Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Şimal sərhədlərimizə əcnəbi radikal silahlılar yığışır

Şimal sərhədlərimizə əcnəbi radikal silahlılar yığışır

Sovetlər İttifaqının çöküşündən sonra Rusiya üçün ən başlıca problemlərdən biri də Şimali Qafqazda təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır. Moskvanın bu istiqamətdə indiyə qədər atdığı addımlar hələ də yetərli deyil və antierror əməliyyatlarının hərbçilərin də iştirakı ilə genişlənməsinə baxmayaraq, burada radikal yaraqlıların kökünü kəsmək mümkün olmayıb.
Təbii ki, hadisələrin bu səpkidə inkişafı region ölkələrini, o cümlədən Azərbaycanı da ciddi narahat edir. Çünki qonşuluqda radikal islamçıların cəmləşməsi sərhədlərimizdə ciddi təhlükə deməkdir. Belə görünür ki, bu təhlükə artmaqda davam edir. Rusiya prezidenti Vladimir Putinin Şimali Qafqaz Federal Dairədəsinki səlahiyyətli nümayəndəsi Sergey Məlikovun açıqlamaları da bunu təsdiq edir. Onun sözlərinə görə, Dağıstanda fəaliyyət göstərən qanunsuz silahlı dəstələrin sıralarına əcnəbi terrorçular axışır: “Dağıstandakı qanunsuz silahlı dəstələrin sıralarının daim çoxaldığını, həmçinin, xarici ölkələrdən gələn silahlılarla təmin edildiklərini də unutmaq lazım deyil. Yerli hüquq-mühafizə orqanları silahlıların və himayədarlarının axtarışı ilə bağlı əməliyyatları davam etdirir”.
Son məlumatlara görə, Dağıstanın Buynaksk, Karabudax kənd və Kumtorkalinsk rayonlarında antiterror əməliyyatı rejimi elan edilib. Rayonlara Rusiya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələrinin göndərildiyi bildirilir. Bu rayonlarda terrorçuların axtarışı aparılır. Bundan əvvəl isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktor müavini, Milli Antiterror Komitəsi aparatının rəhbəri İqor Sirotkin Mahaçqalada olarkən bəyan edib ki, Dağıstanda ötən il keçirilən xüsusi əməliyyatlar zamanı 100-ə yaxın silahlı zərərsizləşdirilib. İqor Sirotkinin sözlərinə görə, Suriya və İraqda gedən hərbi əməliyyatlarda döyüşmək üçün Dağıstandan 800-ə yaxın adam gedib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov isə bildirib ki, hazırda terror strukturlarının tərkibində dünyanın 100-dən çox ölkəsinin vətəndaşı döyüşür. FTX rəhbəri onu da qeyd edib ki, “ərəb baharı” çərçivəsində dünyada və regionda bəzi ölkələrin İŞİD terror təşkilatına verdiyi dəstək nəticəsində bu terror təşkilatının gücü artıb və bu yolla həmin ölkələr öz siyasi niyyətlərini həyata keçirmək istiqamətində fəaliyyətlərini gücləndirib. Xatırladaq ki, İŞİD-in möhkəmlənmək istədiyi bölgələrdən biri də məhz Şimali Qafqazdır. O da maraqlıdır ki, Rusiyanın Suriyada İŞİD-ə qarşı əməliyyatlar keçirdiyi bir vaxtda Dağıstandan terror qruplaşması sıralarına qoşulmaq üçün evini tərk edənlərin sayı çoxalmaqdadır. Yerli hüquq-mühafizə orqanları, çoxsaylı antiterror əməliyyatları keçirməyinə baxmayaraq, artan İŞİD tərəfdarlarının qarşısını ala bilmir. Dağıstandan Suriyaya gedərək İŞİD-ə qoşulanların sayında ciddi artım var. Qafqaz məsələləri üzrə gürcü ekspert Mamuka Areşidze isə xatırladır ki, İŞİD terror qruplaşmasının tərəfində vuruşmaq üçün Suriyaya yalnız Pankisi dərəsi deyil, Gürcüstanın digər iki regionu olan Kvemo-Kartli və Acarıstan regionlarından da insanlar gedir. Ekspert qeyd edir ki, əsas əhəmiyyətli amil Acarıstanın Türkiyəyə yaxınlığıdır: “Acarıstan sakinləri Gürcüstandan Türkiyəyə maneəsiz hərəkət edə bilər. Burada vəziyyətə nəzarət etmək daha mürəkkəbdir, nəinki Pankisi dərəsində. Pankisi dərəsində vəziyyətə nəzarət etmək daha asandır. Acarıstandan gedənlər yalnız Türkiyənin təhsil müəssisələrində deyil, həm də Fars körfəzinin digər ölkələrində, məsələn, Səudiyyə Ərəbistanında təhsil alırlar”.

Gürcü ekspert, Suriyada döyüşən Qafqaz vətəndaşları geri qayıdacağı halda, onların ciddi təhlükə olacağını bildirir: “Axı biz bilmirik ki, bu insanların psixikası necə dəyişib və onlar hansı tapşırıqları alacaqlar. Bu baxımdan da müəyyən təhlükə mövcuddur. Başa düşmək əhəmiyyətlidir ki, vətənə qayıdanlar heç vaxt adaptasiya oluna bilmir, başqa psixologiyaya malik olurlar. Gürcüstan Suriya müharibəsindən uzaqdadır. Ancaq İŞİD-in versiyasına görə, Gürcüstan “xilafət”in, “Qafqaz vilayəti”nin bir hissəsi hesab edilir. Hər şey “Qafqaz vilayəti” ilə məşğul olan insanların hansı əmr alacaqlarından asılıdır.
“Qafqaz vilayəti” yalnız Gürcüstan deyil, həmçinin Azərbaycan və Şimali Qafqazdır”. Bütün bunlar bir daha Şimali Qafqazda qeyri-stabil vəziyyətin ölkəmiz üçün də müəyyən təhdid yaratdığını göstərir. Bu təhdidin aradan qaldırılması istiqamətində isə Kremlin atdığı addımlar hələ də yetərli sayılmır. Əksinə, terrorçuların bölgədə saylarının artması bütün region üçün ciddi təhdidə çevrilir”. (bakı-xəbər)

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın