Ana səhifə / Aktual / SOCAR-da müqavilə ilə işləyənlərin maaşı niyə artmır?

SOCAR-da müqavilə ilə işləyənlərin maaşı niyə artmır?

SOCAR Qaz İxrac İdarəsi Qazax Magistral Qaz Kəmərləri Sahəsində xidməti müqavilə ilə fərdi sahibkar kimi işləyən Məhəmməd Qasımov şirkətin ştatda olan işçilərinə şamil edilən 20 faiz maaş artımının onlara da aid edilməsini istəyir. 

O, bununla bağlı “Qafqazinfo”ya müraciətində bildirib ki, aldığı 238 manat maaş onu qane etmir: “Qaz İxrac İdarəsində mənim kimi bu maaşla, xidməti müqavilə ilə işləyən on minlərlə insan var. Problemimiz də maaşımızın artmaması ilə əlaqədardır. SOCAR işçilərinin maaşlarında 20%, həmçinin bütün dövlət və hökumət qurumlarının maaşlarında artım oldu. Ancaq bu artımın bizə heç bir aidiyyatı olmadı. Əksinə, minumum əməkhaqqı artanda bizim aldığımız 248 AZN maaş 238 AZN oldu. 

SOCAR-ın yuxarı vəzifəli nümayəndələrindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrindən soruşanda ki, bizim maaşlarda niyə artım yoxdur, deyirlər ki, xidməti müqavilə ilə işləyirsiniz, sizə maaş artımı şamil olunmur.

Mən başa düşmürəm, bu necə düşüncə tərzidir?! Biz xidməti müqavilə ilə işləyən işçilər Azərbaycan vətəndaşı deyilikmi? Bizim də yaxşı maaş alıb yaxşı yaşamaq haqqımız var. Əslində maaşımızın az olması ilə əlaqədar bizə 100% maaş artımı şamil olunmalıdır”.

“Qafqazinfo” məsələ ilə bağlı SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovla əlaqə saxlayıb. O bildirib ki, həmin şəxslərə razılaşdırılmış xidməti müqavilə əsasında əməkhaqqı və ya xidmət haqqı verilir: “Hazırda SOCAR-la bu cür müavilələrlə işləyən şəxslər çoxdur.  Bilirik ki, onların da SOCAR-da ştatda olan işçilərə şamil edilən maaş artımları ilə bağlı müəyyən gözləntiləri var. Şirkətdə hazırda qarşıdakı dövrdə onların bu məsələlərinin həll olunması ilə bağlı müzakirələr aparılır. Bunun üçün imkanlar araşdırılır. Bu məsələnin həlli üçün müəyyən zaman tələb olunur. Yəqin ki, mümkün zamanda öz həllini tapacaq”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Belə fikirləri ortaya atanlar təxribatla məşğuldur”

Sosial şəbəkədə Mirfaiq Mirheydərli adlı şəxs yazır ki, PKK ilə işləmək üçün kürd əsilli vətəndaşlarımızın …