Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Smitin Azərbaycana sanksiya layihəsinə  İsraildən də sərt etiraz gəldi

Smitin Azərbaycana sanksiya layihəsinə  İsraildən də sərt etiraz gəldi

Oren Assaf Hazan: “Mən deyərdim ki, Azərbaycan bu sahədə dünyaya örnək sayıla biləcək bir ölkədir”

Alekander Şapiro-Suliman: “ABŞ Konqresinə təqdim edilən sənəddə dini azlıqların təqibi ilə bağlı məqamı uydurma adlandırıram”

ABŞ-ın Azərbaycan hökuməti üzvlərinə münasibətdə sanksiyaların tətbiq olunmasını nəzərdə tutan qanun layihəsini gündəmə gətirməsinə Azərbaycandan sərt reaksiya verilib. Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Azərbaycana qarşı sanksiya tətbiq etməyə hazırlaşmasına münasibətində bildirib ki, Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit tərəfindən təqdim olunan “Azərbaycan Demokratiya Aktı” layihəsi adlı sənəd tam şəkildə anti-Azərbaycan xarakter daşıyır və qəbuledilməzdir.
Sanksiya layihəsinin əsaslandırılmasında maraqlı məqamlardan biri də guya Azərbaycanda dini azlıqların təqib olunmasıdır. ABŞ hökuməti bu xüsusda bildirir ki, onlar dini azlıqların hüquqlarının pozulması məsələsində kompromisə getməyəcək.
Azərbaycanın rəsmi mövqeyində bu məsələyə aydınlıq gətirilib. Bildirilir ki, multikulturalizm ənənələri ilə dünyaya nümunə olan Azərbaycanda əsrlər boyu müsəlman, pravoslav, katolik, yəhudi və digər dini icmaların dinc və mehriban şəkildə yaşadıqları halda, sənəd layihəsində Azərbaycanda dini azadlıqların pozulması haqqında iddia heç bir tənqidə sığmır.
ABŞ-ın Azərbaycanda dini azlıqların təqib olunması ilə bağlı səsləndirdiyi fikirlər nə məqsədi daşıyır?
İsrail Knesetinin deputatı Oren Assaf Hazan “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanda dini azlıqların hüquqlarının pozulmasına dair deyilənlər reallığı əks etdirmir: “Azərbaycanda səfərlərdə olarkən orada çox ideal bir dini mühitin olduğunu görmüşəm. Mən deyərdim ki, Azərbaycan bu sahədə dünyaya örnək sayıla biləcək bir ölkədir. Ora elə bir dövlətdir ki, yəhudi milli mənsubiyyətini çəkinmədən ifadə edə, istədiyi kimi ibadətini yerinə yetirə bilər. Biz Bakıdakı 3 fərqli sinaqoqda olduq. İbadət üçün gözəl şərait yaradılıb. Sizin əhalinin də böyük əksəriyyəti müsəlmandır. Orada bizim milli və dini kimliyimizə bəslənən yüksək ehtiram bir sıra vacib mətləbləri üzə çıxardı. Məlum olur ki, islam dininin yəhudilərlə heç bir problemi yoxdur. Təəssüflər olsun ki, bəzi dairələr bizimlə mübarizədə islam faktorundan istifadə edir. Bu, həqiqəti əks etdirmir. İslam dini heç bir millətə qarşı nifrət aşılamır. Bu yüksək tolerantlığın bərqərar olmasında mən Azərbaycan hakimiyyətinə və əhalisinə dərin minnətdarlığımı bildirirəm. Azərbaycanda dini azlıqların təqib olunması ilə bağlı səslənən fikirlər reallığı əks etdirmir”.
Azərbaycan-İsrail Dostluq Cəmiyyətinin sədri, sülhməramlı səfir Alekander Şapiro-Suliman da qəzetimizə açıqlamasında ABŞ Konqresinə təqdim olunan və özündə sanksiyaların tətbiqini əks etdirən sənəddə yer alan müddəalarla razılaşmadığını bildirdi:

“Mən uzun illərdir Azərbaycanda çalışıram. Burada dini azlıqların təqib olunmasına dair heç bir faktın şahidi olmamışam. Əksinə, mən deyərdim ki, Azərbaycan tolerantlıq sahəsində digər ölkələrə örnək ola bilər. Biz bütün dini ayinlərimizi burada sərbəst yerinə yetiririk. Bu yaxınlarda Prezident İlham Əliyev bizim bayramımızı yüksək səviyyədə təbrik etdi. Bakıda və Qubada bir neçə yəhudi sinaqoqu var. İnsanlar istədiyi vaxt gedib orada sərbəst ibadət edir. Dini inancımıza görə biz həmin bayramda şam yandırırıq. Biz müşahidə etmişik ki, hətta dövlət idarələrində belə, yəhudilərə həmin ritualları yerinə yetirməyə problem yaratmayıblar. Bu baxımdan da ABŞ Konqresinə təqdim edilən sənəddə dini azlıqların təqibi ilə bağlı məqamı uydurma adlandırıram”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın