Bazar ertəsi , May 23 2022
Ana səhifə / Aktual / Şimal marşrutundan “qopan” yüklər Azərbaycana yönəlir

Şimal marşrutundan “qopan” yüklər Azərbaycana yönəlir

Ukraynaya hücum edən Rusiya ən kəskin sanksiyalarla üzləşməkdədir. Qərbin tətbiq etdiyi sanksiyalar Rusiyanın xarici ticarətinə çox böyük zərbə vurur, bu zərbənin mənfi təsiri getdikcə artacaq. Sanksiyalar həmçinin Rusiyanın Asiya ilə Avropa arasındakı tranzit mərkəzi rolunun sürətlə itirilməsinə gətirib çıxarmaqdadır. Xüsusilə Avropa Birliyi ilə Rusiyanın qarşılıqlı şəkildə öz limanlarını digərinin gəmilərinə bağlaması tərəflər arasında yükdaşımaların azalmasını şərtləndirib.

Beynəlxalq yükdaşıma şirkətləri həm Ukrayna ilə həmrəylik nümayiş etdirmək, həm də sanksiyaların təsirinə düşməmək üçün Rusiya ərazisindən yükdaşımaları dayandırmağa, yükləri yeni marşrutlara yönəltmək imkanlarını genişləndirməyə başlayıblar. Belə marşrutlardan biri olaraq Azərbaycan ərazisindən keçən Cənub Transxəzər marşrutudur. Aprel ayında bu marşrutla Çinin Sian şəhərindən ilk konteyner qatarı Rusiyadan yan keçərək Çindən Avropaya yola düşüb. Yük Qazaxıstan, Azərbaycan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiya vasitəsilə Sian şəhərindən Mannheymə (Almaniya) göndərilib.

May ayının 10-da isə Finlandiyanın Rusiyada fəaliyyətini  “Nurminen Logistics” şirkətinin ilk konteyner qatarı Çinin Çonqinq şəhərindən  yola düşüb. Marşrut Çindən başlayaraq Qazaxıstan, Azərbaycan, Gürcüstan və Rumıniyadan keçərək Mərkəzi Avropaya qədər uzanır.

“Nurminen Logistics” şirkəti bildirir ki, dəmir yolu və dəniz nəqliyyatını birləşdirən Transxəzər marşrutu müasir nəqliyyat zəncirlərinin ehtiyaclarına mükəmməl cavab verir. Burada vaxt və ekoloji təmizlik mühüm rol oynayır, Çindən Mərkəzi Avropaya daşınma müddəti dəniz daşımasından təxminən üç dəfə tez başa gəlir.

Yükdaşıyanların “Dozvol” dərdi - Məhdud sayda icazə sənədi xeyli problemlər  yaradır » Regionxeberleri.com

Qeyd edək ki, Azərbaycan son illərdə Transxəzər marşrutuna daxil olan ölkələrlə qarşılıqlı iqtisadi əlaqələri sürətlə dərinləşdirir. Bu nöqteyi-nəzərdən uzun illər münasibətlərin soyuq olduğu Türkmənistanla Azərbaycan arasında yaranan istiləşmə diqqəti cəlb edir. İki ölkə aralarında Xəzər dənizindəki neft-qaz yatağı ilə bağlı yaranan mübahisəni həll edib, eyni zamanda iqtisadi-siyasi əməkdaşlığı ən yüksək səviyyəyə qaldırmağa nail olub. Bir neçə gün əvvəl Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkmənistanda səfərdə olub. Azərbaycanlı naziri Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov qəbul edib.Türkmənistan tərəfinin yaydığı məlumata əsasən görüşdə Mərkəzi Asiyada nəqliyyat-kommunikasiya şəbəkəsinin inkişaf perspektivlərindən və onun beynəlxalq nəqliyyat infrastrukturuna səmərəli inteqrasiyasından danışan Sərdar Berdiməhəmmədov, uğurlu icrası üçün hər iki ölkənin potensialından daha geniş istifadə etmək məqsədilə yeni nəqliyyat dəhlizlərinin formalaşdırılması üzrə birgə tədbirlərin görülməsinin zəruriliyini qeyd edib. O vurğulayıb ki, Azərbaycan və Türkmənistan müasir infrastrukturundan istifadə edərək müxtəlif dövlətlərə tranzit xidmətləri göstərir. Bu fakt regionlararası və ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edir.

