Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “SAĞLAM AİLƏ” KLİNİKASINDA XƏSTƏYƏ YALAN “SPİD” DİAQNOZU QOYUBLAR – RƏZALƏT

“SAĞLAM AİLƏ” KLİNİKASINDA XƏSTƏYƏ YALAN “SPİD” DİAQNOZU QOYUBLAR – RƏZALƏT

Leyla Əskərova nazir  Oqtay Şirəliyevdən həkim Cəlalə İlyasovanın cəzalandırılmasını istəyir

Redaksiyamıza həkimlərin kobud səhvi nəticəsində barəsində yalan diaqnoz qoyulan Sumqayıt şəhər sakini  Leyla Əskərova adlı vətəndaş müraciət edib. Leyla xanımla etdiyimiz söhbət zamanı gördük ki, şikayətçi xanım həkimlərin onun barəsində qoyduqları yalan diaqnozun şokundan hələ də ayıla bilməyib. Leyla xanıma adının anonim saxlanması şərtilə müraciətinin sayta yerləşdiriləcəyinə dair  söz verdik. Çünki adətən bir azdan söz açacağımız xəstəliyə yoluxanlar və adı həmin mövzuda hallananlar adlarının anonim qalmasını istəyirlər. Ancaq Leyla xanım onun tərəfindən təqdim olunan şikayətin açıq mətnlə işıqlandırmasını istədi. Azinforum.az saytı olaraq Leyla Əskərovanın başına açılan müsibətlərə həsr etdiyi şikayətin mətnini  olduğu kimi təqdim edirik:

“Mən Əsgərova Leyla Sumqayıt sakiniyəm bir övladım var. Təkrar ana olmaq arzusundayam. Hamiləlikdən öncə,  sağlam hamiləlik arzusu ilə bədənimdə virusların olub -olmadığını yoxlatdırmaq üçün Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanın yanında yerləşən ” Sağlam Ailə” Klinikasına müsraciət etdim. 17.04.2015-ci il tarixdə 196 manat ödəyərək sağlam hamiləlik üçün lazım olan bütün analizləri verdim və bir gün sonra, cavabı  almaq üçün klinikanın qəbul şöbəsinə yaxınlaşdım. Qəbul şöbəsindən 11-ci kabinetə keçib klinikanın baş laboratoriya həkimi Cəlalə İlyasovaya yaxınlaşmağımın lazım olduğunu  bildirdilər. Həmin kabinetə yaxınlaşdım, Cəlalə xanım məni orda gözləyirdi. Mən onun şübhəli nəzərlərini və hərəkətlərini görüb,” analizlərimdə nəsə pis şey çıxıb?”- deyə soruşdum.O, çox əmin şəkildə kompüterə baxıb “xanım sizin qanınızda “Spid” aşkarlanıb”-dedi.spid

Eşitdiklərimdən şoka düşdüm.Həmin an bütün dünya başıma fırlandı. Həkim bu cür xəstələrin qeydiyyata götürülməsi anket blankını doldurmaq üçün mənə təqdim etdi.O an nələr keçirdiyimi mən və Allahımdan başqa heç kim bilmədi.Vəziyyət o yerə çatdı ki, mən nəinki  təqdim olunan blankı doldurmaq,  hətta öz əlaqə nömrəmi və yaşadığım ünvanı belə xatırlamadım.Bunu görən Cəlalə xanım mənim evə getməyimi  və səhəri gün klinikaya müraciət edib həmin  anket blankı doldurmağı məsləhət gördü . Yalnız blankı doldurduqdan sonra analizimin nəticələrini götürə bələcəyimi dedi.Təsəvvür edin, həmin vəziyyətdə evimə necə qayıtdığımı  xatırlamıram.Əlbəttə, bütün bu olanları ailəmdən gizlədə bilməzdim.Evə çatar – çatmaz bütün bu yaşadıqlarımı ailə üzvlərimlə bölüşdüm. Sinəsində şəhid oğlunun və başqa cavan qardaşımın dağını gəzdirən anama yeni dərd verdim. Həmin gün ailəmdə yeni bir hüzn günü yaşandı.Anam və həyat yoldaşım başımıza gələn növbəti bədbəxt hadisənin şokuna düşdülər. Onlar  nə edəcəklərini belə bilmədilər.

