminsə sevimli qadınıdır, populyarlıq qazanmaq üçün müxtəlif işlərə əl atırlar. Bu cür xəbərlər insanları bezdirir”.
Müğənni Natəvan Həbibi bildirib ki, gündəmdə yer tutan xəbərləri daim izləyir: “Səhər gözümü açan kimi xəbər portallarını açıb oxuyuram. Sonra “İnstagram”da yayılan foto və məlumatları izləyirəm. Son zamanlar Türkiyədə baş verən hadisələr, ANS-in bağlanması hamımızı üzdü. Gündəmdə olan bütün olaylardan xəbərdaram. Çalışıram ki, şou-biznes xəbərlərini oxumayım, həm mənə maraqlı deyil, həm də boş insanlar və söhbətlər çox olduğu üçün əsəb keçirirəm. Onlar haqda nə isə bilmək istəmirəm”.
 
Xanəndə Gülay Zeynallı isə bildirib ki, xəbərləri izləmir: “Özümlə bağlı xəbərləri oxuyuram. Xəbərlərlə, baş verən hadisələrlə maraqlanan deyiləm. Mən qəzet oxuyan, xəbərlər proqramını izləyən insanlardan deyiləm. Ancaq maraqlı xəbər qarşıma çıxanda  oxuyuram. Belə də ki, dünyada baş verənlər Allahın qismətidir”.
Müğənni Lətifə Soyuöz də mətbuatı izləyən məşhurlardandır: “Türkiyədə baş verənlərdən xəbərdaram. Dünyada və ölkədə baş verənləri izləyirəm. Lazım olanda sosial şəbəkədə münasibətimi də bildirirəm. Uşaqlıqdan evimizdə görmüşəm ki, “Xəbərlər” proqramı başlayanda sükut çökür və hamı bir nəfər kimi izləyir. İctimai-siyasi xəbərlərlə yanaşı, şou-biznes xəbərlərini də izləyirəm. Bilmək istəyirəm ki, həmkarlarım hansı mahnını oxuyub, necə klip çəkdirib. Müğənnilər tez-tez deyirlər ki, bizim kanalları izləmirlər, xəbərlərdən məlumatsızdırlar. Ancaq işlərini görüb efirə verirlər. Bunlar hamısı ağ yalandır. Mən köşədə qalan müğənninin də yaradıcılığını izləyirəm. Biz digərlərini izləməliyik ki, rəqabət apara bilək. Kimsə yaxşı klip çəkirsə, düşünürəm ki, mən lap yaxşısını çəkməliyəm. Xoşuma gəlməyəndə o səhvləri etmirəm. Kiminsə yeni mahnısı işıq üzü görəndə mən də yeni mahnılar yazdırıram”.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın