Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Siyavuş Novruzov parlamentin buraxılmasından danışdı

Siyavuş Novruzov parlamentin buraxılmasından danışdı

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov parlamentin buraxılması haqda qərara müxalifətin verdiyi reaksiyaya münasibət bildirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, S.Novruzov partiyanın saytında dərc olunan məqaləsində qeyd edib ki, təkmil və mütərəqqi siyasi sistemə malik olan ölkələrdə, demokratik dəyərləri mənimsəmiş cəmiyyətlərdə islahatlar konsepsiyasının tərkib hissəsi kimi parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi ənənəsi mövcuddur.

Deputat buna misal olaraq müxtəlif illərdə Böyük Britaniya, Ukrayna, İtaliya, Makedoniya, İspaniya, Yunanıstan və Moldovada parlamentin buraxılaraq növbədənkənar seçkilər keçirildiyini qeyd edib.

S.Novruzov əlavə edib ki, Azərbaycanda radikal müxalifətin bu məsələni spekulyasiya vasitəsinə çevirmək cəhdləri isə dağıdıcı düşərgənin müasir demokratik dəyərlərdən, qabaqcıl dünya təcrübəsindən xəbərsiz olduğunu, eyni zamanda, qərəzli niyyət və antimilli mövqe ortaya qoyduğunu göstərir:

“Radikal müxalifət partiyalarının ucuz bəhanələri onların seçkilərdə uğur qazanmaq üçün yetərli resurs və potensiala malik olmamaları ilə əlaqədardır. Ümumiyyətlə, siyasi partiyanın funksiyası seçkilərdə iştirak etmək, elektoratın istəyi və maraqları əsasında aktiv fəaliyyət göstərməkdir. Azərbaycanda 50-dən artıq siyasi partiya mövcuddur. Onların böyük əksəriyyəti-təxminən 90 faizi parlament seçkilərində iştirak etməklə bağlı bəyanat verib. Bu məsələ ilə əlaqədar mövqeyini ortaya qoymayan siyasi partiyalar isə xarici qüvvələrin, anti-Azərbaycan dairələrin maliyyəsi və direktivləri əsasında hərəkət edənlərdir. Ona görə də həmin partiyalar bağlı olduqları xarici dairələrdən müvafiq tapşırıqlar almadıqlarından seçkilərdə iştirak edib-etməməklə bağlı konkret münasibət ortaya qoymayıblar. Digər tərəfdən, ”Milli şura”da yer alanların, AXCP, Müsavat kimi partiyaların parlament seçkilərində uğur qazanmaq üçün yetərli potensial və resursları mövcud deyil. Hətta həmin siyasi partiyalar ölkə üzrə seçki dairələrinin yarısında belə layiqli namizəd irəli sürmək iqtidarında deyillər. Buna görə də onlar müxtəlif bəhanələr irəli sürməklə seçkilərin üzərinə kölgə salmağa çalışırlar. Amma bu cür vasitələrlə ictimai rəyi manpulyasiyaya məruz qoymaq, xalqın öz iradəsini ifadə etməsinə, ölkənin demokratik inkişafına mane olmaq mümkün deyil!”

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …