Cümə , Noyabr 27 2020
Ana səhifə / Aktual / SAMİR ADIGÖZƏLLİ: “DAK-IN QURULTAYINDA HƏR KƏS HESABATINI VERMƏLİDİR”

SAMİR ADIGÖZƏLLİ: “DAK-IN QURULTAYINDA HƏR KƏS HESABATINI VERMƏLİDİR”

Dünya Azərbaycanlıları Konqresinin İcra Aparatının sədri Samir Adıgözəlli ilə mühüm bir hadisə öncəsi-DAK-ın XIII Qurultayı öncəsi görüşdük. Lakin görüşümüz Samir bəyin ad gününə təsadüf etdiyindən söhbətə elə 39 illik ömrü ilə pilləkan saldıq… Beləliklə, Yenicag.az-a verilən və bir çox daşları yerindən oynadacaq özəl müsahibəni təqdim edirik.

Samir bəy, öncəliklə sizi təbrik edirik. Bildiyimizə görə, dünən doğum gününüz idi. Artıq 40-a nərdivan dayadınız. Bu 39 il sizin üçün necə keçdi?

– 39 il bir insan ömrü üçün az müddət deyil. 39-u tamamlayıb 40-a ayaq basmaq insan ömrünün xüsusən gənclik dövrünün gözəl günlərinin geridə qalması deməkdir. 40-dan o tərəfə bir ixtiyarlılıq dövrü gəlir. Bu müddəti yaşadıq. Ömrümüzü, günümüzü cızdığımız yolla, bir meyarla getdik. Daha doğrusu gedirik. Bu yol tutduğumuz əqidənin davamı yoludur. Bu günə qədər gəlib çatmışıqsa, Allaha min şükürlər deyirəm. Bundan belə də yeganə təmənnamız saflı bir ömür sürməkdir. Hər bir insanın ata, şəxsiyyət olaraq arzu etdiyi müəyyən dəyərlər var ki, onları görmək, onlara çatmaq istəyirsən. Hər kəs arzularına çatsın, biz də onların içərisində.

– Ataların bir məsəli var, deyir 40 yaş cavanlığın qocalığıdır, 45 yaş qocalığın cavanlığı. Artıq siz yeni bir gəncliyə addım atdınız. Planlarınız nədir. Samir Adıgözəlli uzun illərdir siyasətdə olan adamdır. Partiya sədrisiniz, diaspora fəaliyyətində aktiv rol oynayırsınız. Ümumiyyətlə, planlarınız, hədəfiniz nədən ibarətdir? Hara çatmaq istəyirsiniz? Qarşınıza qoyduğunuz məqsəd nədir?

– İllər boyu ictimai-siyasi həyatın içində hansısa bir məqsəd güdməmişəm. Hər kəsin hansısa bir yüksək pillədə olmaq arzusu vardır. Yeniyetməlik, gənclik dövründən ən əsas məqsədim, niyyətim o olub ki, Samir Adıgözəlli olaraq biz də öz üzərimizə düşən borcu yerinə yetirə bilək. Ailədə, həyatda valideynə, övlada, Vətənə, eyni zamanda, ictimai-siyasi həyatda hər bir insanın bir borcu var. Hər bir insan bilməlidir ki, bu proseslərin içindədirsə, burada onun da üzsərinə düşən bir borc vardır. Bu günə qədər ictimai-siyasi həyatda olan bir adam kimi çalışmışam ki, üzərimə götürdüyüm yükü mənzilə qədər apara bilim. Hər halda bunun qiymətini zaman verəcək. Hər şeyin zamana ehtiyacı var. Bu günə qədər nə qədər edə bilmişəm, ona qiymət veriləcək. Kifayət qədər geniş planlarım var. Hesab edirəm ki, diaspor sahəsində, ictimai-siyasi həyatda hələ bizə daha çox ehtiyac olacaq. Bizim nəsil olan gəncliyin ölkənin ictimai-siyasi həyatında bundan sonra daha aktiv yer almasına ehtiyac duyulur. 40-45 yaşında artıq bir nəsil qapanıb, növbəti nəsil isə aşağıdan gəlir. Ona görə də Azərbaycanın ictimai-siyasi həyatında bu nəslə böyük ehtiyac vardır. Onsuz da bu nəsil ictimai-siyasi həyatın içindədir. Amma bundan belə ölkənin bütün sahələrində daha aktiv yer alması vacibdir, onlara geniş meydan verilməlidir.