Yaşadığım bu hadisəni yaxin bir qohumumla da bölüşdüm. O, mənə məsləhət gördü ki, başqa yerdə  təkrar analizlər verim. 20.04.2015-ci il tarixdə iki ayrı klinikada- Sumqayıt şəhərində yerləşən bir özəl tibb mərkəzində və Sumqayıt şəhər QİÇS-lə mübarizə mərkəzində təkrar olaraq analiz verdim. Elə həmin gün də, “Sağlam Ailə” Klinikasına   “çox vacib və lazımi anket”i doldurmağa getdik. Klinikaya girəndə qəbul şöbəsində işləyən xanımların məni qeyri-adi baxışlarla qarşılamalarından heyrətləndim. Başa düşdüm ki, anonim olması lazım olan məlumatı bütün klinikaya yayıblar. Həkim  Cəlalə xanımın kabinetinə keçdik. Cəlalə xanım mənə danışdıqlarını yoldaşıma da danışdı və üzünü mənə tutaraq  bu  sözləri dedi: “Sən çox şanslısan ki, sənin bir övladın var və həyat yoldaşın sənə dəstək olur. Belə bir hadisənin şahidi olmuşdum, 5 aylıq yeni ailə həyatı qurmuş qadında da bu virus aşkarlanmışdı. Bunu eşidən həyat yoldaşı 4 aylıq dölü tələf etdirdi və 5 aylıq ailəsini dağıdaraq həyat yoldaşını boşadı”. Bu bir növ mənim yoldaşıma da yol göstərmək idi. Hətta Cəlalə xanım yoldaşıma mənimlə  münasibətdə olanda necə  və hansı vasitələrlə qorunmağı belə məsləhət gördü.Bu söhbət əsnasında mən elə bu gün iki ayrı klinikada təkrar olaraq analiz verdiyimi bildirdim və qollarımı açıb analiz izini göstərdim. Cəlalə xanım bunu eşidən kimi özünü itirdi və analizlərin haralarda verildiyini bilmədən, cavablar alınmadan onsuz da  nəticələrin səhv olacağını iddia etdi. Təkidlə Bakıdakı QİÇS-lə mübarizə mərkəzində hansısa Dilşad xanımla görüşməyimizi məsləhət gördü. Maraqlıdır ki, Sumqayıt şəhərində də həmin mərkəzin filialı yerləşdiyi halda o, israrla bizi Bakıya göndərmək istəyirdi. Dilşad xanımın əlaqə nömrəsini yoldaşıma təqdim etdi.

Evə qayıtdıqdan sonra, Dilşad xanımla əlaqə saxladıq. Gördük ki, o , artıq mənim haqqımda məlumatlıdı.Maraqlıdır ki , Dilşad xanım bizi QİÇS-lə mübarizə mərkəzində deyil, təcili olaraq “Semaşko “ xəstəxanasında onunla görüşməyimizi istədi.Təbii ki, biz digər  iki klinikada verdiyimiz analizlərin nəticəsini almadan Dilşad xanımla görüşə getmədik. 21.04.2015-ci il tarixdə verdiyim analizlərin nəticələrini almaq üçün klinikalara getdik. Yuxarıda adını qeyd etdiyim hər iki klinikadan verilən nəticələrdə mənim HİV virusu daşımadığım açıq – aşkar göstərilmişdi.Nəticələrdən tam əmin olduqdan sonra ,  yenidən “Sağlam Ailə”  Klinikasına  qayıtdım. Onların etdikləri analizin nəticələrinin səhv olduğunu sübuta yetirib haqqım olanı,  yəni yalnış analiz nəticəsinə ödədiyim pulu geri tələb etdim.Cəlalə xanım isə bu mövzuya heç bir aidiyyəti olmayan Dilşad xanımın Bakıdan gəlməsini gözləməyimi istədi. Dilşad xanım gəldikdən sonra, “Sağlam Ailə ” Klinikasında verdiyim  analizə baxıb nəticəsinin heç də, Cəlalə xanımın mənə dediyi kimi olmadığını bildirdi. Məndən , Cəlalə xanımı bağışlamağımı istədi.Görəsən, nəticədən əmin olmadan, bu cür ciddi və ağır xəstəliyin diaqnozunu qoyan, mənə və ailəmə maddi və mənəvi ziyan vuran bir insanı bağışlamağa dəyərmi?

Səhv analiz nəticəsi bir insanın həyatını necə dağıtdığını, bu hissin necə bir hiss olduğunu heç kim anlaya bilməz . Bunu yaşayan bilər. Bir yalnışlıq ucbatından yaşadıqlarımı heç kimin yaşamasını arzulamıram. Mən nazir Oqtay Şirliyevə müraciət edirəm. Ondan Cəlalə həkmin cəzalandırmasını və ailəmə vurulan maddi və mənəvi ziyanın ödənilməsini tələb edirəm”.

Azinforum.az olaraq qeyd edirik ki, şikayətçinin barəsində söz açdığı bütün analizlərin nəticəsini əks etdirən sənədlər redaksiyaya təqdim olunub.

Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dinləməyə hazırıq.

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın