Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Aktual / “Separatizmi dəstəkləyən dövlətlərlə siyasi-iqtisadi münasibətlərə yenidən baxmalıdır” – Arzuxan Əlizadə

“Separatizmi dəstəkləyən dövlətlərlə siyasi-iqtisadi münasibətlərə yenidən baxmalıdır” – Arzuxan Əlizadə

Milli Şuranın təmsilçiləri belə bir fikir ortaya atıblar ki, guya Fransa parlamentinin separatçı qurumu tanıması barədə qərarı digər Avropa ölkələri parlamentlərinin də analoji addım atmasına yol açacaq. Onlar bunu onunla əsaslandırmağa çalışırlar ki, Rusiya və Türkiyə tərəfindən münaqişənin tənzimlənməsi guya Avropa dövlətlərinin belə bir addım atmasına zəmin yaradır.

Arqumentləri bundan ibarətdir ki, Rusiya və Türkiyənin Qarabağla bağlı təşəbbüsü ələ alması ATƏT-in Minsk Qrupunun fəaliyyətinə kölgə salır. Bu da Avropa İttifaqını qane etmir. Məhz bu səbəbdən birliyin digər üzvləri formal da olsa separatçı qurumu tanıya bilər. Belə iddia edirlər ki, Fransadan sonra Belçika parlamentinin bənzər addımı atacağı daha çox ehtimal edilir. Hesab edirlər ki, bütün bunlar indi olmasa da, gələcəkdə Azərbaycan üçün müəyyən ciddi problemlərin yaranmasına səbəb ola bilər.

O da sirr deyil ki, bir sıra Aİ ölkələrində separatizm problemi var. Qurum ölkələri tərəfindən belə addımların atılması nəticə etibarilə onların ziyanına olacaq. O baxımdan, digər Avropa ölkələrinin də qondarma “Artsax”la bağlı bənzər qərar verəcəkləri nə dərəcədə realdır?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri Arzuxan Əlizadə buna bir neçə aspektdən yanaşdı: “Əslində, bəzi Avropa ölkələrinin Qarabağ münaqişəsi ilə bağlı mövqeyi heç zaman birmənalı olmayıb. Məsələn, Fransa ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olaraq bu illər ərzində münaqişənin həllinə çalışmaq əvəzinə, daha çox problemin ermənilərin xeyrinə həll olunması üçün çalışıb. Fransanın bu yöndə göstərdiyi cəhdlər, faktiki olaraq, bu ölkənin mandatına uyğun olmayan formada ermənipərəst mövqe sərgiləməsi göz önündə idi. 44 günlük Vətən müharibəsi dönəmində isə bu mövqe daha qabarıq formada özünü göstərdi. Fransa ermənilərə dəstək nümayiş etdirərək özlüyündə onları separatçı addımlar atmağa daha da həvəsləndirmiş oldu.

Fransanın ardınca Belçika parlamentinin xarici əlaqələr komissiyasının parlamentə erməni mövqeyini dəstəkləyən qanun layihəsi təqdim etməsi, eləcə də Niderland parlamenti tərəfindən analoji addımlar atılması onu deməyə əsas verir ki, Azərbaycan təxirə salınmadan qabaqlayıcı addımlar atmalı, separatizmi dəstəkləyən dövlətlərlə siyasi və iqtisadi münasibətlərə yenidən baxmalıdır”.

Partiya sədrinin fikrincə, Azərbaycan dövləti dünyanın heç bir ölkəsində etnik separatçılığa yönəlik addımlar atmayıb: “Baxmayaraq ki, Avropanın özündə bir sıra separatizm ocaqları mövcuddur. Dövlətimiz Avropanın bir çox ölkəsi ilə enerji təhlükəsizliyi ilə bağlı çox ciddi əməkdaşlıq formatı qurub. Münasibətlər bu vəziyyətdə davam edərsə, onda görünür ki, bu məsələlərə də yenidən baxmalı olacağıq. Sirr deyil ki, bölgəmizdə yeni təhlükəsizlik formatının yaranması, xüsusilə də qardaş Türkiyənin bu prosesdə aktiv rol alması bəzi Avropa dövlətlərini, sözün həqiqi mənasında, qıcıqlandırıb. Bu səbəbdən də hazırda diplomatiya sahəsində ciddi addımlar atılmasına böyük ehtiyac yaranıb. İnanıram ki, Azərbaycan dövləti bu mərhələni də uğurla adlayacaq”.

AMİP sədri hesab edir ki, sözügedən məsələlərlə bağlı Azərbaycan diplomatiyası fəallığını artırmalıdır.

Həmçinin oxuyun

Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

“Vüqar Səfərli işi” davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-nin …