Ana səhifə / Aktual / Saytın adına açılan mağaza: bu hal hüquqi baxımdan doğrudurmu?

Saytın adına açılan mağaza: bu hal hüquqi baxımdan doğrudurmu?

Bir müddətdir ki, redaksiyamıza müraciət edən oxucular, Bakıda “Yeni Müsavat” Media Qrupunun tərkibinə daxil olan “minval.az” saytının adına geyim mağazasının açıldığını söyləyirlər. Oxucular düşünürlər ki, “Minval butik” adı altında fəaliyyət göstərən mağaza da “Yeni Müsavat” Media Qrupuna aiddir. Öncədən qeyd edək ki, bu, belə deyil.
Öyrəndik ki, Bakıda doğrudan da bu ad altında mağaza fəaliyyət göstərir. Ağa Neymətullah küçəsində yerləşən mağazada olub, məsələni araşdırdıq. Mağaza burada 1 ilə yaxındır ki, fəaliyyət göstərir. Mağazada qadın və kişi geyimləri satılır. Orada olduğumuz zaman obyektin Məsud adlı Türkiyə vətəndaşı olan sahibi ilə də görüşdük.
Məsud bildirdi ki, bu adda onun Türkiyədə də mağazası fəaliyyət göstərir: “Mənim bir neçə yerdə mağazam var. Bu da onlardan biridir. Bu mağazanın sizin saytla heç bir əlaqəsi yoxdur. Əslində mağazanın adı sırf olaraq heç “minval” da deyil. İlk hərfi dairəyə almışıq və “M” hərfinin ortasını da ağ rəngə boyamışıq. Yəni ortada yaranan “V” adın digər hissələrindən rəng etibarı ilə fərqlənir. Bax, bizim loqomuz budur. Bakıda bu mağazanı 1 ilə yaxındır ki, açmışam. Müştərilərimiz də bizə kifayət edəcək qədərdir. Ancaq doğrusu, sizin saytınız barəsində məlumatsız olmuşam. Ümumiyyətlə, “minval” ərəb sözüdür və mənası üsul, yol tərz deməkdir. Biz də bunu əsas gətirmişik”.
Onu da qeyd edək ki, “minval.az” saytı 2013-cü ildən fəaliyyət göstərir. Sayt hazırda rus və türk dillərində oxucuların xidmətindədir.
Bəs rəsmi qeydiyyatdan keçmiş xəbər saytının adına başqa birisinin mağaza açması hüquqi baxımdan doğrudurmu?
Musavat.com-a danışan hüquqşünas Ələsgər Məmmədli bildirib ki, bu məqamda adın patent hüququnun olması əsas şərtdir: “Əgər adın patenti alınıbsa, o zaman həmin adda kimsə nə isə aça bilməz. Açarsa, o zaman məhkəməyə verilərək, geri alınar. Digər hallarda isə o adda başqa bir şəxsin də mağaza və ya kafe açmasında problem yoxdur”.
Patent hüququ patent sahibinə texniki yeniliyin təcrübədə tətbiqinə sərf etdiyi məsrəfləri ödəmək, habelə qoyulmuş kapitaldan mənfəət götürmək imkanı verir. Patent hüququnun əsas məzmununu patent sahibinin hüquqlarını, onların bütünlükdə və ya bir hissəsinin başqasına verilməsi qaydasını, həmçinin hüquqların pozulması nəticələrini müəyyən edən normalar təşkil edir. Patent hüququ həmçinin patent almaq üçün sifariş vermə qaydasını və patent haqqında mübahisələrin həlli qaydasını nizamlayır. Patent hüququnun əsas mənbəyi ali qanunverici orqanın qəbul etdiyi xüsusi qanunlardır.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın