Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Aktual / Sahib Kərimli: “ADP Sərdar Cəlaloğlunun şəxsi şirkətidir”

Sahib Kərimli: “ADP Sərdar Cəlaloğlunun şəxsi şirkətidir”

AXCP sədri Əli Kərimlinin keçmiş müşaviri Sahib Kərimli ilə müxalifət təmsilçiləri arasında son günlərdə yaranan qalmaqal səngimək bilmir. Sabiq partiya funksionerinin 15 sentyabrda Bakının işğaldan azad olunmasının yüz illiyi ilə bağlı paytaxtımızda keçirilən hərbi paraddan sonra facebook profilində paylaşdığı status ətrafında yaranan qovğa səngimir.

S.Kərimlinin Ə.Kərimli başda olmaqla ənənəvi müxalifət liderlərini istefaya çağırmasına ADP sədri Sərdar Cəlaloğlunun “Yeni Müsavat”da verdiyi cavab gərginliyi bir az da artırıb.

ADP sədri AXCP-nin sabiq müşavirinin istefa tələbini səsləndirməyə siyasi çəkisinin çatmadığını bildirib. Partiya sədrinin əsas diqqətçəkən fikirləri bunlardır: “Müxalifət kimi qarşımıza qoyduğumuz məqsədlərin bir hissəsini yerinə yetirə bilməmişik. Onun da obyektiv və subyektiv səbəbləri var. Bunun subyektiv səbəblərindən biri də Azərbaycan xalq hərəkatında və sonrakı dönəmdə Sahib Kərimli kimi savadsız, əqidəsini, mövqeyini dəyişən insanların çox olmasıdır. O zaman zahirən göründü ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası iqtidara yaxındır, həmin vaxt Sahib Kərimli Şəkidən gəlib Bakıda mitinqlər aparırdı. Amma indi AXCP-nin şansları bir qədər az görünür, mövqeyini, cəbhəsini dəyişib, Sahib Kərimli hərəkətə keçərək Əli Kərimlinin, İsa Qəmbərin və Sərdar Cəlaloğlunun istefasını tələb edir”.

Sahib Kərimli Sərdar ile ilgili görsel sonucu

Sahib Kərimli də öz növbəsində facebook profilində ADP sədrinə yönəlik status paylaşıb. “Yeni Müsavat” olaraq ona cavab haqqı tanıdaraq həmin statusu təqdim edirik: “Bir həftə qabaq bir status yazmışdım. Bu gün xəbər tutmuşam ki, “Yeni Müsavat” qəzeti yazdıqlarımla bağlı Sərdar Cəlaloğlundan mövqe öyrənib, o da məni aşağılayıb. Deyib ki, Sahib Kərimlinin məni istefaya çağırmağa səviyyəsi çatmaz. Statusda vurğulamaq istədiyim fikir bundan ibarət idi ki, xalq hərəkatından doğulan, ictimai mülkiyyət hesab edilən, milli siyasətdə brendləşən cəbhəçilik və müsavatçılıq Türkiyə tərəfindən də ciddiyə alınmır. Fərd olaraq əsas hədəfim – avtoritar idarəetməyə və uğursuzluğa görə Əli Kərimli idi. Müsavat Partiyasına, partiyadaxili demokratiya vərdişlərinə, nizamnaməyə bir şəxsin iki dəfədən çox sədr seçilməsini əngəlləyən qaydanı əlavə etdiyinə və sədr yenilənməsinə görə bu tənqiddən çox az pay düşür. Baxmayaraq ki, müsavatçı dostlar statusa daha çox aqressiv rəylər yazdılar.

Xalq hərəkatından doğulan, konkret heç bir siyasi fərdin iradəsindən formalaşmayan, milli siyasətin brendi hesab edilən partiyalar dedikdə AXCP və Müsavat nəzərdə tutulduğu üçün ikincini ayırmadım.

ADP hərəkatdan doğulmayıb, ADP-çilik brendləşməyib, partiya Sərdar bəyin şəxsi mülkiyyəti kimi bir şeydir. ADP Sərdar bəyin şəxsi iradəsi ilə yaranmış şirkət-partiyadır. Zamanında Rəsul Quliyevi puluna görə, İlyas İsmayılovu adına görə şirkət-partiyaya ortaq etməsi də buna sübutdur.

16 yaşımdan fəaliyyət göstərdiyim təşkilatda sədrlik iddiama, seçkili post uğrunda yarışa qatılmağıma xəyanət damğası vurmaq Azərbaycan Demokrat Partiyasının (şirkətinin) sədri Sərdar bəyin “demokratlığının” göstəricisidir.

15000 -lik partiyanın 1500 kv.m- ik qərargahında 15 nəfərlə qalıb, 1500 səhifəlik “Tərəqqinin Metafizikası” əsərini yazmaq və bunu ictimailəşdirmək, Eynşteyinin elmi qələtini düzəltməkdən də böyük qələtdir.

Kosmik Dəyişmələr nəzəriyyənizə görə Nobeli bəlkə də, dediyiniz kimi, 30 il sonra sizə verdilər. Çünki elm elə inkişaf edir ki, normal ağıl onu qavraya bilmir. İddialar var ki, elmin hətta indiki yeniliklərini müasir insana təqdim etsən dəli olar. Başqa bir deyim də var ki, göydəki işığı ilk olaraq dəlilər görər. Buna bir sözümüz yoxdur, əlimizdə nəzəriyyənizi çürüdəcək material çatmır. 30 il sonra kim qalacaq və ya kim sizdən hesab soracaq ki? 30 ildir etdiklərinizdən hesab soran olmadığı və ya qalmadığı kimi. Amma ərəb dilini bilmədən Qurana təfsir yazmaq, fars dilini bilmədən Füzuliyə hücum etmək, onu kafir çıxarmaq qəssabın patoloqanotomluğudur.

Gözünüzü yumub, dilinizin acı sözlərini boşaltmısız. Dildən söz düşmüşkən, elmin baş vurmadığınız sahəsi qalmayıb, iddia edirsiniz ki, dil faktının bütün mərhələlərini bir nəzəriyyə ilə izah edirəm, qrammatikanı, leksikologiyanı, fonetikanı birləşdirmişəm. Ondan əvvəl gərək nitqinizi düzgün qurmağı, fikrinizi aydın və mədəni ifadə etməyi öyrənəydiz, bəy. Qrammatikanı öyrənməmiş hara birləşdirmisiz? Fonetika dilçiliyin danışıq səslərindən bəhs edən bölməsidir. Siz danışanda səsiniz adamın beyninə düşür. Bəlkə elə buna görə o bölməni də birləşdirmisiz.

Sözün leksik mənasında böyük səhv etmisiz, bəy. Sözün də çoxlu leksik mənaları olur, bunu, hər halda, bilirsiz”.

Həmçinin oxuyun

“Nar” 4G istifadəçilərinin sayı 700 minə çatıb

Ölkənin ən geniş 4G şəbəkələrindən birinə malik olan “Nar”ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır. Son bir …