– Mən ancaq inanmıram. Bilirsiniz niyə? Heç zaman heç kim iş görən insanın daha çox irəli getməsini istəmir. Bizim nəslin nümayəndələri müəyyən müddət bir yerə getsin, bir müddətdən sonra isə qarşısına mütləq bir daş yığılacaq və ya daş onun üzərinə düşəcək və belədə o sıradan çıxacaq. Təəssüf ki, bu məsələdə sizin qədər optimist ola bilmirəm.

– Ümumiyyətlə, xaraktercə optimistəm. Ən çətin zamanlardan keçmişik. Gənclik həyatımız elə bir dövrə təsadüf etdi ki, gəncliyimizi tamlıqla yaşaya bilmədik. Bizdən bir neçə il öncə dünyaya gələn bir çox insanlarımız torpaqlarımız uğrunda şəhid oldu. Müharibənin ağır günlərinə düşdük. Arxadan gələn nəsil keçən əsrin 90-cı illərin əvvəllərində ağır dövr keçirdi. Bu dövrlərdən keçən nəsil olduğumuza görə, hazırda yetişən nəsildən çox-çox möhkəmik. Yəni çətinliklərdən çıxdığımıza görə bərkimiş nəsilik. İctimai-siyasi proseslərdə, eyni zamanda mediada da yer almışam. Yəni onun da zərbəsini almışam, çətinliyini görmüşük. Bəzən öz ölkəmizdə də ikili standartları görürük. Kadrların, bu proseslərdə zəhmət çəkən insanların lazımı qədər qiymətləndirilməməsi təəssüflər olsun ki, yalnız siyasətin bir hissəsidir. Kiminsə bu günləri hüquqlarının müdafiəsi uğrunda mübarizə aparılır, amma mənimlə bağlı 1996-cı ildəki olayla bağlı sırf jurnalistika fəaliyyətimə görə indiki hüquq müdafiəçiləri bir dəfə də olsun ağız açmadı. Beynəlxalq Diaspor Mərkəzinin Azərbaycanın diaspor fəaliyyətində 8 ilə yaxındır əməyi vardır. Ondan başqa Dünya Azərbaycanlıları Konqresini də qeyd etmək olar. 2006-cı ildən DAK-ın üzvüyəm. Bu gün Beynəlxalq Diaspor Mərkəzi qərargahsız fəaliyyət göstərir. Bəzən özümüz-özümüzə qarşı o qədər laqeyd yanaşırıq ki, bu gün Azərbaycan üçün hava və su tək vacib olan şərtlərdən biri kimi xarici ölkələrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının informasiya mübarizəsidir olduğunu unuduruq. Bu prosesdə yer alan insanların təşkilatlara dəstək göstərməkdənsə, bəzən problemlər yaradılır. Ona görə optimistəm ki, bu bərkimiş nəsil Azərbaycan üçün çox vacibdir. Yəni Azərbaycanın istiqlaliyyət mücadiləsi dövründə yetişən nəslə ölkənin ictimai-siyasi həyatında, dövlətçilik məsələlərində yaxın gələcəkdə meydan verilməsi dövlətimiz üçün çox vacibdir. Hər halda bunu düşünən beynlər də var. Hansı ki, həmin düşünən beynlər məsələlərə Azərbaycanın maraqları prizmasından yanaşırlar.

8 ildir DAK-ın üzvüsünüz. DAK-ın İstanbulda qurultayı var. Qurultaya hazırlıq işləri necə gedir? Hər zaman DAK-ın qurultayları səsli-küylü olması ilə yadda qalıb. Növbəti qurultayda nə baş verəcək?

– Fəaliyyəti geniş şaxəli olan Dünya Azərbaycanlıları Konqresinin qurultaylarının səs-küylü keçməsi təbiidir. Növbəti qurultayla bağlı hər cür hazırlıq işləri aparılır. Ötən qurultaylardan zəif olmayan, əksinə daha tərtibatlı bir qurultay olacaq. Qurultayın İstanbulda keçirilməsinin də bir başqa əhəmiyyəti vardır. Qurultayın təşkilat işləri ilə bağlı bütün məsələlər son mərhələdədir. Texniki məsələlərlə bağlı bütün işlər görülüb. Sağda, solda müxtəlif fikirlərin yer almasına baxmayaraq DAK qurultayı heç bir səs-küy olmadan baş tutacaq.

– Yəni yenə də əvvəlki qurultayda olduğu kimi sağda, solda qurultay haqqında fikirlər gəzir?

– Ötən qurultay ərəfəsi proseslərdən fərqli olaraq, bu dəfə qurultay əleyhinə sağdan-soldan o dərəcədə də ciddi fikirlər səslənmədi. Amma bəziləri qurultay qabağı çaşqınlıq yaratmağa çalışdı. Lakin bu dəfə ona nail ola bilmədilər.

Onlar zəif idilər, yoxsa DAK güclənib?

– DAK güclənib, baxmayaraq ki, kimlərsə onun fəaliyyətinin gözə çarpmadığını iddia edir. Amma mətbuatda geniş şəkildə bu çaşqınlıq kampaniyasını apara bilmədilər. Ona görə ki, son 3 ildə DAK qarşıya qoyduğu məqsədlərlə bağlı yüksək işlər həyata keçirib. Eyni zamanda, DAK-ın İcra Aparatı tərəfindən də kifayət qədər tədbirlər görülür. Belə böyük işin qarşısında DAK ətrafında hansısa bir çaşqınlıq yaratmaq çəhdləri mümkünsüzdür.

– Ümumiyyətlə, DAK-da struktur dəyişikliklərinə ehtiyac varmı?

– Hələlik DAK rəhbərliyində belə bir fikir yoxdur.

– Qurultayda gündəmə gələ bilər?

– Mümkündür. Təbii ki, DAK strukturlarında yenilənmə, canlanma olacaq, bu prosesə gediləcək. Onun üçün struktur dəyişikliyinə ehtiyac olacaqsa, ona da gediləcək. Buna ehtiyac vardır. DAK bütün strukturları lazımı qədər işləsəydi, qurum təsir və güc baxımından həmin gücü göstərərdi. Amma elə deyil. Hər şeyi Sabir Rüstəmxanlıdan soruşmaq, hər şeyi bir neçə nəfər İdarə Heyəti üzvünün fəaliyyəti ilə həyata keçirmək doğru olmaz. DAK tam gücü ilə işləməlidir. Qurultayda hər kəs hesabatını verməlidir. Hər şeyə obyektiv, ədalətlə yanaşmalıyıq. Zaman-zaman DAK bəzi dövlətlərin hədəfinə çevrilir. Onlar müəyyən emisarları vasitəsilə təşkilat haqqında mənfi imic formalaşdırmağa çalışıb, amma bu proseslər ayaq tutsa da, yeriyə bilməyib. Bundan sonra da yeriyə bilməyəcək. Amma o insanlar ki, xarici qüvvələrlə əlaqəli insanların şantaj və təxribatlarına yön veriblər, bilsinlər ki, bir məqamda onların adları tərəfimizdən açıqlanıb ifşa da oluna bilərlər. Ona görə də hər kəs özünü yığışdırsın

– DAK daxili strukturundan az-çox xəbəri olan biri olaraq, bu məsələni gündəmə gətirdim. DAK-ın hazırda iki həmsədri var, Ondan başqa Daimi Şura, İcra Aparatı və digər qurumları da var. Hətta bir ara DAK daxilində İlhamə Quliyeva üçün Musiqi Akademiyası da açılmışdı. Az qala DAK üzvündən çox departament, araşdırma mərkəzi, Məşvərət Şurası, Ali Məclis və s. var. Bütün bundansa yığcam, monolit, operativ quruma çevrilməsi üçün bu istiqamətdə hansısa bir fikriniz varmı? Yoxsa proseslər beləcə qaraguruh şəklində davam edəcək?

-DAK-da seçkili orqanlardan başqa da bu qədər qurumların yaradılmasında məqsəd ondan ibarətdir ki, qurumlardakı insanlar hərə bir tərəfdən fəaliyyət göstərsinlər. Lakin bu qədər qurum olsa da, onların heç də hamısı fəaliyyətlərini göstərə bilmir. DAK qurultayına hazırlıq üzrə İşçi Qrupu yaradılıb. Bu qurultayın ağırlığı neçə nəfərin üzərindən keçir? Bundan ictimaiyyətin xəbəri olmur. İş bölgüsündə bütün ağırlıq Sabir Rüstəmxanlı başda olmaqla bir neçə nəfərin üzərinə düşür. Bu yükü aparmaq təbii ki, onun və digərlərinin borcudur. O adamlar birinci öz, sonra da qurultay qarşısında hesabat verməlidirlər ki, üç ildə nə edə biliblər. Onlar olmayıbsa, DAK üzvü, qurultay nümayəndəsi olaraq orada çalışan və perspektivdə fayda verə biləcək insanlara dəstək verilməlidir. Bəzi qurumların əlbəttə ki, fəaliyyəti birləşdirilməlidir. İki ildir DAK İcra Aparatının rəhbəriyəm. Bu iki il ərzində 12 tədbiri Azərbaycanda 3 tədbir də xaricdə keçirmişik. Xaricdə daha 7 tədbirdə DAK təmsil olunub. Bundan başqa bir sıra mühüm məsələlərlə bağlı Azərbaycan və xarici mediada yüzə yaxın yazılar, müsahibə, məqalələrlə çıxış etmişəm. Bu hesabatı nəinki qurultaya, Azərbaycan mətbuatı, ictimaiyyətinə verirəm. Bütün bu tədbirlərin keçirilməsində Sabir Rüstəmxanlı bizə hər cür dəstək verib. Daimi Şuraya gəlincə, bu qurumun rəhbəri də qurultayda hesabat verəcək. Mən digərlərinin yerinə danışa bilmərəm.

DAK qurultayında normal dövrdə səsi çıxmayanların səsi DAK qurultayında daha çox çıxır. İl boyu fəaliyyəti olmayanlar qurultay qabağı aktivləşir və qurultayda hər kəsdən daha çox səsləri çıxır. Bunu necə izah etmək olar?

– Ümumiyyətlə, həyatda belə hadisələr çox olur. “Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” kimi atalar misalı var. Müəyyən insanlar həyatda olduğu kimi, üzvü olduğu təşkilatlarda da bir də görürsən heç bir iş görmür. Amma qurultayda böyük iddialarla çıxış edirlər. Strukturun möhkəmlənməsi baxımından qurultaydan sonra DAK-ın fəaliyyətində yeni bir mərhələnin yaranması baş verəcək. Bizdə təşkilat daxili həddən artıq demokratiya var. Bu da bir sıra problemlər yaradır. Görünür, bu məsələyə də baxmaq lazımdır. Bəri başdan sizin vasitənizlə illərdir səsi çıxmayan, amma qurultayda hay-küy qaldıranlara sual verirəm. Söz demək üçün haqqın olacaq. Qurultay nümayəndələri olaraq imkan verməyəcəyik ki, haqqı olmayan, tutduğu vəzifəni lazımınca yerinə yetirməyən, təşkilat üçün bir şey etməyən, nəsə bir məqsəd üçün atılıb düşsün. Nədənsə DAK ətrafında onu parçalanmış, bir-birini həzm edə bilməyən insanların toplaşdığı təşkilat kimi göstərmək istiqamətində məqsədlər olub. Bu da DAK-ın qarşısına qoyduğu müqəddəs ideyaların olması ilə bağlıdır. Onlar bu hədəflərdən yayındırıb, təşkilatı sıradan çıxarmaq istəyirlər. Biz də illərdir onlara qarşı mübarizə aparırıq. DAK sədri olaraq Sabir bəy müraciət etdi ki, kim hara istəyir, seçilsin. Yetər ki, təşkilatı qorumalıyıq. 3-5 nəfərin kənarda özünü DAK elan etməsi məntiqsiz məsələdir. Sadəcə insanlar aldadılır. DAK içinə salınan adamlar tərəfindən müəyyən proseslər aparıldı. Müəyyən dostlarımız da onların səhvinə uydu, amma bu səhvləri başa düşənlər də az deyil. Hər halda qurultaya milli əhval-ruhiyyə ilə gedirik. DAK bu gün də öz sözünü deməkdədir və bundan sonra da daha aktiv şəkildə öz sözünü deyəcək.

Həmçinin oxuyun

“Laçın da işğaldan qurtulsun, mən artıq papağı başıma kişi kimi qoya bilərəm…”

1990-cı il Qanlı 20 Yanvar hadisəsi zamanı şəhid olan İlham Allahverdiyevin (İlham və Fərizə) qardaşı …

Bir cavab yazın