Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Şamaxıda xilas edilən Rusiya vətəndaşlarının adları – Açıqlandı

Şamaxıda xilas edilən Rusiya vətəndaşlarının adları – Açıqlandı

Şamaxıda köməksiz vəziyyətdə qalan əcnəbilər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən APA-ya bildirilib ki, oktyabrın 3-də Şamaxı rayonunun Pirbəhli kəndi yaxınlığında 2 nəfər Rusiya Federasiyası vətəndaşının çətin keçilən dağlıq ərazidə qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Dövlət Dəniz Administrasiyasından məlumat daxil olub.
Nazirliyin gördüyü operativ və təxirəsalınmaz tədbirlər çərçivəsində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən əməliyyat şəraiti öyrənilib, əməliyyat məlumatlarının və xilasetmə qüvvələrinin çevik idarə edilməsi həyata keçirilib, Mülki müdafiə qoşunlarının canlı qüvvəsi və texnikası və Aviasiya dəstəsinin “Ka-32A” helikopteri turistlərin axtarışlarına cəlb edilib.
Axtarış-xilasetmə əməliyyatı nəticəsində turistlərin yeri müəyyənləşdirilib, onların olduğu “Nissan” markalı avtomobil yedəyə alınaraq Şamaxı şəhərinə gətirilib.
Bundan başqa, həmin ərazidə “UAZ” markalı avtomobillə yolda qalmış 3 nəfər yerli sakinə də müvafiq köməklik göstərilib. Əməliyyat oktyabrın 3-də saat 19:10-da başa çatıb.
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda isə bildirilib ki, oktyabrın 3-də saat 11 radələrində Şamaxı rayonunun Pirbəhli kəndinin dağlıq ərazisində Rusiya Federasiyası vətəndaşları olan turistlər – Yuriy Sıvarnik və Olqa Juravlyova havanın yağışlı olması və dağ yolunun yararsız hala düşməsi ilə əlaqədar idarə etdikləri “Nissan Patrol” markalı avtomobildə köməksiz vəziyyətdə qalıblar.
Şamaxı RPŞ və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən dağlıq ərazidə yerləri müəyyənləşdirilib və xilas edilərək, Bakı şəhərinə yola salınıblar.

 

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …