Cümə axşamı , Oktyabr 28 2021
Ana səhifə / Aktual / Sayın deputat, pafos püləməklə olmur…

Sayın deputat, pafos püləməklə olmur…

Jurnalistlər üçün həyata keçirilən ev layihəsi bəlkə də ölkədə ən səs-küylü, intiriqalarla bol layihələrdəndir. Bu evlərin ətrafında baş verən intiriqalar qardaşı-qardaşa düşmən edəb qəbildəndir desək, yanılmarıq.
Hər il jurnalistlər üçün tikilən bina haqqında ictimai şəxslər pafoslu çıxışlar səsləndirir. Səhv etmirəmsə, ötən il də vəkil Aslan İsmayılov sosial şəbəkədə jurnalistlərə tikilən binanın həkimlərə verilməsi haqqında çağırış etmişdi. Bu il də millət vəkili Etibar Əliyev öz pafoslu çıxışı ilə gündəmi zəbt edib. Şəhid və qazi ailələri cəmiyyətin həssas yeri olduğu üçün sayın millət vəkili hesab edir ki, sözügedən zümrəyə etdiyi möhtəşəm jesti ona toplumda müsbət münasibət formalaşdıracaq.
Azərbaycanın mövcud media sistemindəki qüsurları dilə gətirmək yaxşıdır. Təbii ki, biz jurnalistikada qüsur yoxdur demirik. Amma sayın millət vəkili kaş zəhmət çəkib bir araşdırma aparıb medianın bugünkü hala düşməsindəki barmaqları üzə çıxartsaydı. Ordan boş-boş pafoslu cümlələri havaya ötürmək o qədər asandır ki…
Sayın millət vəkili, jurnalistə ev verilməsinə qarşı çıxırsınız. Mən də bir jurnalist olaraq buna qarşıyam. Müxtəlif peşə sahibləri arasında intiriqa yaratmaqdan başqa bir şey deyil bu layihə. O zaman ortaya bir neçə möhtəşəm sual çıxır. Çıxış etdiyiniz Milli Məcilisin iclaslarında niyə ağzınıza su alıb oturursunuz? Niyə millət vəkili olaraq millətin mənzil problemlərini dilə gətirmirsiniz? Cəmiyyətin bu taleyüklü probleminin həlli üçün sərfəli ideyalar irəli sürmürsünüz?
Sayın millət vəkili, bu ölkədə təkcə qazilər, şəhid ailələri yaşamır axı. Onlara daimi dövlət qayğısı və güzəştlər var. Bəs zirzəmilərdə əsgər böyüdən, kirayələrdə ömür çürüdən gənc ailələrin dərdini hara yazaq? Sizin millət vəkili olaraq milləti təbəqələrə bölməyə ixtiyarınız varmı?
Jurnalist də bu millətin bir fərdidir. “Jurnalistə ev verilməsin” deyirsiniz. O zaman jurnalistin özünə ev ala bilməsinə şərait yaradılsın. Bu gün Azərbaycan mediasında jurnalist əməyinə verilən ən yüksək dəyər 600 manatdır. Kirayə bazarındakı qiymətlərdən az da olsa xəbəriniz varsa, yəqin edərsiniz ki, bu məbləğlə vicdanlı jurnalistin normal həyat yaşaması nağıldır.Deyirsiniz, araşdırmaçı jurnalistlər yoxdur. Olmayacaq da. Ona görə ki, yol pulunu, yemək pulunu, telefon pulunu öz cibindən ödəmək məcburiyyətində qalan jurnalist onun əməyinə verilən dəyərsizliyin qarşılığında, ancaq “kopi-past jurnalistikası”yla yola verməyi seçir. Araşdirin görün neçə böyük media qurumda çalışan jurnalistlər ştatlı işçidir? Müqaviləsiz, ştatdankənar çalışan jurnalistlərin pozulan hüquqları, tapdalanan haqları sizə heç bir şey ifadə etmirmi? Jurnalist başqa planetdən gəlməyib axı. Biz də bu dövlətin tamhüquqlu vətəndaşlarıyıq. Niyə deyirsiniz ki, həkimə, alimə ev verilsin, amma jurnalistə yox? Alimlərimiz bəşəriyyəti xilas edib? Yoxsa səhiyyəmiz gül açıb, xəbərimiz yoxdur? Hər gün həkimlərdən şikayət edən minlərlə insanla qarşılaşırıq. Xəstəxanaya yeriyərək gedib, xərəkdə meyiti çıxan bizlər deyilikmi?
Nə qədər ki, peşəkar jurnalistə olunan ədalətsiz yanaşma var, Azərbaycan mediası da günü-gündən uçuruma gedəcək.
Mediamızda yaxşı jurnalistin olmadığını iddia edirsiniz. Mən isə yaxşı jurnalistə layiq olduğu dəyərin verilmədiyini iddia edirəm. Jurnalistə ev vermək ona layiq olduğu dəyəri vermək anlamına gəlmir. Əksinə onu dəyərsizləşdirib, əlini, dilini gödək edib! Azərbaycan mediası sözün əsl mənasında lal, kar, kor olub.Mən də bir jurnalist olaraq jurnalistlərə ev verilməsinin əleyhinəyəm. Amma jurnalist maaşları artsın, jurnalistlər də millət vəkilləri kimi məzuniyyətə çıxanda öz hesablarına deyil, iş hesabına çıxsın. Jurnalistlərin də tibbi sığortası olsun, güzəştli kredit şərtlərindən yararlana bilsin. İpoteka şərtlərindəki bəndlərə əl gəzdirilsin.
Şəhid, qazi ailəsi bizim hər birimizin baş tacıdır. Amma o şəhid, qazi ailələri də övladları soyuq torpağa qoyulan günə qədər ehtiyac içində yaşayıblar. Bu gün minlərlə evsizlikdən əziyyət çəkən insan var. Nə edək, gözləyək onların da övladları şəhid, qazi olsun?
Sayın millət vəkili, ayda, ildə bir dəfə şəxsi hesabınızda intriqa toxumu səpməklə cəmiyyətin düşdüyü sosial xaosdan çıxış yolu tapmaq mümkün deyil. Millət vəkili olaraq seçilmisinizsə, zəhmət çəkib sosial bərabərsizliyə etiraz səsinizi ucaltmalı və bunun üçün dövlətə ağlabatan təkliflər verməlisiniz. Yoxsa Mətbuat Gününə bir həftə qalmış bu peşə sahiblərinə balta tolazlamaqla heç yerə çıxmaq olmaz.

Günel Musa

Həmçinin oxuyun

Kanadanın müharibədə Azərbaycana dəstəyə görə Türkiyəyə embarqo qoyan şirkəti müflis oldu

Kanadanın İkinci Qarabağ müharibəsində Azərbaycana dəstək verdiyi üçün Türkiyəyə silah embarqosu qoyan müdafiə şirkəti müflis …