Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Aktual / Şahdağ Turizm Mərkəzi ilə bağlı yeni planlar açıqlandı- FOTOLAR

Şahdağ Turizm Mərkəzi ilə bağlı yeni planlar açıqlandı- FOTOLAR

Dekabrın 26-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün “Şahdağ” Turizm Mərkəzinə press-tur təşkil olunub. 

Musavat.com xəbər verir ki, ölkədə qış mövsümünün açılışı ilə əlaqədar təşkil olunan press-turun əsas məqsədi “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, mövsüm ərzində turistlərə göstəriləcək xidmətlər haqqında ictimaiyyəti məlumatlandırmaqdır.

Press-tur çərçivəsində media nümayəndələri “Şahdağ” Turizm Mərkəzindəki hotellər və digər turizm obyektləri ilə tanış olub, yaradılan infrastruktur, turizm və xidmət obyektlərinin fəaliyyəti, gələcək planlar haqqında ətraflı məlumat alıblar.

Səfər zamanı mətbuat nümayəndələri üçün təqdimat keçirilib, “Şahdağ Turizm Mərkəzi” QSC-nin sədri Rodderix Mark Lefflerlə müsahibə təşkil edilib.

Sədr bildirib ki, Şahdağ Turizm Mərkəzini inkişaf etdirmək əsas vəzifələrdəndir. O, qeyd ki, turizm mərkəzini inkişaf etdirmək üçün 2 əsas məqsəd qarşıya qoyulub. “Birinci məqsədimiz mərkəzi çox gözəl əyləncə, turizm mərkəzinə çevirməkdir. İkinci məqsədimiz Azərbaycanın bu gözəl hissəsinə daha çox turist cəlb etmək və buranı inkişaf elətdirməkdir.
Burada bir çox əyləncələrimiz və yeniliklərimiz var. Yaxın vaxtlarda gecə klubu və kinoteatr olacaq. Qeyri-xizək əyləncə xidmətləri genişləndiriləcək”.

Rodderix Mark Leffler bildirib ki, kompleksə yay mövsümündə turistləri cəlb etmək niyyətindədirlər: “Kompleksin il ərzində fəaliyyət göstərməsini istəyirik. Bununla buradakı insanların məşğulluğuna da öz töhfəmizi verəcəyik”.

Sədr həmçinin qeyd edib ki, Şahdağ Turizm Kompleksində hazırda qonaqların daha çoxu azərbaycanlılardır:
“Lakin burada Körfəz ölkələrindən də turistlər çoxdur. Rusiya və digər ölkələrdən də qonaqlarımız var. Qış fəsli yeni başlayıb, həftə sonundan başlayaraq xarici qonaqların sayının artacağına ümid edirik. Beləliklə yerli və xarici qonaqların arasında balans yaranacaq.

Hazırda otellərdə rezervasiyaların sayı çoxdur. Son anda satış çox olur. Bu isə qardan çox asılıdır. Qar hazırda azdır. Qar yağanda turistlərin sayı da çoxalacaq”.

Sədr həmçinin yeni il şənliklərinin qiymətlərinə də toxunub:
“Yeni il gecəsi bayram şənlikləri 4 oteldən 3-də var. “Pik Palace” otelində xalq şəraitlərinin iştirakı ilə yeni il bayramı olduğu üçün orada qiymətlər nisbətən yuxarıdır. Lakin digər otellərdə qiymətlər əlçatandır”.

Rodderix Mark Leffler qeyd edib ki, süni qar, sürüşmə zolaqlarının düzgün vəziyyətdə qalması üçün istifadə olunur: “Bu mərkəzdə süni qardan çox istifadə olunmur. Hava şəraiti imkan verdikdə təbii qardan da istifadə edirik. Yer səthi soyuq olduğu üçün qar çox qalır və süni qardan çox istifadə olunmur, nəticədə maliyyə də çox sərf edilmir”.

Daha sonra jurnalistlərə məlumat verən Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib ki, Gürcüstanda turizm xidmətlərinin qiymətlər Azərbaycanla eynidir: “Lakin azərbaycanlılar Gürcüstanda az xidmət göstərən obyektləri, az ulduzlu otelləri, Azərbaycanda çox xidmət göstərən otellərdə müqayisə edirlər. Məsələn, Gürcüstanda şahdağ səviyyəsində xidmət göstərən kompleks yoxdur. Turizm sahəsində sağlam rəqabət mühitinin yaradılması əsas məqsəddir. Bazar tələblərinə uyğun rəqabət formalaşmasını istəyirik. Özəl sektora tövsiyyə edirik ki, xidmət yaradanda investisiyanı bir mövsümdə geri qaytarmağa çalışmasınlar, bu sərmayələr uzun müddətli olmalıdır”.

K. Quluzadə qeyd edib ki, turizm sənayesi yeni formalaşmağa başlayır: “Azərbaycanda bahalı turizm infrastukturu yaradılıb. Priotet kimi orta və az büdcəli turizmin də yaradılması nəzərdə tutulur ki, yerli və xarici turistlər öz büdcələrinə uyğun istirahət edə bilsinlər. Çeşidin və xidmətlərin sayı az ola bilər, amma xidmətlərin səviyyəsi aşağı ola bilməz”.

Onu da qeyd edək ki, tur çərçivəsində media işçiləri üçün xizək məktəbinin təlimçiləri tərəfindən xizək dərsləri təşkil olunub. Onlar xüsusi xizək geyimi və ləvazimatları ilə təmin olunublar. Təlim zamanı xizəkdən istifadə qaydaları, xizək sürmənin asan və təhlükəsiz yolları öyrədilib, xizək eniş və yamacları barəsində məlumat verilib.

 

Həmçinin oxuyun

“Şəhidlərə qarşı olan bu biganəlik, cəmiyyətə qarşı biganəlik kimi qəbul olunur” – AMİP

Azərbaycan Milli İstiqlal Partiyasının Bəyanat yayıb. Bəyanatda deyilir: “Artıq bir müddətdir ki, övladlarının şəhərdən çox …