Bu ilin fevral-mart aylarında Azərbaycanla Qazaxıstan arasında yükdaşımaları əlaqələndirəcək birgə müəssisə yaradılıb. Aprel ayında isə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Özbəkistan Dəmir Yolları” SC iki ölkə arasında yükdaşımaların artırılması, eləcə də ikitərəfli məsələlərin həlli üçün işçi qrupu yaradıb. Tərəflər “Asiya-Sakit okean ölkələri -Çin- Qırğızıstan- Özbəkistan- Türkmənistan -Azərbaycan – Gürcüstan – Türkiyə- Avropa” beynəlxalq multimodal marşrutunun inkişafı üzrə aparılan fəaliyyətləri, iki ölkənin dəmir yolları qurumları arasında texniki və texnoloji yardım məsələlərini nəzərdən keçiriblər. Bura infrastrukturun və hərəkət tərkibinin saxlanılması, təmir üçün texniki və texnoloji yardımın göstərilməsi, iki ölkə ərazisindən həyata keçirilən yükdaşımaların həcminin artırılması daxildir. Görüş iştirakçıları mövcud vəziyyətlə əlaqədar beynəlxalq və multimodal nəqliyyat dəhlizlərinin qarşılıqlı fəaliyyətinin davam etdirilməsinin zəruriliyini vurğulayıblar. Bildirilib ki, tərəflərin əlaqələndirilmiş və qarşılıqlı fəaliyyəti yükdaşımaların canlanması və həcminin artırılmasına, konteyner qatarlarının keçidinin sürətləndirilməsinə və kombinə edilmiş yükdaşımaların təşkilinə imkan yaradır.

Садыр Жапаров / Sadyr Japarov (@SadyrJaparov) / Twitter

Nəhayət, Azərbaycan marşrutun digər həlqəsi olan Qırğızıstanla da əməkdaşlığı genişləndirir. Aprel ayında bu ölkənin prezidenti Sadır Japarov Bakıya rəsmi səfərə gəlib. Səfər zamanı əsas müzakirələr məhz yeni geosiyasi vəziyyətin iki ölkənin ərazisindən yükdaşımalarla bağlı yaratdığı imkanlar, onlardan istifadə yolları ətrafında aparılıb. 

Azərbaycan həmçinin Gürcüstan və Türkiyə ilə mövcud olan çox sıx əməkdaşlıq üçbucağının aktiv həlqəsi kimi, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirir.

Mayın 9-10-da Türkiyənin paytaxtı Ankarada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) iclası keçirilib. İclas çərçivəsində dəhlizin inkişaf strategiyası, yükdaşımaların həcmi, marketinq planı və 2022-ci il üçün tarif siyasəti müzakirə olunub. Bu il dəhlizdə daşımaların həcminin 6 dəfə artacağı gözlənilir.

 “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Yükdaşımalar departamentinin rəisi Emil Əhmədovun verdiyi məlumata görə, 2022-ci ildə marşrutla 5 milyon 350 min ton yükün Azərbaycan üzərindən tranzit daşınması sifarişi verilib: “Artıq qeyd edilən həcmdən 831 min ton yükün daşınmasına nail olunub”.

ADY rəsmisi deyib ki, Rusiya-Ukrayna müharibəsi fonunda ölkənin dəmir yollarında daşımalar kifayət qədər artıb: “Artım əsasən tranzit rejimdə daşınan yüklərdə müşahidə edilir. ADY 2021-ci ilin 4 ayında 5 milyon 340 min ton yük daşıyıbsa, 2022-ci ilin 4 ayında 5 milyon 976 min ton yük daşıyıb. Bu da əlavə 636 min ton yükün daşınması deməkdir. Təkcə tranzit rejimdə 535 min ton artıq yükün daşınmasına nail ola bilmişik”.

