Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, məhəllə 1, ev 4/20, mənzil 5-də yaşayan II qrup Qarabağ əlili Abdullayev Altay Papanin oğlu Sumqayıt Dövlət Universitetinin rektoru tərəfindən təzyiqə məruz qalıb.
Bu
barədə AFN-ə etdiyi müraciətdə Qarabağ qazisi özü bildirib.
1992-1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyini
deyən A.Abdullayevin sözlərinə görə, döyüşlər zamanı aldığı xəsarətlər
nəticəsində II qrup əlil olub: “Hazırda ayaqlarım hərəkət
qabiliyyətinin, demək olar ki, 80 faizini itirib. 2009-cu ildə vəfat
etmiş qardaşım, II qrup Qarabağ əlili Abdullayev Adilin ailəsinin, digər
qardaşım Abdullayev Alimin 4 nəfərlik, özümün və təqaüdçü anamın
dolanışıq imkanı Sumqayıt Dövlət Universitetinin rəhbərliyi tərəfindən
məhdudlaşdırılıb. Belə ki, biz 3 qardaş 2006-cı ildən etibarən 10 illik
icarə müqaviləsi əsasında SDU-nun II korpusunda yeməkxana tikərək ordan
dolanışığımızı təmin etmişik. Adil və mən iki qardaş olaraq Vətən
uğrunda sağlamlığımızı itirsək də, heç vaxt bunun əvəzini dövlətimizdən
gözləməmişik. Bunun sübutu SDU rəhbərliyi ilə bağlanan icarə
müqaviləsində də əksini tapır. Biz müqavilənin ikimizdən birinin yox,
məhz kiçik qardaşımız Alimin adına bağlanmasını istəmişik və belə də
etmişik. 10 il ərzində heç bir problemsiz işləmişik və 3 ailə olaraq
dolanışığımızı normal səviyyədə təmin edə bilmişik. Onu da qeyd edim ki,
həmin yeməkxananı 0-dan başlayıb özümüz tikib təchiz etmişik.
Yeməkxananın icarə haqqı olaraq 2018-ci ilin sentyabrına qədər
universitetin prorektoru olan Şirin müəllimə, ondan sonra isə prorektor
Naib Hacıyevə ayda 500 manat ödəmişik. 2018-ci ilin sentyabrında isə
N.Hacıyev bizdən 1 illik icarə haqqını – 6 min manat – əvvəldən istəyib.
Verə bilmədikdə yeməkxanaya girişimizə qadağa qoyaraq oranı başqasına
(türk vətəndaşa) icarəyə verib. İndi bizə deyir ki, artıq gecdir, oranı
başqa adam işlədir. Halbuki həmin obyektdə istifadə olunan bütün
avadanlıqlar bizimdir, öz vəsaitimiz hesabına illərlə alıb yığmışıq.
Yeməkxanada
3 ailə bizimki olmaqla, daha 3 nəfər işlə təmin edilmişdi ki, onların
da ailələri ilə birgə 6 ailə oradan evinə çörək aparırdı. Prorektor Naib
Hacıyev və rektor Elxan Hüseynov bizi dinləmək belə istəmirdilər. Bizə
ismarıc göndərirdilər ki, artıq obyekt başqasına verilib, geri qaytarmaq
mümkün deyil. Halbuki biz oranın icarədarı ola-ola başqasına
verilməzdən öncə bizə təklif edilməli idi”.
Üzləşdiyi
problemlə bağlı ölkə rəhbərliyinə müraciət edən Qarabağ qazisini martın
1-də rektor E.Hüseynov qəbul edib. Lakin özünün dediyinə görə, qəbul
zamanı A.Abdullayevə danışmağa doğru-düzgün imkan da verməyib: “Birinci
mənə təklif etdi ki, gəl səni kafedə işlə təmin edək. Dedim nə işi, dedi
ofisiant. Dedim mən bu ayaqlarla ofisiant işləyə bilərəm? Açdım ki,
ayaqlarımı göstərdim, dedi geyin ayaqlarını, heç gözünün ucu ilə də
baxmadı. Sonra da ağzımı açmağa macal belə vermədi, dedi ki, sən o
kafedən əlini üz, onu sənə verməyəcəm işlətməyə. Telefonumda cənab
prezidentin çıxışı var, hansı ki, Qarabağ qaziləri, şəhid ailələri haqda
danışır və deyir ki, onlara toxunmaq olmaz. Açdım ki, cənab prezident
bizə necə qayğı ilə yanaşır, qulaq as. Qayıtdı ki, söndür onu, mənə
maraqlı deyil prezident nə deyir, mən o kafeni sənə verməyəcəm, çıx
otaqdan, özün də get hara şikayət edirsən et. Mən otaqdan çıxmaq
istəmədim, istəyirdim onunla normal söhbət edəm, çalışam razılaşdıram,
amma rektor məni mühafizəçiləri çağırıb zorla çıxartdırdı, fiziki təzyiq
göstərdilər mənə. Mən üzümü media vasitəsilə ölkə prezidentinə,
aidiyyatı qurumlara tuturam: SDU-nun rektoru Elxan Hüseynov dövlət
düşmənidir, o insanları dövlətdən narazı salmaq üçün dəridən-qabıqdan
çıxır, onun fəaliyyəti ciddi araşdırılmalıdır. Biz kafeni işlədən
vaxtlarda orada siqaret satılmırdı, amma indi orda təhsil alan məni
tanıyan tələbələr deyirlər ki, siqaret satılır. Həm də eşitdiyimə görə,
türk iş adamı universitet rəhbərliyi ilə şərikli işlədir oranı. Ona görə
mənim nəinki kafedə qalan dəyəri on min manatdan çox olan
avadanlıqlarımı vermirlər, hətta məni dinləmək belə istəmirlər. Mən
aylarla getdim E.Hüseynov qəbul etmədi, prezidentin adına müraciət
ünvanladıqdan sonra qəbul etdi, o da belə. Ümid edirəm ki, bu məsələyə
bir əncam çəkiləcək. Çünki cənab prezident də dəfələrlə vurğulayıb ki,
Qarabağ qaziləri, şəhid ailələri toxunulmazdır. Hansısa məmurun bu
göstərişə qarşı çıxması təbii ki, cəzasız qalmamalıdır”.
A.Abdullayev
redaksiyamıza sözügedən kafedən görüntülər də təqdim edib. Onun
sözlərinə görə, videoda görünən avadanlıqlar hamısı onlara məxsusdur:
“Universitet rəhbərliyi onları da mənimsəyib, qaytarmır özümüzə”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


