Sosial şəbəkələrə həddən artıq aludəçilik narsizmin inkişafına gətirib çıxarır.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “The Open Psychology Journal” jurnalında Suonsi və Milan universitetlərinin alimlərinin birgə yayımladıqları məqalədə yazılıb.
Məqalədə bununla bağlı 18-34 yaş arası 74 şəxsin üzərində 4 ay təhqiqat aparıldığı qeyd olunur. Araşdırma zamanı onların şəxsi xarakteri ilə bağlı dəyişikliklər müşahidə edilib.
Bunun üçün həmin insanların Twitter, Facebook, Instagram və Snapchat kimi sosial şəbəkələrdə olma müddətləri və davranışları izlənilib. Məlum olub ki, sosial şəbəkələrin fanatlarında özünəvurğunluq dərəcəsi kritik həddə çatıb.
Sosial şəbəkələrdən sırf ünsiyyət qurmaq məqsədilə istifadə edənlərdə bu kimi hallar müşahidə olunmayıb. Lakin onlarda da ən azı narsizmin ilkin əlamətləri gözə çarpıb. Bunu həmin iştirakçıların cümlələrində söyüş sözlərinin artmasından görmək olar.
Ümumi götürdükdə təhqiqat altında olan iştirakçıların 60%-nin Facebook, 25%-nin İnstagram, 13%-nin isə Twitter və Snapchat aludəçisi olduğu ortaya çıxıb. Onların hər biri iş saatları nəzərə alınmazsa, gündə müntəzəm olaraq ən az 3 saatlarını sosial şəbəkələrdə sərf etməklə keçiriblər.
Ekspertlərin qeyd etdiyinə görə, sosial şəbəkələrin populyarlığının artması situasiyanın daha da dərinləməsinə gətirib çıxaracaq.