Şənbə , Mart 23 2019
Ana səhifə / Aktual / Salam Sarvandan “Dəhşətli şeir” – Savaşda Janna Darkın saç düzümü necəydi?

Salam Sarvandan “Dəhşətli şeir” – Savaşda Janna Darkın saç düzümü necəydi?

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Salam Sarvan yeni yazdığı 4 şeirini çap olunmaq üçün “Qafqazinfo”ya göndərib. Həmin şeirləri oxuculara təqdim edirik:

DƏHŞƏTLİ ŞEİR

Qırışların arasından

yavaş-yavaş axır qan,

mənsə əlimlə silirəm üz-gözümün tərini.

Nəsə yazıb o dərzi qız

iynəsiylə kürkümə:

oxuyuram sətir-sətir bu tikiş yerlərini.

Yavaş-yavaş axır qan,

get-gedə qızarır dan…

Adamlar göyə açıb boş ovcunu hələ də,

qopur yalvarış dolu dualar dillərindən.

Bir uşaqsa gül tutub

Tanrıya  uzatdığı balaca əllərində.

Yavaş-yavaş çıxır can…

Və heç nəyi olmayan

bu yalqız oğlu yalqız

ayrılıq məqamında götürüb gedir ancaq

yarıyacan çəkdiyi siqarı külqabıdan.

Hə, bu da sonuncu an:

yarat məni, Yaradan.

QOCALAR ÜÇÜN TARİX DƏRSİ

Vaxt var idi, göz yaşı azadlıq simvoluydu:

vaxt var idi, yox idi qulun ağlamaq haqqı.

Nəysə… ruhu şad olsun aldığımız canların.

Heç çoxu içilmədi axıdılan qanların…

Ey bizim əsrimizin gözəllik salonları,

savaşda Janna Darkın saç düzümü necəydi?

Beyrəyin köynəyinin vardı yuyulmağ haqqı?

Döşünə döymədilər qürrələnən igidlər,

döydülər qaragözlü atlarının döşünə…

Sürtülməkdən zay oldu Pikassonun fırçası

Fəzlullah Nəiminin otuz iki dişinə.

Dünyanı anlamaqçün bax o topal Teymurun

axsaq ayaqlarıyla möhtəşəm yerişinə.

Və bu boyda can atma nəvazişə, tumara:

sığal haqqı boydadı bədənin şallağ haqqı.

Göy üzü ərşə qalxan əzablarla doludu.

Yer kəsilib atılmış əzalarla doludu:

Nil çayının sol qolu Babəkin sağ qoludu.

Tökür Kleopatra Ümid burnunun suyun

Lüdovikin üzülmüş Dardanel boğazına.

Bu dünyanın gərdişi pioner şeypuruyla

gör nə gözəl züy tutub Dədə Qorqud sazına.

Bəs oğlum Tural hanı… Qazılıq dağındadı,

gün gələr enər ordan Qazilik dağın tutar.

Savaşların mənası: bu qəsbkar vətənlər

öz oğlun basdırmağa özgə torpağın tutar.

Və tutar bulaq gözün tutulmuş torpağ haqqı.

O hansı ölüm idi – qapısı arxasında

bir kişini atının yəhərində gözlədən?

O hansı çılpaq idi – natəmiz əlləriylə

müqəddəs yerlərini ayıb sayıb gizlədən?

O təkgözlü əncirin necoldu yarpağ haqqı?!

YAZIQ BİR YAZ AXŞAMI

Tıxacdır, aləm donub.

Yol qırağında qadın söykənib süpürgəyə,

ürəyində bağırır bahalı maşınlara:

hara gedirdiz belə?

nə oldu, nə dayandız?

Və Novruz süfrəsində

şax dayanıb yanır şam…

Nisyə aldığı qozu əsəbi əlləriylə

qırır uşaqlarına bir ata həmin axşam.

Sonra baxıb düşünür

qabarlı əllərinin içindəki xətlərə:

ovcundakı qırışlar qoz qabığından qalıb?

PLANA DÜŞƏN EVLƏR

Uzağı üç-dörd aya söküləcək bu evlər

vidalaşmaq istəyir köhnə tanışlarıyla:

könlündən Leysan keçir

sonuncu kəz dammağa.

Zəlzələni istəyir

görüşüb-ayrılmağa.

boyası çat-çat olmuş qapı dodaqlarıyla

son dəfə cırıldaşmaq arzulayır Tufanla.

Amma hələ gələn yox –

gözləri yol arayır…

Oturub, həyətində təzəcə çiçəkləyən

ağaclarını sayır

plana düşən evlər.

Həmçinin oxuyun

Konsulumuz Türkiyədə şantaj edilir? – işə Türkiyə prokurorluğu qarışdı – Fotofakt

Azərbaycan dövlətinin Türkiyənin Qars şəhərindəki Baş Konsulu Nuru Quliyev Əsassiz Erməni İddiaları ilə Mücadilə Dərnəyinin …