BTQ ilə yük daşınması üçün Rusiya, Yaponiya və Cənubi Koreya ilə danışıqlar  davam edir" - MÜSAHİBƏ - Finans.az

Aydın məsələdir ki, Azərbaycanın, həmçinin marşrutun keçdiyi digər ölkələrin indiki imkanları Rusiyadan yan keçən yüklərin hamısını ötürmək üçün yetərli deyil. Azərbaycanın hazırkı infrastrukturu Xəzər dənizi ilə gələcək 20 milyon tona qədər yükün aşırılmasına imkan verir. Ələtdə yerləşən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənlinin dediyinə görə, 2022-ci ildə konteyner aşırılması 2021-ci illə müqayisədə 1,5 dəfə çox ola bilər: “Yükaşırma ilə bağlı 2022-ci il üçün proqnozumuz geosiyasi vəziyyət dəyişməmişdən əvvəl 48-50 min konteyner (TEU) idi. Geosiyasi vəziyyət dəyişdiyindən bu rəqəmin 2021-ci illə müqayisədə 2 dəfə çox olması imkanı var. Hələ ki, Orta Dəhlizlə (Trans Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) gözlənilən yüklər tam olaraq gəlməyib, ilkin yüklər, blok qatarlar gəlməyə başlayıb. Yüklər tam gəlsə, konteyner daşınmasında 1,5 dəfə artım gözlənilir”.

X.Həsənli deyib ki, Şimal dəhlizindən gedən yüklərin hamısını ötürmək bizim potensialımızın üzərindədir. Buna görə də Azərbaycan orta və uzunmüddətli dövrdə potensialımızı artırmaqla, optimal logistik həllər tapmaqla bu yükləri hissə-hissə Orta Dəhlizə cəlb etməyə çalışacaq: “Bu yüklərin cəlbi üçün doğru logistik həllər, stabil logistik xidmət, gecikmədən yüklərin daşınması və ötürülməsi vacibdir ki, gələcəkdə burda davamlılığı təmin edək. Elə bir logistika qurulmalıdır ki, bu dəhlizə yönələndən sonra stabilliyi, təminatı görüb, problem həll edilsə də gələcəkdə bu dəhlizdən qaçmasınlar. Məqsəd Orta Dəhlizin sabitliyini təmin edib, bu dəhlizə cəlb ediləcək yüklərin davamlılığını təmin etməkdir”

Hazırda Azərbaycanda dəniz yolu ilə ölkəyə daxil olacaq yükün mümkün qədər qısa müddətdə növbəti həlqə olan Gürcüstana çatdırılması üçün imkanların genişləndirilməsinə ciddi ehtiyac var. Ölkənin avtomobil yollarında artan və artacaq yükdaşımaları qarşılamaq üçün zəruri potensialın yaradılması işləri son mərhələdədir. Lakin dəmiryolları barədə bu fikri söyləmək mümkün deyil. Bu baxımdan, Dünya Bankı mütəxəssislərinin fikirləri maraq doğurur. Onlar hesab edirlər ki, Transxəzər Cənub Marşrutunda ixtisaslaşmış konteyner gəmilərinə, logistik platformalara, operatorları və nəqliyyat sistemlərini birləşdirən informasiya texnologiyaları alətlərinə, potensialın artırılmasına və ticarətin asanlaşdırılmasına investisiya lazımdır. Dəhlizləri İdarəetmə İnformasiya Sisteminin yaradılması həm də kommersiya, əməliyyat və maliyyə məqsədlərilə “bir pəncərə” təmin etmək üçün vacibdir: “Dəhliz boyu multimodal rabitənin genişləndirilməsi Xəzər və Qara dənizlərdəki limanlar tərəfindən belə yüklərin daşınması üçün infrastrukturun təkmilləşdirilməsini və konteyner bloku qatarlarının istismarı tələblərinə (blokun uzunluğu, giriş yolları, sürət və s.) cavab vermək üçün mövcud infrastrukturun yenidən qurulmasını tələb edir. Bundan başqa, Azərbaycan və Gürcüstanda Şərq-Qərb dəhlizinə böyük infrastruktur sərmayələrinin qoyulmasına baxmayaraq, Azərbaycanda nə dəmir yolu, nə də dəhlizin avtomobil seqmentlərinin modernləşdirilməsi, o cümlədən Azərbaycanda dəmir yolu siqnalizasiyası və elektrik enerjisinin ötürülməsi hələ də tamamlanmayıb. Bu investisiyaların başa çatdırılması dəhlizin tam funksionallığı üçün həlledici önəm daşıyır”.

DB ekspertlərinin fikrincə, gömrük prosedurlarının təkmilləşdirilməsinə də ehtiyac var: informasiya axını, “bir pəncərə”yə keçid daxil olmaqla sadələşdirilmiş gömrük prosedurlarının tətbiqi və nəhayət, tranzit yüklər üçün “yaşıl dəhliz”in yaradılması. “Yaşıl dəhliz” sərhədlərdə gömrük-keçid məntəqələrindən yan keçməyə şərait yaradacaq: “Qara və Xəzər dənizlərində dəniz kommunikasiyalarının təkmilləşdirilməsi dəhliz boyunca tranzit konteyner daşımaları üçün yetərincə tutum, limanlarda və marşrutda gecikmələri minimuma endirmək üçün əməliyyatların tənzimlənməsi, vaxtında çatdırılmaya görə stimulların və gecikmələrə görə cərimələrin tətbiqi imkanlarının araşdırılmasını tələb edir”.

Həmçinin qeyd olunub ki, dəhlizin səmərəliliyinin artırılması həm də logistika infrastrukturunun fiziki imkanlarının genişləndirilməsini tələb edir: “Bu, logistik mərkəzlərin yaradılması və insan potensialının inkişafı deməkdir. İnsan potensialının inkişafı logistika yönümlü təhsil və təlim proqramlarının yaradılması və bu sahədə beynəlxalq akademik və ya peşəkar qurumlarla birgə səylər vasitəsilə bacarıqları təkmilləşdirəcək”.

Proseslərin gedişi göstərir ki, Qərbin Rusiyaya qarşı sanksiyaları uzunmüddətli dövr ərzində aradan qaldırılmayacaq. Bu baxımdan, Azərbaycan yaxınmüddətli dövr ərzində şimal marşrutundan “qopan” yüklərin mümkün qədər çox hissəsinin öz ərazisindən keçməsini təmin etmək üçün zəruri infrastruktur və şərtləri çox sürətlə təmin etməlidir. Bunun üçün yüklərin bir deyil, bir neçə istiqamətdə ötürülməsi təmin olunmalıdır. Bu baxımdan, Azərbaycanın Şərqi Zəngəzurdan İran-Naxçıvan-Türkiyə marşrutu ilə yükdaşımaları təmin etmək üçün Tehranla əldə etdiyi razılaşma mühüm nailiyyətdir. Artıq bu istiqamətdə avtomobil və dəmiryollarının layihələndirilməsi işləri aparılır. Azərbaycan ərazisində hər iki yolun tikintisi sürətlə aparılır. Yaxın vaxtlarda İran ərazisində də işlərin başlanması gözlənilir.

Azərbaycan həmçinin Ermənistan ərazisindən keçməklə də Naxçıvana və Türkiyəyə çıxış əldə etməkdə qərarlıdır. Ermənistanın bu prosesi əngəlləməsi faktiki olaraq onun özünün növbəti böyük regional layihədən kənarda qalmasına gətirib çıxara bilər…

“Yeni Müsavat”

Həmçinin oxuyun

Azərbaycan “Laçın dəhliz”ində zastava və gömrük məntəqəsi tikir?

Xəbər verildiyi kimi, Azərbaycan tərəfi İrəvandan Xankəndiyə gedən və “Laçın dəhlizi” kimi adlandırılan yolun alternativini …