Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Sentyabr ayı ərzində hələ çox toqquşma olacaq“ – Üzeyir Cəfərov

“Sentyabr ayı ərzində hələ çox toqquşma olacaq“ – Üzeyir Cəfərov

“Vəziyyət gərgindir və sentyabr ayı ərzində hələ çox toqquşma olacaq”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Hərbi ekspert Azərbaycan-Ermənistan sərhədində baş verə biləcək növbəti təxribatlardan söz açıb:

“Bu gün ermənilər səhər saatlarında Laçın və Kəlbəcərdəki mövqelərimizə atəşə tutub və itirdikləri mövqeləri qaytarmağa cəhd ediblər. Sentyabrın 13-də Prezident özü də müdafiə naziri və DSX rəhbərinə qəti şəkildə göstəriş verdi ki, düşmən təxribatlarının qarşısı qətiyyətlə alınsın. Bildiyiniz kimi, sərhəddə yenə atışma olub və düşmən 30 nəfərə yaxın itki verib və yaralıları var. Azərbaycan tərəfdən itki yoxdur”.

Hərbi ekspert yaramış vəziyyətlə bağlı proqnozlarını açıqlayıb:

“Bu ay Azərbaycan ordusu üçün çox gərgin keçəcək. Əvvəla, ermənilər bütün sərhədboyu çox ciddi zərbə alıblar. Onlar həm mövqeləri geri qaytarmaq, həm də 44 günlük müharibənin əzabını bir az da azaltmaq üçün bu yola əl atdılar. Çünki sentyabrın 27-də müharibənin başlamasının 2 ili tamam olacaq və biz buna hazır olmalıyıq. Təəssüf ki, Ermənistanı şirnikləndirən Rusiya, Fransa və ABŞ öz çirkin oyunlarını oynayır və ermənilərə havadarlıq edirlər. İşimizi möhkəm tutmalıyıq. Çünki son sərhəd təxribatlar göstərdi ki, Ermənistan heç vaxt bölgədə mehriban qonşuluq şəraitində, sakit şəkildə yaşamaq istəmir və yaşamayacaq. 

Ordu hazır vəziyyətdədir və tapşırıq veriləcəyi təqdirdə silahlı qüvvələrimiz üzərinə düşən hər şeyi edəcək. Şəxsi heyət hazır vəziyyətdədir və silah-sursatımız, texnikamız da kifayət qədər çoxdur”.

Ü. Cəfərovun sözlərinə görə, Fransanın təklifi ilə BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması, eyni zamanda, Emmanuel Makronun Azərbaycan Prezidentinə zəngi Fransa və prezident Makronu utandırmalıdır:

“Bu həmin Makrondur ki, 44 günlük savaşda Azərbaycanı günahlandırırdı ki, guya ərazimizdə hansısa terrorçu qruplar var.

Hərə bir tərəfdən çıxıb deyir ki, araya gətirək, danışıqlar masası arxasına keçək və s. Lakin bir nəfər də dilinə gətirmir ki, Ermənistan Azərbaycan ərazisindən rədd olub çıxmalıdır”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …