Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Aktual / “Sadəlik onun həyat tərzi idi” – Akademik mərhum nazirdən yazdı

“Sadəlik onun həyat tərzi idi” – Akademik mərhum nazirdən yazdı

“Yaşasaydı, bu gün 70 yaşı tamam olacaqdı”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə mərhum Energetika naziri Natiq Əliyev haqda yazıb. O, öz məqaləsində qeyd edib ki, bu il iyunun 9-da həyatdan getmiş Natiq Əliyev müstəqil Azərbaycanın neft-qaz strategiyasının uğurla həyata keçirilməsinin fəal iştirakçılarından biri idi. “Natiq Əliyevi təkcə Azərbaycanda deyil, Türkiyədən, Rusiyadan ABŞ-a, Böyük Britaniyaya qədər dünyanın bir çox ölkələrində də yaxşı tanıyırdılar. Onun adı Azərbaycan nefti, “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, məşhur “Şahdəniz” layihəsi ilə qırılmaz surətdə bağlıdır. O, bilikli neft mütəxəssisi idi, neft işinin bacarıqlı təşkilatçısı, Azərbaycanın neft-qaz strategiyasının əsas simalarından biri kimi tanınmışdı.

Onunla ilk görüşümü bu gün də yaxşı xatırlayıram. 1970-ci il idi. O vaxt “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyi baş direktorunun müavini-baş geoloq vəzifəsində çalışırdım. Bu birlik elə həmin il yaradılmışdı. SSRİ Neft Sənayesi Nazirliyi İranla sərhəddən başlayaraq, Xəzər dənizinin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar işlərinin və digər işlərin görülməsini bizə – Azərbaycan neftçilərinə həvalə etmişdi. Qarşımızda dənizin özü boyda geniş bir fəaliyyət meydanı açılmışdı. Buna görə də bizim neftçi peşəsini qəlbən sevən bilikli və cəsarətli gənc mütəxəssislərə ehtiyacımız var idi.

Günlərin birində mənə dedilər ki, Neft və Kimya İnstitutunun istedadlı məzunlarından biri əmək fəaliyyətinə bizim birlikdə başlamaq istəyir. İxtisasını soruşdum, cavab verdilər ki, mühəndis-geoloqdur. Dedim, çağırın, gəlsin, tanış olaq, görək biliyi, bacarığı necədir. Gəldi, söhbət etdik. Gördüm ki, kifayət qədər bilikli, savadlı və diribaş oğlandır. Xeyir-dua verib onu “Azərdənizneftkəşfiyyat” trestinin Kompleks Dəniz Geoloji-Kəşfiyyat Kontoruna göndərdim. O vaxt heç ağlıma da gəlməzdi ki, illər ötəcək və həmin bu gənc mühəndis-geoloq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti, daha sonra ölkənin energetika naziri olacaq, görkəmli dövlət xadimi kimi tanınacaq.

Heydər Əliyev 1993-cü il avqustun 9-da Natiq Əliyevə böyük etimad göstərərək onu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin etdi.

Bu dövrdə Azərbaycan neftinin taleyi ilə bağlı işlərin ağırlığı SOCAR-ın prezidenti kimi Natiq Əliyevin üzərinə düşdü.

Azərbaycan Prezidentinin sərəncamı ilə “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənilməsi üzrə tender elan olundu. 1994-cü ilin martında Bakıda xarici şirkətlərlə danışıqlara başlandı. Sonra danışıqlar Türkiyənin İstanbul şəhərində davam etdirildi. Danışıqların həlledici mərhələsi isə ABŞ-ın Hyüston şəhərində oldu.

Danışıqlar çox gərgin keçirdi. Bəzən iş o həddə gəlib çatırdı ki, ya tərəfdaşlarımız, ya da biz acıq edib, danışıqlar zalını tərk edirdik. Lakin nəticə uğurlu oldu. Natiq Əliyevin rəhbərlik etdiyi mütəxəssislər qrupu üzvlərinin – o vaxt SOCAR-ın xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin, şirkətin xarici sərmayələr idarəsinin rəisi Valeh Ələsgərovun, SOCAR-ın digər əməkdaşlarının və mənim iştirakımla bir ay yarım davam edən danışıqlarda Azərbaycan tərəfi öz milli maraqlarının təmin edilməsinə nail oldu. Nəhayət, 1994-cü il sentyabrın 20-də AÇG yataqlarının birgə işlənilməsi və Hasilatın Pay Bölgüsü haqqında sonralar dünyanın müasir neft tarixinə “ Əsrin müqaviləsi “ kimi düşmüş məşhur saziş imzalandı. Bu sazişlə də Azərbaycan özünün yeni inkişaf dövrünə qədəm qoydu.

O, daim sadə, səmimi və mehriban bir insan kimi xatirələrdə qalacaq. Sadəlik onun həyat tərzi idi. Natiq Əliyevi tanıyanların qəlbində o həmişə bu cür də yaşayacaq”.

Həmçinin oxuyun

Bərdəyə raketin düşdüyü yerdən – Fotolar

Xəbər verdiyimiz kimi, Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla …