Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Sosial şəbəkələri tez-tez çökdürən səbəblər

Sosial şəbəkələri tez-tez çökdürən səbəblər

Ekspert: “Artıq sosial şəbəkələrin üçü bir əldə cəmlənib; inhisarçı mühitdən dövlətlər, fərdlər, təşkilatlar ziyan çəkirlər”

İyulun 3-də “İnstagram”, “Facebook” və “WhatsApp” sosial platformalarında problem yaranıb.

Yaranan problemlə dünyanın bir çox ölkələrindəki sosial şəbəkə istifadəçiləri də üzləşiblər.

“Downdetector” saytına fikirlərini yazan milyonlarla istifadəçi əsasən foto, video və GİF formatlı faylların yüklənməməsi, saytlara giriş, şəbəkənin itməsi və s. şikayətlərini qeyd ediblər. Saytdakı məlumatlara görə, problem Bakı vaxtı ilə saat 17:50-dən başlayıb və 7 saata  yaxın davam edib.

Texniki problemlər əsasən Böyük Britaniya, Fransa, ABŞ, Rusiya, Almaniya və bir sıra digər ölkələrdə müşahidə olunub.

Eyni zamanda azərbaycanlı istifadəçilər də yuxarıda göstərilən sosial şəbəkələrdə audio və videomesajlar ala bilmədiklərini bildiriblər.

Qeyd edək ki, “WhatsApp” istifadəçilərinin təxminən 91% -i serverə qoşulma, 6% -i saytla bağlı problemlər, 1% -i avtorizasiya haqqında şikayət edib.

“İnstagram” istifadəçilərinin 83%-i “download” problemlərindən şikayətlənibsə, girişlə bağlı 9%, veb saytına girişlə əlaqədar isə 7% əziyyət çəkib.

“Facebook” istifadəçilərinin də 82%-i veb saytına daxil olmaqda çətinlik çəkib, sosial şəbəkəyə çıxışda problem yaşayanlar isə 17% olub.

Məsələ ilə bağlı “Facebook” rəsmi açıqlama yayıb. “Twitter” sosial şəbəkəsindən #facebookdown haştaqı ilə paylaşım edən şirkət rəhbərliyi məsələnin tezliklə həll olunacağını deyib: “Bəzi insanların foto, video və digər faylları yükləyərkən çətinliklə üzləşdiklərini bilirik. Bu cür halla qarşılaşdığınız üçün təəssüf hissi keçiririk. Ən qısa zamanda hər şeyi normal halına qaytarmaq üçün çalışırıq”.

Məlum olduğu kimi, sosial şəbəkələrdə xeyli insan paylaşımlarının daha çox insan  tərəfindən görülməsi üçün ödənişli xidmətdən istifadə edir. Bu cür hallar baş verdikdə həmin insanların paylaşımlarında da problemlər yaşanır. Bəs belə halda sosial şəbəkə insanlara kompensasiya verməlidirmi?

Onu da qeyd edək ki, verilən rəylərdə məsələnin Rusiya ilə əlaqəli olmasını söyləyənlər də var. Bildirilir ki, sosial şəbəkələrdə yaşanan problemlərin arxasında Rusiyanın da əli ola bilər.

Ä°lgili resim

“Yeni Müsavat”a danışan ekspert Osman Gündüz bildirib ki, məsələ kifayət qədər ciddidir: “Əvvəllər kompensasiya söhbəti yox idi. Çünki bu, qısamüddətli davam edirdi. Ancaq problemin bir qədər uzunmüddətli olması, hadisənin başvermə səbəbi ilə bağlı rəsmi açıqlamanın verilməməsi, üstəlik də məsələnin qlobal hal alması deməyə əsas verir ki, burada ciddi məqamlar var. Əlbəttə ki, artıq sosial media cəmiyyətlərin, dövlətlərin, fərdlərin virtual deyil, elə real dünyası hesab olunduğuna görə burada yanaşmalar fərqli olmalıdır. Yəni qlobal resurslar içərisində müəyyən tələblər qoyulmalıdır. Biz görürük ki, artıq sosial şəbəkələrin üçü bir əldə cəmlənib. Bu inhisarçı mühitdən dövlətlər, fərdlər, təşkilatlar ziyan çəkirlər. Yəni manipulyasiya edirlər, seçkiyə, biznesə və sairə təsir edə bilirlər. Bu baxımdan düşünürəm ki, sosial mediada baş verənlər də hansısa ciddi işlərin nəticəsidir. Güman ki, bu resurslarda hansısa ciddi işlər aparılır ki, gələcəkdə müəyyən qədər liberallaşma həyata keçirilsin, bunların inhisarçılığına son qoyulsun, dayanıqlı şərait yaradılsın. Düşünürəm ki, ötən il baş verənlər, məsələn, Avropada facebook rəhbərliyinin hesabatının tələb olunması qurumlar üçün də müəyyən dərs olub. İndi də onlar hansısa yenilənmələr aparırlar. Hesab edirəm ki, onlar günlük, liberal mühit yaratmağa çalışırlar ki, gələcəkdə bu cür təpkilərlə üzləşməsinlər. Yəqin ki, bu yaxınlarda məsələ ilə bağlı açıqlamalar veriləcək”.

Ekspert bildirib ki, bu qurumlar o dərəcədə irəli gediblər ki, artıq dövlətlərin siyasətinə də təsir edirlər: “Bu sosial şəbəkələr görürük ki, hər bir şeyə təsir edə bilirlər. Təkcə sosial hadisələr deyil, eyni zamanda iqtisadi, siyasi, biznes mühitinə də təsir etmə imkanları var. Ona görə də cəmiyyətlərin, hökumətlərin narahatlığı anlaşılandır. Elə mexanizm qurulmalıdır ki, insanlar bundan ziyan çəkməsinlər. Artıq Mark və ya digər kimsə bu sosial şəbəkələrə adi sayt kimi yanaşa bilməzlər. Bu, artıq sanki hamınındır. Elə mexanizmlər hazırlanmalıdır ki, bu, bəşəriyyətə, cəmiyyətə ziyan vurmalı deyil. Əksinə, inkişafa təkan verməlidir”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …