Çərşənbə axşamı , Oktyabr 15 2019
Ana səhifə / Aktual / Şeyx mollalara xəbərdarlıq elədi: “Bu işi tutanlar…”

Şeyx mollalara xəbərdarlıq elədi: “Bu işi tutanlar…”

Sabah mübarək Ramazan ayı başlayır

Sabah mübarək Ramazan ayı başlayır. Mayın 17-si orucluğun ilk günüdür. Ötən gün Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayı münasibətilə fətva verib. Fətvada qeyd olunur ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə may ayının 17-nə təsadüf edəcək. Mayın 16-sı axşam niyyət gecəsi olacaq.

APA-nın məlumatına görə, fətvada bildirilir ki, Quran-Kərimin nazil edildiyi Qədr gecələrinin olduğu, günahların silindiyi və savabların ikiqat artdığı Ramazan ayında oruc tutmaq Uca Yaradan tərəfindən bütün müsəlmanlara vacib edilib. Orucun fəzilətlərindən bəhs edən Həzrət Peyğəmbər (s) buyurub: “Oruc (insanı) Cəhənnəm odundan qoruyan bir qalxandır”.

Bundan başqa, QMİ hər il olduğu kimi, bu il də AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birgə Ramazan ayının başlanğıcı, namaz vaxtları və gündəlik dualarını, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib. Qazılar Şurası və Elmi-Dini Şura bildirir ki, digər mənbələrdən əldə edilən, təxribat və təfriqə xarakteri daşıyan, habelə məzhəb və vaxt ayrı-seçkiliyi yaradan təqvimlərin dindarlar tərəfindən istifadəsi yolverilməzdir, din xadimləri belə halların qarşını almağa məsuldurlar.

QMİ Fitr bayramının vaxtını da elan edib. Şəvval ayının hilalının görünməsindən asılı olaraq bayram iyunun 15-nə təsadüf edəcək. Qazılar Şurası həmçinin fitrə zəkatının məbləğini elan edib – adambaşına 5-10 manat arası.

Qazılar Şurasının toplantısında bir sıra mövzulara, o cümlədən Ramazan ayında gün ərzində təşkil olunan məclislərdə iştirak mövzusuna münasibət bildirilib. QMİ əməkdaşı olan ruhanilərin Ramazan ayında gün ərzində – iftardan qabaq – təşkil olunan məclislərdə iştirak etməsinə görə xəbərdarlıq edib. Xatırladılıb ki, Ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etmək böyük günahlardandır və xəbərdarlığı nəzərə almayanlar barəsində ciddi tədbirlər görüləcək. Qazılar Şurası tövsiyə edir ki, bu əziz günlərdə dinimizdə müqəddəs sayılan şəxslərlə yanaşı, Vətənimiz və torpaqlarımız naminə canlarından keçən şəhidlərimizin də xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, xütbə və moizələrdə vətənpərvərlik hisslərinin təbliğinə xüsusi diqqət yetirilsin.

QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə orucluq vaxtı iftardan əvvəl imkanlı adamların məclislərinə qatılan axund və imamlara xəbərdarlıq edib. Şeyxülislam bildirib ki, iftardan əvvəl imkan şəxslərin orucluğu saymayaraq, guya ehsan verirmiş kimi məclis təşkil etməsi, xüsusən də bizim mollaların ora qatılması Allaha qarşı çıxmaqdır. O qeyd edib ki, belə hal aşkarlanarsa, həmin din xadimi cəzalandırılacaq: “Belə hal dinə şəkk, Allaha üsyan etməkdir. Kiminsə imkanı varsa, bu, o demək deyil ki, orucluğun əleyhinə çıxmalıdır”.

Şeyxülislam həmçinin deyib ki, Azərbaycanda saxta molla problemi var. Bildirib ki, QMİ-də qeydiyyata alınmayan, icazəsi olmayan insanlar molla paltarı geyinib fətva verirlər və bu, ciddi problemdir: “Faktiki olaraq, bu, qanun pozuntusudur. Bizim tərəfimizdən təyin edilməyən insanların dini mərasimlər aparmasının qarşısı alınmalıdır və bu istiqamətdə iş gedir. Mən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən də xahiş edərdim ki, bu işdə bizə kömək etsin”.

Quran-Kərimdə iman edən müsəlmanlara ildə bir dəfə – Ramazan ayında – oruc tutmaq əmr olunub. Qeyd edək ki, Ramazan Quranda adıçəkilən yeganə aydır. “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (Bəqərə, 183-cü ayə). Fiziki sağlamlığı yerində olan, səfərdə olmayan müsəlmanın hər il Ramazan ayında bir ay boyunca oruc tutması vacibdir.

Məlum ayədən də göründüyü kimi, oruc tutmaq öncəki ilahi dinlərdə də olub. Müsəlmanların yerinə yetirdiyi Ramazan orucu yalnız yemək və ya maye qəbul etmək deyil, həm də bir çox qadağa və məhdudiyyətlərlə xarakterikdir. Bu əməllər insanı gün ərzində maddi dünyadan az da olsa ayırır və daha çox mənəvi-ruhani həyata bağlayır. Bu səbəbdən də Ramazan həm də “şeytanın zəncirləndiyi ay” adlandırılır. Qadağalar isə daha çox insanı mənəvi aləmə bağlamaq məqsədi güdür.

Miqdarından asılı olmayaraq orucluq vaxtı bilərəkdən yeyilən və ya içilən hər şey orucu pozur. Ağız suyunu udmaq isə orucu pozmur. Oruc vaxtı ağız boşluğuna daxil olan bəlğəmi, dişin dibində qalan yemək qalıqlarını bilərəkdən udmaq orucu pozur. Ancaq bütün bunlar unutqanlıq üzündən olduqda oruc pozulmaz.

İstər Ramazan ayında, istərsə də qeyri vaxtlarda oruc halında sübh namazından şam namazına qədər cinsi yaxınlıqda olmaq olmaz. Sevişmək və müxtəlif yollarla spermanın xaric olması da orucu pozur. Yuxuda və ya qeyri-ixtiyari olaraq spermanın xaric olması isə orucu pozmur.

Allahın, Onun peyğəmbərinin (s) və məsum imamların adından yalan danışmaq, yəni aid olmayan hər hansı sözü onlara aid etmək orucu pozur. Düz bildiyi bir şeyi söyləmək, amma sonradan səhv olduğu məlum olan hər hansı bir söz orucu pozmur. Bundan əlavə, istər halal, istərsə də haram olsun, qatı toz halında olan tüstünün boğazdan keçməsi orucu pozur. Unutqanlıq üzündən olduqda isə pozmur. Qatı toz udmaq məsələsində müsəlman ilahiyyatçıları arasında fikir ayrılığı olsa da, ümumi qənaət budur ki, qatı toz, buxar, tüstü, o cümlədən siqaret orucu pozur. Həmçinin oruclu ikən bilərəkdən başı bütünlüklə suya salmaq və ya suya baş vurmaq orucu pozur. Bu mövzuda da ilahiyyatçılar arasında fikir ayrılığı var. Bəzilərinə görə, suya baş vurmaq və ya başını suya salmaq bəyənilməyən, bəzilərinə görə isə qadağandır. Unutqanlıq üzündən olduqda isə oruc pozulmur.

Orucluq vaxtı habelə, şam namazından sonra cinsi yaxınlıqda olanlar və ya yuxuda cünub olan şəxslər sübh namazına qədər qüsl alıb oruc tutmalıdırlar. İstər xəstəlik üzündən, istərsə də adi halda insan oruclu ikən bilərəkdən qusmaqla da orucunu pozmuş olur. Bundan başqa, qidalandırıcı iynələr, diş çəkdirmək, qan aldırmaq orucu pozur. Qeyri-ixtiyari və ya unutqanlıq üzündən qusduqda isə oruc pozulmur.

Qeyd edək ki, Hicri-Qəməri təqvimə əsasən, ayın görünməsindən asılı olaraq Ramazan ayı 29 və ya 30 gün davam edə bilər. Yuxarıda da əlavə etdiyimiz kimi, QMİ artıq iyunun 15-də Ramazan ayının başa çatdığı Fitr bayramının gününü elan edib. Oruc tutan müsəlmanlar sonuncu Ramazan axşamında qeyd olunan məbləğdə fitrə zəkatı çıxıb onu kasıb, ehtiyaclı insanlara bağışlamalıdır. Bundan başqa, Ramazan ayının 19, 21 və 23-cü, eləcə də 27-ci gecələri Qədr gecələri, yəni Quran-Kərimin nazil olduğu gecələr kimi qeyd olunur. Quran-Kərimin 97-ci surəsi olan Qədr surəsi bu münasibətlə nazil olunub. Qədr gecəsi Quranın nazil olduğu, xeyir və bərəkətli gecə kimi təsvir olunur. “O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!) (Qədr surəsi, 5-ci ayə).

Həmçinin oxuyun

Fikrət Məmmədov həbsxanadakı nöqsanlara niyə göz yumub? – Ombudsman nələri üzə çıxardı?

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri …